Modern.az

Marketdəki partlayışda yaralananların son durumu - YENİLƏNİB

Marketdəki partlayışda yaralananların son durumu - YENİLƏNİB

27 Fevral 2025, 11:10

27.02.2025-ci il tarixində saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi  səbəbilə çağırış daxil olub. 

TƏBİB-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (qadın cinsli) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.

Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. 

Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

10:39

Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.

Modern.az xəbər verir ki, bu barədə "OBA" məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib:

"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır".

Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:

"Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".

***

10:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

08:55

 

Bakının Xəzər rayonu, Binə qəsəbəsində obyektdə yanğın baş verib.

Modern.az xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi (FHN) yayıb.

Bildirilib ki, saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub: "Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".

Məlumata görə, hadisə "OBA" marketində baş verib. Hadisə ilə bağlı marketlər şəbəkəsi də məlumat yayıb.

"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır.

Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı