Ukrayna paytaxtındakı qarşıdurma zamanı dünyasını dəyişənlərdən biri Belarus vətəndaşıdır. Modern. az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda “Azadlıq Radiosu”nun Belarus bürosu məlumat verib.
Məlumatda qeyd edilir ki, Kiyevdə hüquq-mühafizə orqanlarının etirazçılara zor tətbiq etməsi nəticəsində belorusiyalı Mixail Jiznevski həlak olub. Belarusun Kiyevdəki səfirliyi hələ ki bu məsələni şərh etməyib.
Bundan əvvəl “Ecpreco TV” bu gün Kiyevdə öldürülən iki nəfərin tapıldığı haqda məlumat yayıb. Beləliklə, mitinqçilərdən ölənlərin sayı 4-ə çatıb. Amma Ukrayna Baş Prokurorluğu iki nəfərin güllə yarasından öldüyünü təsdiqləyib. Onlardan biri milliyyətcə erməni olan Sergey Niqoyandır.
Ukrayna Nazirlər Kabineti bu gün “İctimai asayişin qorunması zamanı xüsusi vasitələrdən istifadə qaydaları”na dəyişiklik edərək Daxili İşlər Nazirliyinin xüsusi dəstələrinə tüstü və səsboğucu qumbaralardan, eləcə də şaxtalı havada sudan istifadəyə razılıq verib. Modern. az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu dəyişiklik Kiyevin mərkəzində hüquq-mühafizə orqanları ilə Avropa meydanındakı fəallarla qarşıdurma fonunda qəbul olunub.
Modern.az