Modern.az

“Rəsulzadə məsələsində tədqiqatçılara qarşı qısqanclıq edilməməlidir”

“Rəsulzadə məsələsində tədqiqatçılara qarşı qısqanclıq edilməməlidir”

Təhsil

22 Yanvar 2014, 14:42

“Əgər bu iş mənə həvalə edilərsə, xaricdən Rəsulzadənin çox zəngin sənədlərini gətirə bilərəm. O ünvanlarım hamısını bilirəm, o şəxslərin harada yaşadıqlarını, sənədlərin harada saxlandıqları mənə məlumdur”. Bunu Modern.az-a açıqlamasında M.Ə. Rəsulzadə irsinin araşdırmaçısı, tarix elmləri namizədi Nəsiman Yaqublu bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını açıqlayıb. Planda bir çox məsələlərlə yanaşı, Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi bəndi də yer alıb. Bununla bağlı hansı işlərin görülüb-görülməməsi barədə araşdırmaçı alimə müraciət etdikdə o, əsasən bu işə Rəsulzadənin əsl bilicilərinin cəlb olunmasını önə çəkib:

“Mənim Prezidentinə müraciətimdə o məsələ xüsusi qeyd olunub. Tədbirlər planında da bu nəzərə alınıb. Baxmayaraq ki, digər məsələlər – Rəsulzadənin heykəlinin qoyulması, muzeyinin yaradılması, Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi və bizim yaratdığımız Rəsulzadə Mərkəzinin dövlət qeydiyyatına alınması və s. tədbirlər planında öz əksini tapmadı. Biz buna çox  təəssüf edirik. Təəssüf edirik ki, bu cür ciddi məsələlərin hamısı bir qıraqda qalıb. Mənim verdiyim təkliflərdən biri də Rəsulzadə irsinin Azərbaycana gətirilməsidir. Bu çox ciddi məsələdir. Rəsulzadənin fəaliyyəti təxminən 10-a yaxın xarici ölkələri əhatə edir. Bura Türkiyə, Almaniya, Polşa, Rusiya, Gürcüstan, Finlandiya, Rumıniya daxildir. Bu ölkələrin hamısında Rəsulzadə ilə bağlı sənədlər var. Amma bu sənədlərin hamısı oranın arxivlərində qorunub saxlanılmır. Əksəriyyəti şəxsi adamlardadır. Vaxtilə Rəsulzadə ilə birgə fəaliyyət göstərən adamların oğul-uşaqlarında, nəvə-nəticələrində həmin sənədlər qorunub saxlanılır. Ona görə də bu sahə ilə məşğul olmayan adamın gedib ordan sənədlər toplayıb gətirməsi qeyri mümkündür. Ola bilər ki, Mədəniyyət və Turizm Nazirliyi bu işi hansısa bir araşdırmaçıya, Yeni Azərbaycan Partiyasının üzvü olan birinə həvalə edəcək və o da gedib həmin ölkələri gəzib gələcək. Bir-iki sənəd də götürüb gətirəcək. Bununla da işlər bitdi. Bu yalnız baş aldatmaq kimi bir şey olacaq”.

N.Yaqublu Rəsulzadə irsi ilə məşğul olan bir neçə alimin adını sadalayıb: “Şirməmməd Hüseynov, mən, qismən Vaqif Sultanlı və s. Bu adamların həm də xaricdə ciddi əlaqələri var. Ona görə də düşünürəm ki, Mədəniyyət və Turizm Nazirliyi burada qısqanclıq göstərməməlidir. Bu insanları cəlb edib işi onlara həvalə etmək lazımdır. Əgər bu iş mənə həvalə edilərsə,  Rəsulzadənin çox zəngin sənədlərini gətirə bilərəm. Mən o ünvanlarım hamısını bilirəm, o şəxslərin harada yaşadıqlarına qədər bilirəm. Sənədlərin harada saxlandıqlarını da bilirəm. O adamlardan o yerlərdən lazımı sənədləri toplayıb Azərbaycana lazımı sərvəti gətirə bilərəm. Oradan tək Rəsulzadə ilə bağlı yox, həm də onunla bərabər mübarizə aparmış Ceyhun Hacıbəyli, Əlimərdan bəy Topçubaşov, Düdənginski və digər milli istiqlal mübarizlərinə aid olan sənədlər var ki, onları bura gətirə bilərəm. Bu sənədlər getdikcə itir-batır və onları əldə etmək daha da çətinləşir. Nə qədər bu iş tez olarsa, bir o qədər də faydalı olar. Əgər bu işi cəlb olunaramsa çox qısa bir vaxtda bunu lazımi səviyyədə yerinə yetirə bilərəm. Amma bu günə qədər bizə heç bir müraciət edilməyib. Yəqin ki, heç müraciət etmək fikirləri də yoxdur. Yenə deyirəm, bu məsələdə qısqanclıq etmək lazım deyil. Şəxsən mən bu günə  qədər bu işlərin bir qismini görmüşəm. Polşa,  Rusiya Türkiyədə olmuşam. Yüzə qədər sənədləri götürüb Azərbaycana gəlmişəm. Hazırda o sənədlər məndədir. Onları hələ etibar edib dövlət arxivinə verə bilmirəm. Çünki inanmıram ki, o sənədlər orada tam şəkildə qoruna bilər”.

Elmin Nuri

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB