Modern.az

Elman Mehdiyev: “Yeni elektron xidmətləri əhalinin istifadəsinə veriləcək”

Elman Mehdiyev: “Yeni elektron xidmətləri əhalinin istifadəsinə veriləcək”

Təhsil

24 Yanvar 2014, 13:46


Azərbaycanda dövlət sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi elektronlaşdırıldı. Bu barədə Modern.az saytına Dövlət Sosial Müdafiə Fondundan(DSMF) məlumat verilib.

Dövlət Sosial Müdafiə Fondu növbəti -“Sığortaolunanın onlayn uçota alınması” adlı elektron xidməti istifadəyə verib. Bununla bağlı keçirilən təqdimat mərasimində DSMF sədri Elman Mehdiyev bildirib ki,  Azərbaycanda müasir avtomatlaşdırılmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində hazırda Fond tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 19-a çatdırılıb. 2013-сü il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də elektron hökumət portalı (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümümilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Ötən il ən cox istifadə olunan elektron xidmətlər sırasına “Sığortaolunanlara məlumatların verilməsi” (81 308), “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (18 833),  “Pensiya kalkulyatoru” (15 142),  “Pensiyaçıya məlumatların verilməsi” (16 673) daxildir. Bundan başqa, “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi” elektron xidməti də ən çox müraciət edilən xidmət olub və bu xidmət vasitəsilə 560 976 ödəniş həyata keçirilib. Ötən ilin 11 iyul tarixindən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanıldığını fikirlərinə əlavə edən Fond sədri artıq bu sistem vasitəsilə 1200-dən cox vətəndaşa pensiya təyin edildiyini bildirib.

E.Mehdiyev vurğulayıb ki, “Elektron hökumət” portalının statistikasına əsasən, ötən il Fondun elektron xidmətləri əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.  İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanıb: “Cari il ərzində bir sıra yeni elektron xidmətlər də əhalinin istifadəsinə veriləcək və həmin xidmətlərlə bağlı işlər yekunlaşmaq üzrədir”-deyə Fond sədri bildirib.

Daha sonra DSMF sədri ictimaiyyətə təqdim olunan “Sığortaolunanın onlayn uçota alınması” adlı yeni xidmət barədə məlumat verərək vurğulayıb ki, bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi ücün sığortaedən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığortaolunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi.  Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq. E.Mehdiyev bildirib ki, prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

 

 

 

 

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB