Yanvarın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHIK) Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun 80 illiyi ilə əlaqədar bir qrup əməkdaşına AHİK-in Fəxri Fərmanları və pul mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
AHİK İcraiyyə Komitəsinin qərarı ilə həmkarlar ittifaqı işində yaxından iştirakını və AMEA Azad Həmkarlar İttifaqının müraciətini nəzərə alaraq bir qrup əməkdaşa Fəxri Fərman və pul mükafatı verildiyini bildirən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hər zaman elm adamlarının yanında olub, onların qayğıları ilə yaxından maraqlanıb.
Modern.az xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat İnstitutunun davamlı ənənələrindən söhbət açıb. O qeyd edib ki, cəmiyyətdə hər zaman ziyalı sözünə, ziyalı fikrinə ehtiyac olub. Təsadüfi deyil ki, bir alimin adının qarşısında elm xadimi ilə yanaşı ictimai xadim sözləri də işlədilir. İ. Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf edib. Bu gün tanınmış ədəbiyyatşünas alimlər institutda elmi fəaliyyətlərini uğurla davam etdirirlər.
“Bu yolda həmkarlar ittifaqı təşkilatlarının da rolu danılmazdır. Onlar hər zaman elm adamlarına dəstək olmuş, onların ictimai, sosial problemlərinin həllində yaxından iştirak etmişdir”.
Tədbirdə AHİK sədri il ərzində ən yaxşı elmi əsərlərin müəlliflərinin mükafatlandırılması, elm adamlarının vaxtaşırı istirahətlərinin təmin edilməsi, onların sosial, məişət problemlərinin həll edilməsi məqsədilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Milli Elmlər Akademiyasında xüsusi fond yaradılması təklifini irəli sürüb. Səttar Mehbalıyev həmin fond üçün hər il Konfederasiya tərəfindən 40 000 (qırx min) manat vəsait ayrılacağını tədbir iştirakçıların diqqətinə çatdırıb. Onun bu təklifi alimlər tərəfindən razılıqla qarşılanıb.
Verilən təklifi yüksək qiymətləndirən akademik İsa Həbibbəyli öz adından və rəhbərlik etdiyi qurumun üzvləri adından Səttar Mehbalıyevə minnətdarlığını bildirib, bu istiqamətdə təşkilati məsələlərin həllinə yaxın zamanlarda başlayacaqlarını deyib. Daha sonra mükafatlar sahiblərinə təqdim edilib. Sonda çıxış edən filologiya elmləri doktorları Qəzənfər Paşayev, Şirindil Alışanov, Qurban Bayramov və başqaları göstərdikləri qayğı və diqqətə görə AHİK sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevə minnətdarlıqlarını bildiriblər.


Modern.az