Modern.az

Direktor olmaq istəyən 50 nəfər Təhsil Nazirliyinə çağırılacaq

Direktor olmaq istəyən 50 nəfər Təhsil Nazirliyinə çağırılacaq

23 Yanvar 2014, 10:37

Məktəb direktoru olmaq istəyənlər üçün təlimlərin II mərhələsi başa çatıb. Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, müsabiqənin II mərhələsi yanvarın 11-də keçirilib. Bu mərhələdə pedaqoji kadrların məntiqi düşüncə və müəyyən mövzular üzrə esse yazma bacarıqları qiymətləndirilib. Təhsil Nazirliyindən onu da bildiriblər ki, keçiriləcək növbəti - III mərhələnin nəticələrinə əsasən 50 pedaqoji kadrın təlimlərdə iştirakı nəzərdə tutulub.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahana qatılacaqlar. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin oluna bilər. Direktor vəzifəsində çalışmayan digər şəxslər isə bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Qeyd edək ki, Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdirilir. İlkin mərhələdə yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək təlimlərin müddəti 3 ay (21 yanvar-21 aprel) tarixlərini əhatə edir.

Gültəkin ƏLƏSGƏR

 
Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB