Yaxın vaxtlarda qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı parlamentdə layihə həyata keçiriləcək.
Bunu Modern.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
O qeyd edib ki, ötən sessiyalarda Milli Məclisdə süni intellektin qanunvericilik bazasında tənzimlənməsi məsələsi artıq qaldırılıb:
"Bu barədə mən də çıxış etmişdim. Mənim çıxışım süni intellektin yenilənməsi, həm də qanunlarımızın süni intellektin başa düşəcəyi dildə yazılması ilə bağlı olub. Çünki süni intellekt məlumatları oxuya bilməlidir. Bu gün Azərbaycanda qanunvericilik formatı süni intellektin onu oxumasına imkan yaratmır. Bununla bağlı xüsusi format var. Biz buna XML formatı deyirik.
Hazırda mənim bildiyimə görə Milli Məclisin daxilində bununla bağlı işlər gedir. Ola bilsin ki, yaxın vaxtlarda Milli Məclis qanunvericilik aktlarından birinin süni intellektin oxuya biləcəyi dilə çevirilməsi ilə bağlı layihə həyata keçirəcək. Kifayət qədər maraqlı istiqamətdir. Bu, yalnız qanunvericilik aktları ilə bağlı deyil. Ümumiyyətlə, bütün dövlət sənədləri, Nazirlər Kabinetinin qərarları süni intellektin başa düşəcəyi formata çeviriləndə zaman süni intellekt daha faydalı şəkildə ölkədə istifadə ediləcək".
Deputat vurğulayıb ki, süni intellektin tənzimlənməsi ilə bağlı müəyyən fikirlər mövcuddur:
"İlk dəfə dünyada Avropa Birliyi bununla bağlı qərar qəbul edib. Həmin qanunda maraqlı yanaşma var. Qərar süni intellektin özünün tənzimlənməsi ilə bağlı deyil, süni intellektin məhsullarının markalanması ilə bağlıdır. İnternetdə mahnılar, videolar, şəkillər, yazılar, məqalələr süni intellektlə hazırlanır. Avropa Birliyinin qərarında göstərilir ki, belə bir material olduğu zaman hökmən bunun süni intellekt tərəfindən hazırlandığı qeyd olunmalıdır. İnsanlar videonun, şəklin və ya şeirin süni intellekt tətəfindən yazıldığını bilməlidir. Oxşar təcrübə bizdə də tətbiq oluna bilər".
Tahir Mirkişili bildirib ki, Azərbaycanda da süni intellekt tərəfindən hazırlanan videolara, mahnılara, bəstələrə rast gəlinir.
"Hətta bunun bir mənfi tərəfi də var ki, kifayət qədər feyk məlumatlardan istifadə olunur. Süni intellektin imkanı kifayət qədərdir. Son zamanlar Tramp-Zelenski görüşünün süni intellekt tərəfindən sonda əlbəyaxa dava ilə nəticələnməsi ilə bağlı videolar yazılır. Bunların tənzimlənməsi qanunvericilik tərəfindən olmalıdır. Digər yandan tənzimlənmə nə qədər sərt olsa, bir o qədər inkişafın qarşısı alına bilər. Bu gün süni intellektin, ümumiyyətlə informasiya texnologiyaların tənzimlənməsi ilə bağlı iki yanaşma var: Qərb və Şərq. Qərb yanaşması deyir ki, biz texnoloji inkişafı tənzimləyib, müəyyən məhdudiyyətlər qoymalıyıq, Şərq yanaşması, yəni Çin yanaşması deyir ki, heç bir məhdudiyyət qoymamlıyıq. Tənzimləmər texnoloji inkişafın xərclərini də artırır. Məsələn, süni intellektin Qərb üçün 500 milyarda başa gələn layihələrinə Çində xərclənən vəsait 6 milyon dollar oldu.
Şərq yanaşmasında insanların fərdi məlumatlarının qorunmasına ciddi fikir verilmir, əvəzində texnologiya daha da sürətlə inkişaf edir. Qərb yanaşmasında isə insanların fərdi məlumatları ciddi qorunut. Bu da avtomatik olaraq texnologiyaların inkişafının qarşısını alır, çünki süni intellektin inkişafı üçün daha çox açıq məlumatlara ehtiyac var. Azərbaycan Qərblə Şərq arasında körpü rolu oynadığı üçün istənilən halda fikimcə orta yolu seçməliyik. Mənim yanaşmam ondan ibarətdir ki, bizdə müəyyən tənzimləmələr olmalıdır. Amma çox sərt tənzimləmələrə də ehtiyac yoxdur".
Qeyd edək ki, müsahibənin tam versiyasını tezliklə təqdim edəcəyik.