Modern.az

İlham Əliyev Gəncə şəhərində açılış mərasimlərinə gedib - FOTOLAR

İlham Əliyev Gəncə şəhərində açılış mərasimlərinə gedib - FOTOLAR

Təhsil

21 Yanvar 2014, 18:34

Yanvarın 21-də Prezident İlham Əliyev Gəncə şəhərinə gedib. Prezident Heydər Əliyev park–kompleksinin, Heydər Əliyev Mərkəzinin və bir sıra iqtisadi və sosial təyinatlı müəssisələrin açılışında iştirak edib.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Prezident İlham Əliyevə Heydər Əliyev Parkında aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib.

Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Ölkə başçısı mərkəzin açılışı münasibətilə təbriklərini çatdırıb, Azərbaycanın digər bölgələri kimi, Gəncənin də abadlaşdığını, daha da gözəlləşdiyini bildirib.
Gəncə ictimaiyyətinin nümayəndələri şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına həmyerlilərinin ən xoş arzularını çatdırıblar.
Prezident Heydər Əliyev Mərkəzinin həyətində ağac əkib.

İlham Əliyev Gəncə Olimpiya Parkının təməlqoyma mərasimində də iştirak edib.
Dövlət başçısına Olimpiya Parkının eskiz layihəsi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Olimpiya Parkı Beynəlxalq Olimpiya Komitəsinin standartlarına tam cavab verəcək.
Prezident İlham Əliyev Gəncə Olimpiya Parkının təməlini qoyub.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə inşa olunmuş Məhsəti Gəncəvi Mərkəzinin açılışına da qatılıb.

Sonra dövlət başçısı Gəncədə 1500 məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış məhəlləsinə gedib. Prezident İlham Əliyev əvvəlcə Kəlbəcər Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan binada işçilərin rahat fəaliyyəti üçün bütün tələblər nəzərə alınıb.
Dövlət başçısı Kəlbəcər rayonundan məcburi köçkün Ofelya Məmmədovanın evində yaradılan şəraitlə tanış olub.
Hərtərəfli şəraitə malik yeni mənzilə köçmələri münasibətilə Ofelya Məmmədovanın ailəsini təbrik edən Prezident İlham Əliyev ötən 10 ildə 170 min məcburi köçkünün belə mənzillərlə təmin edildiyini vurğulayıb.
Məcburi köçkün Ofelya Məmmədova onlara göstərilən hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıb, dövlət siyasətinə dəstəyini əsirgəməyən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın silsilə xidmətlərini xüsusi qeyd edib.

Daha sonra Prezident İlham Əliyev Nizami Gəncəvi Muzeyinin açılışında iştirak edib.

İlham Əliyev “DET AL” Alüminium MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışı mərasiminə də qatılıb. Dövlətimizin başçısı müəssisənin istehsal sahəsini işə salıb.

Prezident  Gəncə Qala qapıları – Arxeologiya və Etnoqrafiya Muzeyi abidə kompleksi ilə də tanış olub. Yeni yaradılan bu abidə şəhərin “Məqbərə qapısı” adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən qalanın qarşısında dövlət bayrağı ucaldılıb, ətrafında park salınıb. Kompleksdə xronoloji ardıcıllıqla tarixi hadisələr əks olunub. Kompleksə xüsusi əzəmət verən dəmir darvazalar quraşdırılıb. Burada Gəncənin hərb tarixi və etnoqrafik muzeyləri yaradılıb.

İlham Əliyev daha sonra Gəncə dairəvi avtomobil yolunun açılışda iştirak edib.

Dövlət başçısı Gəncə “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub. Prezident “ASAN xidmət”in əməkdaşları ilə görüşüb.

İlham Əliyev Gəncə Dövlət Filarmoniyasında aparılan inşaat işləri ilə tanış olub.
Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Prezident daha sonra “VEGO” otelinə gedib. Otellə tanış olan dövlət başçısına məlumat verilib  ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcək.














Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB