Modern.az

Qarabağ münaqişəsində itkin düşmüş şəxslərə Bakıda abidə qoyuldu - FOTOLAR

Qarabağ münaqişəsində itkin düşmüş şəxslərə Bakıda abidə qoyuldu - FOTOLAR

24 Yanvar 2014, 14:38

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qoyulmuş abidənin açılış mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, mərasim “İnsan Hüquqları XXI-əsr Azərbaycan” Fondunun təşkilatçılığı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti və millət vəkili Elxan Süleymanovun dəstəyi ilə baş tutub.

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondunun sədri Şahin Camalov tədbirin açılışında  bildirib: “Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri müharibədə itkin düşmüş  və ya şəhid olmuş şəxslərin ailə üzvlərinin hüquqi və psixoloji problemlərinin həllinə yardımçı olmaqdır. Fondun həyata keçirdiyi “İtkin düşmüş şəxslərin ailələrinin müşayiət edilməsi” layihəsinin əsas məqsədi isə itkin düşmüş şəxslərin ailələrinin psixo-sosial çətinliklərinin azaldılması, onların psixo-sosial sahələrdəki dəstək xidmətlərinə çıxışını təmin edilməsi, peşəkar psixoloq fəaliyyətindən istifadə etməklə ailələrin psixoloji vəziyyətinin analiz olunması və mənəvi dəstəyin verilməsi, səmərəli və pulsuz hüquqi yardımla təmin edilməsi olmuşdur. Məhz bu məqsədlə, 2011-ci ilin yanvar ayından etibarən təşkilatın nəzdində İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz fəaliyyət göstərdiyi müddət ərzində Bakı şəhərinin 4 rayonunu əhatə etmiş, ümumilikdə 500-ə yaxın itkin düşmüş şəxsin ailəsinə psixo-sosial sahədə dəstək göstərib”.

Tədbirdə Milli Məclis üzvləri Elxan Süleymanov və Fazil Mustafa, Sabunçu RİH başçısının müavini Qəzənfər Həsənov, Bakıxanov Bələdiyyəsinin sədri Nadir Əsədov çıxış edib. Qeyd edək ki,  “İnsan Hüquqları XXI əsr- Azərbaycan” Fondu 2004-cü ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi Azərbaycanda insan hüquqlarının müdafiə və təmin edilməsi, pozulmuş hüquqların bərpası, həmçinin bu sahədə maarifləndirilmə işlərinin aparılmasından ibarətdir.  









Rafiq Qənbərov
 
Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?