Modern.az

Deputatlar özəlləşdirmə çeklərindən necə istifadə edib?

Deputatlar özəlləşdirmə çeklərindən necə istifadə edib?

Parlament

23 Yanvar 2014, 09:37

Vaxtilə hər kəsin evində yüksək yatırım kimi saxladığı özəlləşdirmə payları artıq yararsız kağız parçasından başqa bir şey deyil.

Bir ara “qara bazarda” vauçerlərin ən bahalı satış qiymətinin 100 manata kimi yüksəldiyini görən fürsətçilər bu şansdan yararlandılar. Digərləri hansısa müəssisəyə yatırdı. Başqa bir qisim dəyər-dəyməzə satdı. Bəs millət vəkilləri, onlar vauçerlərdən necə istifadə etdi?

Modern.az saytı deputatlar arasında sorğu aparıb.   

Deputat Zahid Oruc deyir ki, ona məxsus olan özəlləşdirmə çekini yaxın qohumlarından birinə bağışlayıb.
“Yadımdadır ki, bir neçə ilə əvvəl yaxın bir qohumum çekimi saxlayıb-saxlamadığımı soruşdu. Biləndə ki, mən çekimi saxlamışam, o zaman məndən həmin payımı istədi. O, hansısa şirkətin səhminin alınmasında iştirak etmək istəyirdi. Mən də özəlləşdirmə payımı böyük məmnuniyyətlə ona verdim. Vauçerlərimin sayı o qədər də çox deyildi. Cəmi iki çekim var idi? Onları da həmin şəxsə verdim. Sonralar isə onun taleyi ilə maraqlanmadım”.

Əksər Azərbaycan vətəndaşı kimi deputat Fəzail Ağamalının da vaxtilə özəlləşdirmə payı olub. Hələ də çeklərdən istifadə etmədiyini deyən millət vəkili ona məxsus olan özəlləşdirmə payının harada olmasından da xəbərsizdir.

Ailəsinin beş üzvünün hamısının özəlləşdirmə payı olduğunu deyən Tahir Rzayev hələ də vauçerlərini saxlayır. “Əvvəllər bu çeklər vasitəsilə hansısa şirkətdə payçı olma şansı var idi. Amma mən istəmədim. Ona görə də özəlləşdirmə çeklərim hələ də məndədir. Ola bilər ki, gələcəkdə bundan istifadə etmək mümkün olsun. Yəqin o zaman mən də o paylardam  istifadə edərəm”.

İqtisadçı-deputat Əli Məsimli verdiyi proqnozların düz çıxdığına görə, özəlləşmə çekləri ilə maraqlanmadığını deyir. “Hərəyə bir özəlləşmə payı verilirdi. Mən həmin özəlləşmə paylarının qısa bir müddət ərzində maksimum qiymətinin 100 dollar, sonra bir müddət ortalama 50-60 dollar olacağı, amma bunun uzun çəkməyəcəyi və sürətlə qiymətdən düşüb 10-20 dollar ətrafında hərəkət edəcəyi proqnozunu vermişdim. Təəssüf ki, proqnoz düz çıxdı. Belə proqnoz şəraitində özəlləşmə çekləri ilə maraqlanmağa yer qalmır”.

Millət vəkili Flora Qasımova da uzun illərdir ki, dəyərdən düşmüş, heç bir işə yaramayan özəlləşdirmə payını saxlayır. “Hələ də bu çekləri saxlayıram, istifadə etməmişəm. O vaxt çoxları vauçerlərlə şirkətlərə xırda pay sahib oldular. Amma onlar da heç nə əldə edə bilmədilər. Ona görə, heç bu çeklərdən istifadə etmədim”.

Xatırladaq ki, çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanmışdı və bu, iki mərhələdə həyata keçirildi. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, Prezidentin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-ə, 2004-cü il iyulun 1-ə, 2008-ci il yanvarın 1-ə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 2009-cu ildə imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. Son fərmana əsasən, dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə çeklərinin tədavül müddəti 2011-ci il yanvarın 1-də başa çatıb.

Gültəkin ƏLƏSGƏR 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...