Modern.az

Postsovet ölkələri üzərində rus kabusu, ABŞ maraqları - TƏHLİL

Postsovet ölkələri üzərində rus kabusu, ABŞ maraqları - TƏHLİL

24 Yanvar 2014, 10:14

SSRİ-nin dağılmasından sonra iqtisadiyyatı bərbad hala düşən, sosial problemlərin məngənəsində boğulan Rusiyaya Vladimir Putin yeni siyasi nəfəs gətirməklə valı 180 dərəcə dəyişməyə nail oldu.

1990-cı illərdə Rusiyanın yaşadığı ağır durumun aradan qaldırılmasına nail olan Putinin SSRİ təfəkküründən qaynaqlanan nostalji imperativ hissləri güclənməyə başladı. Düzdür, SSRİ dağıldıqdan sonra da rəsmi Moskva həmişə postsovet ölkələrində mövqelərini qoruyub saxlamağa çalışıb. Ancaq o zaman Yeltsin administrasiyasının rüşvətxor, korrupsiyaya bulaşmış məmurlarının kapitalist maraqları Rusiyada sosial vəziyyəti gərginləşdirirdi. Bu da Moskvanın MDB məkanındakı maraqlarının təmin edilməsini ləngitməklə bölgədə ABŞ üçün əlavə siyasi xallar qazandırırdı. Putin isə iqtisadiyyatı dirçəltməklə bərabər, Kremlin “SSRİ-nin bərpası” yolundakı yeni lideri oldu desək yanılmarıq. Putin dönəmində Sovet xiffətinin baş qaldırdığı siyasi ambisiyalar Kremlin MDB məkanında nüfuz dairəsini genişləndirmək üçün yeni imkanlar açdı. Rusiyanın Çeçenistanı nəzarətinə götürməsi, 2008-ci ilin avqustunda Moskvanın  Gürcüstanın NATO inteqrasiyasına qarşı hərbi tədbiri, bunun nəticəsində Cənubi Osetiyanı və Abxaziyanı tam olaraq ələ keçirməsi Kremlin artan gücündən xəbər verirdi. Belə olan təqdirdə Ağ Ev MDB məkanında, xüsusilə Cənubi Qafqazda əzəli düşməni olan Moskva ilə qarşı-qarşıya gəlir. Beləliklə, ABŞ üçün yaranan imkanların önünə Rusiya səd çəkməyi bacarır. Amma bu amil Vaşinqtonu MDB məkanındakı maraqlarından əl çəkməsi kimi şərh oluna bilməz. Bir sözlə, bölgə uğrunda iki super gücün siyasi çəkişmələri hələ də davam edir. Amma MDB regionunda Rusiyanın dominant olduğunu göstərən amillər çoxdur.  

 

Niyə Rusiya? 

Qeyd etdiyimiz kimi, Kremlin siyasi çəkisinin artması və təsir etmə baxımından hakim mövqeyi ABŞ-ın bölgəni Rusiyaya güzəştə getdiyi anlamına gəlmir. Siyasi mübarizədə qalib kimi Rusiya tərəfi görünür. 2013-cü ilin axırında Ermənistana səfər edən Rusiya prezidenti Putin açıq şəkildə bəyan etdi ki, Kreml Cənubi Qafqazdan geri çəkilmək niyyətində deyil. Hər zaman Moskvanın buyruqçusu olan Ermənistan bu gün də Moskva üçün eyni təyinatı yerinə yetirir. Məhz bu səbəbdəndir ki, İrəvanın Avropa Birliyinə inteqrasiya arzusunu ürəyində qoyan Rusiya Sərkisyanı Gömrük İttifaqına cəlb edə bildi. Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda mövcudluğu, Gürcüstanda Rusiya meylli qüvvələrin hakimiyyətə gəlməsi siyasi oyunlarda Moskvanın xeyrinə xal əlavə etməklə vəziyyəti Rusiyanın xeyrinə dəyişir.  

 

Rusiya-İran yaxınlaşması: ABŞ üçün təhlükə

  ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzi də Rusiyanın 2014-cü il üçün xarici siyasət fəaliyyətini şərh edərkən bildirib ki, Putin administrasiyası Cənubi Qafqazda mövqelərini bərkitməyə davam edəcək.  Bütün bunlarla yanaşı, Rusiya-İran yaxınlaşması da ABŞ üçün təhlükə sayıla bilər. İran MDB məkanı olmasa da, hər halda Tehranın Moskva ilə müttəfiqliyi Rusiyanın nüfuz dairəsini genişləndirmək missiyasında önəmli rola malikdir. İran və Rusiya rəsmilərinin bildirdiyinə görə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolar təşkil edir. Gələcəkdə isə bu rəqəm 10 milyard dollara qalxa bilər. Bölgədə Rusiya ilə bərabər İranın da ambisiyaları, iki dövlətin müttəfiqliyi fonunda Ağ Evin regionda təsir imkanlarının azalmasına gətirib çıxarır. Təsadüfi deyil ki, İran-Rusiya əməkdaşlığı Suriya problemində də özünü büruzə verdi və birgə səylər nəticəsində ABŞ Bəşər Əsədlə bağlı məsələdə geri çəkildi. Halbuki Ərdoğan hakimiyyətinin Əsədə qarşı aqressiyası ABŞ-dan qaynaqlanıdrı. Əslində bütün bunlar Rusiyanın yenidən güc olaraq ortaya çıxdığının göstəricisidir. Bəlkə də İranın Qərbə qarşı aqressiv ton nümayiş etdirməsinin də bir səbəbi Tehranın Kremlə arxalanmasıdır. Rusiya həmçinin balanslı siyasət yürüdən Türkiyə ilə də münasibətləri normallaşdırmaq üçün səylərini davam etdirir. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 40 milyard dollar civarındadır. Yaxın illərdə isə bunun 100 milyard dollara çatdırılması nəzərdə tutulur. Beləliklə, İran və Türkiyə kimi güclü dövlətlərin Rusiya ilə isti münasibətləri Vaşinqtonu bölgədəki oyunlardan ya  kənarlaşdırır, ya da onu gözləmə mövqeyində durmağa vadar edir.  

Avrasiya İttifaqı-Həyəcan təbili

Putinin yeni SSRİ ideyası hesab olunan Avrasiya İttifaqının fəaliyyətinə başlaması üçün səyləri də gözardı edilə bilməz. Müşahidəçilər hesab edir ki, Rusiyanın atdığı siyasi addımlar onun SSRİ modelində yeni birliyin yaradılmasını zəruri edən tələblərdən irəli gəlir. Dağlıq Qarabağ konflikti başda olmaqla, Dnestryanı münaqişənin, Gürcüstanın probleminin açarının Kremldə olması da ABŞ-ın bölgədə ambisiyalarını həyata keçirilməsinə mane olur. Moskvanın başqa variantları da yoxdur, əks təqdirdə ABŞ bölgədə oturuşa bilər və siyasi təsir rıçaqlarını tam olaraq sahiblənmiş olar.  

Mərkəzi Asiyada ABŞ-ın sönən ulduzu

  Rusiya üçün postsovet məkanındakı Mərkəzi Asiya dövlətlərinin də strateji önəmi böyükdür. Ən maraqlısı isə odur ki, bu bölgəyə Rusiya və ABŞ-la yanaşı Çin də ciddi maraq göstərir. Mərkəzi Asiya regionu siyasi qığılcımlarım böyük “partlayışa” səbəb ola biləcək yerlərdən biridir. Lakin 2014-cü ildə NATO qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ başda olmaqla Qərb dairələri üçün regionun əhəmiyyətinin azaldığı kimi şərh edənlər də var. ABŞ Mərkəzi Asiyadan çəkilməsə belə Çinlə və Rusiya ilə rəqabəti ucbatından maraqlarını tam təmin edə bilməyəcək. Ona görə ki, Çin və Rusiya bölgənin aparıcı güclərindən olmaqla bərabər həm də yaxın  müttəfiq sayıla bilər. Pekinin dövlət maraqları naminə Rusiyanın qarşısından geri çəkilməyəcəyi də aydındır. ABŞ Mərkəzi Asiyadan çəkilsə belə, Çin və Rusiya arasında region uğrunda mübarizə səngiməyəcək. Regionun güclü dövlətlərindən biri Qazaxıstanın Rusiya ilə isti münasibətləri də mövcuddur. Rəsmi Astana artıq Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşulmaq barədə qərarını açıqlayıb. Yeltsin vaxtından siyasi oriyentasiyasını dəyişməyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin bundan sonra Kremllə münasibətlərdə Qərbin maraqlarına cavab verən dönüş etməsini gözləmək olmaz. Digər ölkələr Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Rusiya prezidenti V. Putinin neosovet ideyalarına tam olaraq dəstək vermirlər. Ancaq Kreml problemi “həll etmək” üçün ənənəvi etnik kart siyasətindən yararlanmağa çalışır. Qırğızıstanın Oş vilayətində fəaliyyət göstərən özbək diasporuna fəal dəstək verən Kremlin məqsədi rəsmi Bişkekə təzyiqdir. Rusiyanın bölgəni nəzarətə almaq üçün oynadığı oyunlar qırğızlarla özbəklər arasında etnik düşmənçiliyin alovlanmasına səbəb olur. 2012-ci ildə rəsmi Daşkəndin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməsindən sonra Rusiya ilə münasibətlərdə soyuqluq yaranmasının ardından Moskvanın Daşkəndə qarşı etnik kartdan istifadə edəcəyi şəksizdir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, NATO-nun Əfqanıstanda hərbi əməliyyatları başlanan zaman Özbəkistan Qərb üçün qlobal əhəmiyyətli strateji məntəqə rolunu oynasa da, 2005-ci il may ayında Əndican vilayətində baş qaldıran xalq etirazının güc yolu ilə yatırılmasından sonra münasibətlər soyumağa başladı. Hadisədən sonra Avropa İttifaqının və ABŞ-ın Özbəkistana sanksiyalar tətbiq etməsinin ardından prezident İslam Kərimovun da mövqeyində dəyişiklik oldu. Hazırda nə ABŞ, nə də Rusiya meylliliyi ilə seçilən Özbəkistana perspektivdə Kremlin təzyiqlər edəcəyini ehtimal etmək olar. Özbəklərin taciklər və qırğızlarla etnik qalmaqalını nəzərə alan Rusiyanın yenə də ənənəvi “millətçiliyi qızışdırma” siyasi texnologiyasından əl çəkməyəcəyi şəksizdir. Moskva necə deyərlər bir əldə iki qarpız tutaraq, Tacikistanı da etnik özbək əhalisi ilə qorxudur. Görünür bunun nəticəsidir ki, Tacikistan prezidenti İmaməli Rəhman Rusiya bazalarının 2050-ci ilə qədər ölkəsində qalması haqqında razılığa gəlib. Tacikistanda taciklərdən sonra çoxluq təşkil edən özbək əhali (1.5 mln nəfər) ilə toqquşmalar baş verir ki, bu da Kremlin bölgəyə nəzarət etmək üçün taktiki  təxribat planlarının tərkib hissəsidir.  

Rusiya MDB-ni vermək fikrində deyil

  Təhlillər onu göstərir ki, SSRİ-nin xələfi Rusiya yeni Sovet modelinin reallaşdırılması istiqamətində ciddi addımlar atmaqdadır. Rusiyanın siyasi təsir rıçaqlarını əlində saxlaması ABŞ-ı bölgədə narahat edən məsələlərdəndir. Ancaq tarixdə fərqli siyasi gedişlərdən doğan situasiyaların ABŞ-ın xeyrinə dəyişəcəyi amilini də nəzərdən qaçırmaq olmaz. Hələlik isə Suriya və MDB məsələsində Rusiya qalib görünür. Rusiya üçün vacib ölkələrdən biri də Ukraynadır. Rusiyanın siyasi tələsindən çıxmağı bacarmayan Kiyev təzyiqlər nəticəsində Avropa Birliyi ilə assosiativ üzvlük sazişini imzalamaqdan imtina etdi. Ancaq Ukraynada Yanukoviçin Rusiya siyasətinə qarşı keçirilən etiraz aksiyalarının səngiməməsi Qərbin maraqlarına cavab verir. Qərb siyasi dairələrinin və ya Rusiyanın proseslərdə qələbə çalmasını söyləmək isə tezdir. Ən azından Ukraynada inqilab yolu ilə hakimiyyətə gələn Viktor Yuşşenkonun Kremlin səyi nəticəsində hakimiyyətdən getməsini xatırlatmaq yerinə düşər.

Bütün bunlara rəğmən onu söyləmək olar ki, həm ABŞ, həm də Avropa MDB məsələsində Rusiyaya güzəşt edib. Bu qüvvələr Rusiya qarşısında geri çəkilmiş kimi görünürlər. Siyasi ekspertlər hesab edirlər ki, burada iki faktor var: Bazarlaşma və Rusiyanın aqressiv davranışına İngilis diplomatiyası...

Hər halda görünəni odur ki, Suriyada dirəniş göstərən Rusiya MDB məkanında söz sahibliyini hələ ki əldən verməyəcək.  

 

Aqşin KƏRİMOV  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi