“Hazırda ADPU-da 2013-2014-cü ilin tədris ilinin payız semestrinin imtahan sessiyası yenə iki mərhələli aparılır”. Bunu Modern.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov deyib.
Qeyd edək ki, ADPU-da tələbələr semestr imtahanlarını iki mərhələdə – həm test, həm yazılı verirlər. İkinci (yazılı) mərhələ könüllü olsa da, “yaxşı” və “əla” qiymət almaq istəyənlər bu mərhələdən keçməlidirlər.
M. İbrahimovun sözlərinə görə, belə üsullu imtahan tələbələrin mövzunu dolğun öyrənməsinə şərait yaradır: “2011-2012-ci tədris ilinin yaz imtahan sessiyasından başlayaraq Pedaqoji Universitetdə imtahanların iki mərhələli keçirilməsinə başlanılıb. Bu barədə Elmi Şuranın müvafiq qərarı var. Tələbələr elektron test üsulu ilə imtahan verdikdən sonra “yaxşı” və “əla” qiymət almaq istəyənlər həmin fəndən yazılı imtahana girirlər. Bu hansı zərurətdən irəli gəlir? Test üsulu ilə imtahanların verilməsində insan amili iştirak etmir. Bu öz-özlüyündə müsbət haldır. Müasir informasiya kommunikasiya texnologiyalarının vasitəsi ilə tələbələr imtahan verirlər. Lakin test üsulunun özündə bir şablonçuluq, əzbərçilik var. İkimərhələli imtahanın keçirilməsində də əsas məqsəd tələbələrin məntiqi təfəkkürünü inkişaf etdirmək, onlarda öz fikrini yazılı şəkildə ifadə etmək qabiliyyətinin formalaşmasını təmin etməkdir”.
Təhsil eksperti Etibar Əliyev deyir ki, Pedaqoji Universitetin rəhbərliyi imtahan prosesini keçirərkən Azərbaycanın 2005-ci ildə qoşulduğu Boloniya Bəyannaməsinə istinad edir. “Ancaq bu gün ikimərhələli imtahanın keçirilməsi, ümumiyyətlə bütün Azərbaycan ali məktəblərində indiki imtahan formalarının əksəriyyəti Boloniya Bəyannaməsinə uyğun gəlmir. Yəni şübhəsiz, imtahan prosesi tədris prosesinin yekun qiymətləndirilməsi üçün son mərhələdir. Boloniya sisteminə görə burada müəllimin qiymətləndirməsi önəm daşıyır. Demək, müəllimin özü qiymətləndirilmədə iştirak edir. Yəni imtahan formasını müəllim özü müəyyənləşdirir. Bura gündəlik qiymətləndirmə, kollokvium nəticələri, laboratoriya işi varsa, laboratoriya işi, seminarlarda verilən cavabların qiyməti, nəhayət, yekun qiymətləndirmə daxildir. Konkret olaraq Pedaqoji Universitetdə keçirilən iki mərhələli imtahanlara tələbələrin çox ciddi iradları var. Tələbələr hesab edirlər ki, bu proses onların biliklərinin qiymətləndirilməsi üçün dürüst prosedur deyil. Onlar imtahanın bir növünü üstün tuturlar. Ali məktəb rəhbərliyinin təyin etdiyi imtahan nəticəsində xeyli sayda əlaçılar öz statusunu itiriblər. Hətta prezident təqaüdçüləri aşağı qiymətlə qiymətləndiriliblər. Bu da tələbələrin narazılığına səbəb olub”.
Ekspertin sözlərinə görə, Ümumiyyətlə, Azərbaycan ali məktəblərində nədənsə daha çox imtahan prosesinə üstünlük verirlər, tədris prosesinə yox. “Tədris prosesinə, tədrisin keyfiyyətinə, proqramlara üstünlük verilməlidir. İmtahan yekun mərhələdir. Yekun mərhələdə tələbələrə verilən qiymətləndirmə bu prosesin tərkib hissəsidir. Belə deyək ki, 50 faizdən aşağı olan hissəsidir. Əsas hissə tədris prosesində həyata keçirilir”.
E. Əliyev iki mərhələli imtahanın dəyişdirilməsini düzgün sayır: “İkimərhələli imtahan tələbələrin narazılığına səbəb olursa şübhəsiz ki, bu üsul dəyişməlidir. İmtahan forması bir cür müəyyənləşdirilməlidir. Azərbaycan Boloniya prosesinə qoşulubsa şübhəsiz ki, tədris prosesinin qurulması, eyni zamanda imtahan sistemi də həmin bəyannaməyə köklənməlidir. Bu gün təkcə Pedaqoji Universitetdə deyil, Azərbaycanın bir neçə ali məktəblərində tələbələr haqlı olaraq imtahan metodlarından imtina ediblər. Elə ali məktəblər var ki, ali məktəb rəhbərliyi tələbələrin kiçik bir hissəsinin qeyri-kafi ilə qiymətləndirilməsi ilə razılaşmır. Təkrar imtahanlar keçirirlər ki, kəsilənlərin sayı çox olsun. Hətta ümumiyyətlə kəsilməyən tələbələr varsa, yenidən təkrar imtahan keçirdirlər və qeyri-kafi alan tələbələrin sayını çoxaltmaq istəyirlər. Burada maraq nədən ibarətdir? Tələbələri yay məktəblərinə cəlb etmək, eyni zamanda kreditə cəlb olunan tələbələrin sayını artırmaq məqsədilə bu addımları atırlar. Yəni, kəsilən tələbələr yenidən ali məktəbin müəyyənləşdirdiyi müəyyən məbləği ali məktəbə köçürməli və yenidən imtahan verməlidirlər. Boloniya sistemində isə kəsirlərin verilməsi zamanı kredit ballarının yenidən toplanması məqsədilə tələbələrdən vəsait tələb olunması nəzərdə tutulmur”.
Qeyd edək ki, bir müddət əvvəl ikimərhələli imtahan sistemi Pedaqoji Universitetdə xeyli narazılıq doğurmuş və tələbələr etiraz aksiyası keçirmişdi. Universitet rəhbərliyi güzəştə gedəcəyini vəd eləsə də, sonradan vədinə əməl etmədi. Təhsil Nazirliyinin rəhbərliyi isə imtahan qaydalarında universitetlərə sərbəst seçim hüququ verdi.
Misranə Həsənzadə