Mayın 14-dən 16-dək Qazaxıstanın Almatı şəhərində TRANS-ASİYA Parlament Forumunun ilkin proqram layihəsi çərçivəsində “ATƏT-in Avrasiya ölçüsü” adlı forum keçirilib. Forumda ölkəmizi Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Fəttah Heydərov və Rəbiyyət Aslanova təmsil edib. Bu forumun əhəmiyyəti, orada hansı məsələlərin müzakirə edildiyini öyrənmək üçün nümayəndə heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovla əlaqə saxladıq.
- Eldar müəllim, forumda hansı məsələlər müzakirə olundu?
- Mən əsasən özüm iştirak etdiyim sessiya barədə məlumat vermək istərdim. Burada əsasən iqtisadi inkişaf, ticarət, resurslarının idarə edilməsi və ətraf mühitlə bağlı narahatlıqlar müzakirə edildi. Mən bildirdim ki, 2009-cu il qlobal iqtisadi böhran üzündən bütün dünya ölkələri üçün sınaq ili oldu. Sonra da əlavə etdim ki, indi əsas məsələ dövlətlərin böhrandan necə çıxması məsələsidir. Eyni zamanda böhranla bağlı ölkəmiz barədə bəzi məlumatları verdim. Qeyd etdim ki, effektiv maliyyə və iqtisadi siyasətinə görə bu çətin ildə Azərbaycan iqtisadiyyatı nəinki böhranın təsirlərinə davam gətirdi, hətta 9,3 faiz səviyyəsində artıma da nail oldu. Bu, neft hasilatının artması, həm də xidmət sferası, kənd təsərrüfatı sahəsindəki davamlı artım hesabına təmin olunub.
Bilirsiniz, regionun aparıcı iqtisadi mərkəzi kimi Azərbaycan siyasi və iqtisadi cəhətdən Avropa strukturlarına inteqrasiya olub. Tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycanda çıxarılan qaz Ermənistan istisna olmaqla qonşu ölkələrin hamısına, həmçinin Türkiyə və Yunanıstana verilir. Azərbaycan nefti isə dünyanın bir çox ölkələrinə ötürülür. Bununla da Azərbaycan bütün ATƏT məkanında energetik təhlükəsizliyin təminatı məsələsinə öz töhfəsini vermiş olur.
- Ticarət sahəsinə dair müzakirələrdə Azərbaycanla bağlı nədən danışdınız?
- Ölkəmiz beynəlxalq ticarətin genişlənməsi və Ümumdünya Ticarət Təşkilatına daxil olmağa böyük önəm verir. Hazırda bu haqda bəzi ölkələrlə razılıq protokolları imzalanıb və digər maraqlı dövlətlərlə də danışıqlar aparılır. 2009-cu ildə Azərbaycan dünyanın 137 ölkəsi ilə 21 milyard ABŞ dolları həcminə ticarət əməliyyatları həyata keçirib. İldən-ilə bu şəbəkə genişlənir və beynəlxalq ticarət məhsullarının nomenklaturası (siyahısı) böyüyür. Bütün bunlarla bağlı tədbirdə geniş məlumat verdim. Bildiridim ki, neft-qaz resurslarının idarə olunmasına da xüsusi diqqət ayrılır. Hasilat sənayesində şəffaflıq təşəbbüsləri üzrə konfransın iştirakçısı olan Azərbaycan xarici neft şirkətləri ilə işində şəffaf və müsbət durum yaranmasına nail olub. Neft və qazın qənaətlə işlədilməsi məqsədilə, alternativ və bərpa olunan enerji mənbələri, Azərbaycanda bol olan külək və günəş enerjilərindən istifadə üzrə işlər aparılır.
- Eldar müəllim, forumda Qarabağla bağlı da məsələ qaldırdınızmı?
- Biz bütün sessiyalarda mütləq Qarabağ problemini müzakirə edirik. Təbii ki, bu dəfə də ətraf mühitlə bağlı narahatlıqlardan danışanda ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən danışdım. Qeyd etdim ki, Azərbaycanın uğurları ilə yanaşı, təbii ki, problemlər də mövcuddur. Onlardan ən əsası Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. İşğal illərində nadir cins ağaclarla zəngin olan 20 min hektar meşə və flora ilə faunanın 30 növü məhv edilib. Məqsədli yanğınlar nəticəsində 80 min hektar Azərbaycan torpaqları, o cümlədən yaşayış məntəqələri, qəbristanlıq və tarixi obyektlər külə dönüb. Azərbaycanın işğal edilmiş torpaqlarında toksik axıntılar, sənaye müəssisələrinin zəhərli tullantıları sayəsində yerə, havaya və suya ziyan vurulur. Odur ki, nümayəndə heyətimiz adından qeyd etdim ki, ATƏT məkanında sülhün bərqərar olması üçün ATƏT-ə üzv ölkələr və digər beynəlxalq təşkilatların götürdüyü öhdəliklərin yerinə yetirilməsi mexanizmlərini hazırlamağın vaxtı çoxdan gəlib çatıb.
Modern.az