Modern.az

Milli Məclisin Komitə iclasında bələdiyyələrə “julik” deyildi

Milli Məclisin Komitə iclasında bələdiyyələrə “julik” deyildi

Təhsil

24 Yanvar 2014, 15:29

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin 2014-cü il yaz sessiyası çərçivəsində ilk iclası keçirilib. Modern.az saytı xəbər verir ki, öncə komitə sədri Arif Rəhimzadə ötən sessiyada komitənin gördüyü işlər barədə məlumat verib. O bildirib ki, komitə payız sessiyası ərzində 4 iclas keçirərək 7 qanun layihəsinin müzakirəsini aparıb. Müzakirəyə çıxarılan sənədlərdən 4-ü ayrı-ayrı məsələlərə, 3-ü isə bələdiyyələrin fəaliyyətinə aid olub. Həmin qanunların qəbulu nəticəsində Şahbuz, Masallı və Cəlilabad rayonların inzibati ərazi vahidliyində dəyişiklik edilib. Hesabat dövründə komitənin beynəlxalq əlaqələri də genişlənib və AŞPA, ATƏT, MDB parlament assambleyaları ilə əlaqələr inkişaf etdirilib:

“Komitə üzvləri prezident seçkilərində fəallıq nümayiş etdiriblər. Yüzdən artıq rayonda görüşlər keçiriblər”.
Komitə sədri əlavə edib ki, hesabat dövründə vətəndaşlardan 240 ərizə və şikayət daxil olub, 650 vətəndaş qəbul edilib.

Sonra komitə üzvləri gündəlikdə duran məsələlərin müzakirəsini davam etdiriblər. İlkin olaraq “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” qanuna edilən dəyişiklik müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən komitə sədri A, Rəhimzadə qeyd edib ki, sənədə əsasən nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanlarından daxil olmuş sənədlər əsasında 15 gündən güc olmayaraq qərar qəbul edir:
“Əvvəl bu müddət 5 gün nəzərdə tutulurdu. Lakin praktika göstərir ki, müvafiq qərar qəbul edilməsi üçün tələb olunan araşdırma xeyli vaxt tələb edir”.

“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə məlumat verən komitə sədrinin bildirdiyinə görə, Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindən 3200 ha torpaq sahəsi Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilir. Xəzər rayonunun inzibati ərazi dairəsinə daxil olan Gürgən qəsəbəsi Pirallahı rayonunun inzibati ərazi bölgəsinə daxil edilir. Gürgən qəsəbəsi Xəzər rayonunun tabeliyindən çıxarılaraq Pirallahı rayonunun tabeliyinə verilir: “Bu ərazi Pirallahı qəsəbəsinə daha yaxındır. Əhalisi də bu rayonda əmək fəaliyyəti ilə məşğuldur. Bu dəyişiklik Pirallahı rayonunun daha da inkişaf etməsinə səbəb olacaq”.

Sonda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı dinlənilib. Qurumun rəhbəri Mehdi Səlimzadə qeyd edib ki, hesabatda bələdiyyələrin fəaliyyəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, inzibati nəzarət tədbirləri, beynəlxalq əməkdaşlıq, maarifləndirmə tədbirləri və aşkar edilən nöqsanlar əksini tapıb. Onun sözlərinə görə, hesabat dövründə vətəndaşların bələdiyyələrlə bağlı müraciətləri 17 faiz artıb. Belə ki, 2013-cü ildə daxil olan 98 müraciətin 50 faizi bələdiyyələrdən kömək xarakterli olub. Müraciət edənlərin 25 faizi bələdiyyələrin fəaliyyətindən narazı qalıb, qalan müraciətlər isə sosial məsələlərin həlli ilə bağlı olub. İnzibati məsuliyyətə cəlb etmə 14 faiz azalıb, aparılan araşdırmalar və aşkar edilən nöqsanların sayında da azalma müşahidə olunub.

Deputat Qalib Salahzadə bildirib ki, bələdiyyələrin fəaliyyətində kifayət qədər problem var: “ 14 ildir ki, Bakı bələdiyyələrinin xəritələri verilmir. Xəritələrin olmaması isə bələdiyyələr üçün böyük problem yaradır. Rayon torpaq sahələri vətəndaşlara dədə-baba torpaqlarını verir, üstəlik məhkəmələrdə də buna şahidlik edir. Bununla bələdiyyələrin torpaqları darmadağın edilir, bələdiyyələrin başına oyun gətirilir, onları “julik” edirlər”.

Deputat Fəzail İbrahimli qeyd edib ki, bələdiyyələrdən fantastik işlər tələb edilir: “İndiki bələdiyyələri 3 qismə bölmək olar. Ağlı, düşüncəsi, savadı kreslosunun ölçüsünə uyğun gələn bələdiyyələr, ötən əsrin 70-ci illərin pioneri kimi əli cibində İcra hakimiyyətlərinin yanında duran bələdiyyələr və nə ondan, nə bundan olan bələdiyyələr. Əslində isə şəxsiyyəti olan bələdiyyələr böyük uğurlar əldə edir, heç bir icra hakimiyyətinə boyun əymir. Digər qrup bələdiyyələr isə icra hakimiyyətinin icazəsi olmadan heç bir iş görə bilmir”.

Komitə sədri Arif Rəhimzadə əlavə edib ki, dəfələrlə bələdiyyələrə inzibati nəzarət orqanının səlahiyyətlərinin artırılması üçün müraciət edilib:
“Bu orqan məhkəmə rolunu oynamamlıdır. Lakin bələdiyyələrlə yanaşı, onların fəaliyyətinə müdaxilə edən digər orqanların da qanunsiz işlərinə sədd çəkməlidir”.

Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə edilib.

 

Aytən Əliyeva 

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB