Avropa liderlərinin Parisdə keçirilən fövqəladə sammitindən sonra Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukraynada sülh etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.
Modern.az xəbər verir ki, sədri Ursula fon der Leyen özünün X sosial şəbəkəsində yazıb:
“Bu gün Parisdə Ukraynanın dayanıqlı sülhə layiq olduğunu təsdiq etdik. Müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə hörmət edən, etibarlı təhlükəsizlik zəmanəti olan sülh”.
O, həmçinin əlavə edib ki, “Avropa Ukraynaya hərbi dəstək üçün üzərinə düşəm payı tam şəkildə daşıyır”.
Ursula fon der Leyen qeyd edib ki, Avropa İttifaqı öz müdafiəsini gücləndirməlidir.
“Almaniya Rusiyanın təcavüzünə qarşı Ukraynanı müdafiə etməkdə davam edəcək. Bununla belə, sülhməramlıların göndərilməsi haqqında danışmaq çox tezdir”.
Bunu isə sammitdən sonra Almaniya kansleri Olaf Şolts deyib.
Almaniya hökumətinin başçısı Parisdə Ukrayna ilə bağlı “fövqəladə sammit”də iştirak etdikdən sonra jurnalistlərə bir neçə şərh verib.
"Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik və Ukrayna bizə güvənə bilər", - kansler vurğulayıb.
O, həmçinin qeyd edib ki, o, Ukrayna ilə bağlı “sülh sazişi”nə məcbur edilmənin əleyhinədir. Bir ölkə “ona təqdim olunan hər şeyi qəbul edə bilməz”.
Eyni zamanda, kanslerin sözlərinə görə, o, Avropa sülhməramlılarının Ukraynaya mümkün göndərilməsi mövzusundan artıq “bir az qıcıqlanıb” və o, bunu “son dərəcə yersiz” hesab edir.
Almaniya hökumətinin başçısı hesab edir ki, “sülh vaxtı hələ gəlməyib” və Ukrayna hələ də “amansız müharibənin mərkəzindədir”.
O, həmçinin vurğulayıb ki, məsuliyyəti Avropa və ABŞ arasında bölmək olmaz. Onun sözlərinə görə, Qərb kollektiv təhlükəsizlik maraqları çərçivəsində birgə hərəkət etməlidir.
Xatırladaq ki, Parrisdə keçirlən dünənki toplantıda Fransa, Britaniya, Almaniya, İtaliya, İspaniya, Danimarka, Polşa, Hollandiya liderləri, həmçinin NATO və Avropa İttifaqının rəhbərləri iştirak ediblər.
Avropa liderləri Tramp administrasiyasının Avropanın iştirakı olmadan Moskva ilə danışıqlar aparmaq planlarına qarşı nə edəcəklərini müzakirə ediblər. İclasdan sonra konkret qərarlar açıqlanmayıb, lakin Aİ və NATO-nun müdafiə sahəsinə daha çox sərmayə qoymağın və Kiyevə etibarlı təhlükəsizlik təminatlarının verilməsinin vacibliyi bəyan edilib.
Parisdə görüşü təşkil edən Fransa prezidenti Emmanuel Makron da sammitdən sonra eyni şeydən danışıb. Onun sözlərinə görə, avropalılar indi və gələcəkdə müdafiəyə "daha yaxşı, daha çox və birlikdə" sərmayə qoymalıdırlar.
O, həmçinin Parisdəki danışıqlardan sonra ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenskiyə zəng etdiyini bildirib.
“Biz Ukraynada güclü və davamlı sülhə çalışırıq. Bunun üçün Rusiya təcavüzünü dayandırmalı və bu, ukraynalılar üçün güclü və etibarlı təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır. Əks halda, bu atəşkəsin Minsk razılaşmaları kimi başa çatması riski var”, - deyə Fransa lideri əlavə edib.
Böyük Britaniyanın baş naziri Keir Starmer Paris sammitindən sonra ABŞ prezidenti Donald Trampla “uzunmüddətli sülhün əsas elementlərini” müzakirə etmək üçün gələn həftə ABŞ-a gedəcəyini bildirib.
Starmer yaxın günlərdə Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışacağını və bundan sonra Avropa liderlərinin daha bir görüş keçirməsinin gözlənildiyini bildirib.
O vurğulayıb ki, istənilən sülh sazişi ABŞ tərəfindən təmin edilməlidir. "ABŞ-ın təhlükəsizlik zəmanətləri Rusiyanı yenidən Ukraynaya hücumdan çəkindirmək üçün yeganə təsirli yoldur", - Britaniyanın baş naziri deyib.
Starmer həmçinin uzunmüddətli sülh razılaşması əldə olunarsa, Britaniya qoşunlarını Ukraynaya yerləşdirməyi nəzərdən keçirəcəyini təkrarlayıb.