İki il ərzində ölümündən sonra könüllü donor olmaq istəyənlərin sayı 100-ə qədərdir.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.
O bildirib ki, aparılan təbliğat və təşviqatlara baxmayaraq, mövcud iki illik statistika çox aşağıdır.
"Bizim mərkəzin rəsmi saytına - odtkm.gov.az saytına daxil olaraq ölümümüzdən sonra donor ola bilərik. Eyni zamanda, “ASAN İmza” ilə donor olmaq mümkün olacaq. Bu yaxınlarda bu da həyata keçəcək. Həmçinin, mərkəzə gələrək Nazirlər Kabinetinin imzaladığı formanı təsdiq edərək donor olmağı bəyan etmək mümkündür", - deyə Y.Abbasova qeyd edib.
Yeganə Abbasova donorun yaşının və cinsinin gizli saxlanıldığını da bildirib.
Sədrin sözlərinə görə, 2024-cü ildə bütün reanimasiya şöbələrində süni tənəffüs aparatı olan xəstəxanalara məktub ünvanlanıb. Həmin məktubda daxil olan ağır xəstələr haqqında Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə məlumat verilməsi əks olunub.
Ötən ildən Bakıda süni tənəffüs aparatı ilə təchiz olunan reanimasiya şöbələrində beyin ölümü diaqnostikası ilə bağlı təlimlər keçirilməyə başlanılıb.
"2025-ci ildə hədəflərimiz regionlarda süni tənəffüs aparatı ilə təchiz edilmiş reanimasiya olan xəstəxanalarda beyin ölümü diaqnostikasının təlimlərinin keçirilməsidir. Eyni zamanda, təhsil ocaqlarında ölümündən sonra donor olmağı təşviq və təbliğ etmək istiqamətində seminarların aparılması nəzərdə tutulub”, - deyə Y.Abbasova qeyd edib.
O əlavə edib ki, Azərbaycanda indiyədək 1000-dən çox böyrək transplantasiyası əməliyyatı, 500-dən çox qaraciyər, 300-dən çox buynuz qişa, 200-dən çox sümük iliyi transplantasiyası əməliyyatları icra olunub.