Modern.az

Borcdan, həyatdan bezən, övladına çörək tapmayan azərbaycanlıların İNTİHAR seçimi

Borcdan, həyatdan bezən, övladına çörək tapmayan azərbaycanlıların İNTİHAR seçimi

Ölkə

25 Yanvar 2014, 12:13

2013-çü ildə Azərbaycanda 324 nəfər özünə qəsd edib


Bütün insanların bu dünyaya gəlişi demək olar eyni cür baş verir. Bu dünyaya gələn hər kəs Allahdan ona qismət olan ömür payını yaşayır. Amma bu dünyaya gələn hər kəsin eyni yaşam tərzi olmur. Əlbəttə, bu bəxtdən, fərasətdən, qabiliyyətdən, ən başlıcası hər kəsin yaşadığı cəmiyyətdəki mühitdən çox asılıdır. Məhz bu amillərə görə insanların yaşam şəraiti eyni deyil. Bu dünyadakı insanların o dünyaya köçmələri də fərqlidir. Əcəli çatıb ölənlər, bədbəxt hadisələr səbəbindən ömrü yarıda kəsilənlər, hətta bələkdə ikən o dünyasına əbədi qovuşanlar var. Elə insanlar da var ki, onlar nə əcəli gözləyir, nə də qəzaların, bədbəxt hadisələrin qurbanına çevrilirlər. Onlar öz əlləri ilə, öz hərəkətləri ilə həyatlarına son qoyurlar. Bu yolun yolçuları intihar edənlərdir.

Modern.az saytının rəsmi mənbələrin açıqladığı məlumatlar əsasında apardığı araşdırmaya görə, 2013-cü ildə Azərbaycanda 324 insan bu yolu seçib. Özlərini həyatdan məhrum edənlərin 15-i hərbçi, 29-u məktəbli olub. Ötən il canına qəsd edənlərin 199-u kişi, 81 nəfəri qadındır. Həyatına qəsd etmək üçün müxtəlif vasitələrə atsalar da, niyyətlərini axıradək reallaşdıra bilməyənlərin sayı isə 184 nəfər olub. Bunların 93 nəfəri kişilərdir (4-ü hərbçi), 77-si qadın. İl ərzində 14 məktəbli və yeniyetmə intihara cəhd edib.

Dünyanın hər yerində, hətta ən inkişaf etmiş ölkə sayılan Yaponiyada da, Avropanın yaşayış üçün ən ideal ölkəsi hesab olunan İsveçdə, İsveçrədə də insanlar müxtəlif səbəbdən canına qəsd edir. Azərbaycanda da belədir. Amma bəlkə də bizdə bir şey inkişaf etmiş ölkələrdən fərqlənir, bu da insanların borca düşməsi, acınacaqlı həyat tərzindən bezməsi, hansısa məmur özbaşınalığı, yaxud işsizlik səbəbindən intihar kimi ən amansız çıxış yolunu seçmələridir.

Ehtiyatda olan polis mayoru özünü öldürüb

Yanvarın 24-də Ağcabədi şəhərində yaşayan, 60 yaşlı Şükür Quliyev ailə üzvlərinin gözü qarşısında sirkə turşusu içərək özünü zəhərləyib. Onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ehtiyatda olan polis mayoru uzun illər polis sistemində çalışıb və növbətçi hissə rəisi olub. 60 yaşlı Ş.Quliyevin intiharına səbəb kimi külli miqdarda pul borcunun olması göstərilib. Məlumata görə, o polis sistemindən təqaüdə çıxdıqdan sonra qohum-əqrəbadan xeyli miqdarda pul borc alıb. Ş.Quliyev daha sonra topladığı pulu faizlə başqa birisinə borc verib. Lakin onun borc verdiyi şəxs ölkədən qaçıb, Ş.Quliyev isə pis vəziyyətə düşüb. Nəhayət, qohum-əqrəbanın borcunu qaytara bilməyən ehtiyatda olan polis zabiti özünü öldürməklə canını qurtarıb.

Borclu sahibkar özünü güllələyib

Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində Abşeron rayon sakini, 39 yaşlı Bəxtiyar Məmmədov özünə məxsus “Audi Q7” markalı avtomobildə “Vinçestr” markalı silahdan atəş açaraq özünü öldürüb. Araşdırma zamanı məlum olub ki, sement biznesi ilə məşğul olan Bəxtiyar Məmmədov külli miqdarda borcu olduğuna görə özünü öldürüb. Hadisə baş verən gün Bəxtiyar qardaşına zəng edərək özünü öldürməyə getdiyini deyib. Qardaşı da özünə məxsus “Nissan-Patrul” markalı maşınla Bəxtiyarın olduğu “Audi Q7” markalı maşının arxasından gedib. Qardaşı arxadan Bəxtiyara çataraq maşını saxlamaq və bu yolla da onu intihardan çəkindirmək üçün əlindən gələni edib.
Hətta Bakı-Şamaxı yolunda “Nissan”la Bəxtiyarın maşınını yan tərəfdən sıxaraq saxlamağa məcbur edib. Uzun sürən ötüşmədən sonra qardaşı Bəxtiyarın “Audi”sini sıxaraq yoldan kənara çıxarıb və dayandırmağı bacarıb.
Maşından düşüb Bəxtiyara tərəf qaçsa da, o, maşının qapılarını və şüşələrini bağlayıb. Bəxtiyarın “Vinçester”i çıxararaq özünü öldürmək istədiyini görən qardaş onun ölümünün qarşısını almaq üçün hər şey edib. Şüşəni sındırmaq, qapını açmaq üçün yerdən daş, dəmir parçası axtarana kimi Bəxtiyar istədiyini edə bilib.
O, silahın lüləsini ürəyinə dayayaraq qardaşının gözü qarşısında atəş açıb. Şüşəni sındıran qardaş qan içərisində olan Bəxtiyarı xəstəxanaya çatdırsa da, gec olub, o artıq yolda keçinibmiş.
Sement ticarəti ilə məşğul olan iş adamı Bəxtiyar Məmmədovun müxtəlif firmalara 2 milyon məbləğində borcu olub.

Siyəzən rayon mərkəzində yaşayan Xalıq Ömərov sentyabrın 27-də səhər saatlarından evdən çıxıb və bir daha geri qayıtmayıb. Evdən çıxanda həyat yoldaşına “Tamara məni bağışla, özümü öldürəcəyəm” yazısı olan kağız qoyub.
Qadın həyat yoldaşının yazdığı kağızı görən kimi, Siyəzən rayon Polis Şöbəsinə müraciət edib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Samur-Abşeron kanalı yaxınlığında Xalıq Ömərova məxsus olduğu ehtimal olunan ayaqqabılar tapılıb.  Sonradan məlum olub ki, Xalıq Ömərov özünü Samur- Abşeron kanalına ataraq intihar edib.
Həyat yoldaşı Tamara Ömərova ilkin ifadəsində bildirib ki, Xalıq Ömərov borcu olduğu üçün özünə qəsd edib. Əldə olunan məlumata görə, Xalıq Ömərov 3 min manat borc götürüb. Həmin borcu qaytara bilmədiyi üçün məbləğ ikiqat artıb. Küllü miqdarda borca düşən Xalıq Ömərovun son günlər ürəyində problemlər də yaranıbmış. O, hətta bir dəfə infarkt da keçirib. Vəziyyətinin günü-gündən ağırlaşdığını görən Xalıq Ömərovun çıxış yolunu intihar etməkdə görüb.

İki uşaq atası olan Lənkəran rayonu, Ürqə kənd sakini, 34 yaşlı Qadir Həsənov yaşadığı evin həyətində özünü asmaqla həyatına qəsd edib. Onun borclu olduğu və borcunu ödəyə bilmədiyi də vurğulanıb. Qadir özünü öldürəcəyi barədə əvvəlcədən valideynlərinə də deyibmiş. Lakin yaxınları onun sözünü elə də ciddi hesab etməyiblər.

Cəlilabad rayonu, Gülməmmədli kənd sakini, 41 yaşlı Rövşən Əliyev həyətlərindəki yardımçı tikilidə özünü asıb. Mərhumun yaxınları bildirib ki, o, iri və xırdabuynuzla heyvan alveri ilə məşğul olurmuş. Rövşənin məhz alverdə borcu yarandığına görə intihar etdiyi təsdiqlənib.

Bakının Nizami rayonunda yaşayan, 53 yaşlı Akim Hüseynovun da intiharına səbəb külli miqdarda borca düşməsi olub.

Lənkəran rayonu, Kərgəlan kəndində fəhləlik etməklə pul qazanan 25 yaşlı Elvin Quliyev yaşadığı evin həyətində intihar edib.  Kənd sakinləri deyiblər ki, onun xeyli borcu olub. Hətta borcu qaytara bilmədiyindən həyatdan bezdiyini deyirmiş.

32 yaşlı Gəncə şəhər sakini Faiq Yusifov qarın nahiyəsinə bıçaqla xəsarət yetirərək həyatına qəsd etmək istəyib. Araşdırmalar zamanı məlum olub ki, F. Yusifovun banklardan birinə borcu olub və iyunun 3-də ödəniş etməli imiş. İmkanı olmadığından ödənişi edə bilməyən F. Yusifov əsəbiləşib və bıçaqla özünə xəsarət yetirib.

Gəncə şəhər sakini, 35 yaşlı Gülnar İsayeva sirkə turşusu içərək intihara cəhd etsə də, onun həyatını xilas etmək mümkün olub. Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları araşdırma zamanı məlum olub ki, G. İsayevanın bu addımı atmasına səbəb pul aldığı şəxsə borcunu ödəyə bilməməsidir.

63 yaşlı Fəxrəddin Həsənov intihar məqsədilə özünü Sabunçu rayonu ərazisində, “Koroğlu” metro stansiyası ərazisindəki körpüdən atıb. Lakin öz arzusuna çatmayıb. Ağır vəziyyətdə 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırılan yaşlı kişinin həyatı xilas edilib. blar. Araşdırmalar zamanı onun da borc üzündən intihar cəhd etdiyi məlum olub.

Qarabağ döyüşçüsü həyatdan bezib, özünə qəsd edib

Qarabağ döyüşlərində iştirak edib kantuziya alan Şəmkir rayonu, İrmaşlı kənd sakini, 39 yaşlı Ağalar Məmmədov həyatından bezərək evində intihar edib. Müharibə veteranı xəstə olan 3 azyaşlı uşağının dərdinə əlac edə bilməməsindən sarsılıbmış və uşaqlarının və həyat yoldaşının gözləri qarşısında bıçağı sinəsinə soxub.

Sumqayıt şəhəri, Köhnə Corat qəsəbə sakini, 62 yaşlı Ədalət Quliyev yaşadığı evdə “Vinçestr” markalı silahdan başına atəş açaraq özünü öldürüb. Əvvəllər sürücü işləyən kişi təqaüddə imiş. Onun cibindən çıxan  məktubda həyatdan bezdiyini və ölmək istədiyini yazıb.

Həyatdan bezənlərin vida məktubları

Bərdə rayonu Piyadalar kəndində yaşayan, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq İdarəsində baş mühasib işləyən, 47 yaşlı Vəliş Məmmədov kəndin qəbiristanlığında, mərhum anasının qəbrinin yanında özü ilə gətirdiyi ov tüfəngindən sinə nahiyəsinə atəş açaraq intihar edib. V.Məmmədovun cibində özü tərəfindən yazılaraq qardaşı Əliş Məmmədova ünvanlanmış məktub aşkar edilib. O,  məktubda onu özünü öldürməyə heç kimin vadar etmədiyini, yaşamaqdan bezdiyini göstərib.

Nərimanov rayonunda 4 qız, 2 oğul atası  olan 57 yaşlı Zabir Tundayev həyatından bezdiyi üçün özünü asıb. Mərhumun cibindən tapılan məktubda yazıb: “Həyatımdan bezmişəm. Problemlərimi həll edə bilmirəm”.

Sabunçu rayonu Bakıxanov qəsəbə sakini, Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun baş elmi işçisi, 52 yaşlı Şahlar Talıbov özünü asıb. O, intihar etməzdən əvvəl yaxınlarına məktub da yazıb. Burada Ş.Talıbov həyatdan bezdiyini, maddi vəziyyətinin çətinliyini qeyd edib.

“Bank of Baku”nun işçisi 57 yaşlı işçisi Rauf Abdullayev  Nərimanov rayonundakı həyətlərdən birində özünü qaz borusundan asıb. O, cibindən çıxan məktubda həyatına qəsdinin səbəbini yazıb. Ancaq məktubun məzmunu istintaqın gedişinə xələl gətirilməməsi üçün açıqlanmayıb. Onu da əlavə edək ki, R.Abdullayev hadisədən iki gün əvvəl yoxa çıxıbmış.

Kəlbəcər rayon sakini, Gəncədəki Dəmir Yol Yataqxanasında məskunlaşan, 58 yaşlı Güllü Süleymanova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, o, Gəncə şəhər Ruhi Əsəb Dispanserində qeydiyyatdadır və II qrup əlildir. 58 yaşlı qadın yaşamaq istəmədiyini deyib və yaşadığı mənzildə sirkə turşusunu içərək özünü öldürmək istəyib.

Yaşamaq istəmədiyini deyərək, danadişi zərərvericisini məhv etmək üçün istifadə edilən preparat içərək özünə qəsdə cəhd edən 76 yaşlı Gəncə şəhər  sakini Aidə Məmmədovanın da niyyəti baş tutmayıb.

Nərimanov rayonunda 23 yaşlı Əşrəf Muradov həyatdan bezdiyi üçün özünü zəhərləyib. O, özünü öldürmək məqsədilə bir neçə qutu dərman içib. Onu huşsuz vəziyyətdə ailə üzvləri aşkarlayıb. Dərhal Ə.Muradov xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Övladlarının ac qalmasına dözə bilməyən ata özünü öldürüb

Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşayan, ikin uşaq atası  Polad Astarov özünü asaraq intihar edib. Özəl şirkətlərdən birində mühafizəçi işləyən 34 yaşlı atanın övladlarının ac qalmasına dözməyərək həyatına qəsd etdiyi bildirilib. 
“Kasıblıqdan əziyyət çəkirik. İki uşağım yarıac, yarıtox dolanır. Polad uşaqları bu vəziyyətdə görüb dözə bilmirdi. Mühafizəçi işləyirdi. Aldığı maaş dolanışığımıza bəs etmirdi. Axırda da özünü öldürdü”, - deyə mərhumun həyat yoldaşı hadisədən sonra istintaqa belə deyib. 

23 yaşlı Gəncə şəhər sakini Aygün Məmmədova da kasıb həyat tərzindən bezdiyi üçün soyuducuda olan sirkə turşusunu içərək özünü öldürmək istəyib.

Əlillikdın yox, ehtiyacdan bezib canına qıyıb

Hacıqabul rayon sakini, cavanlığında bir ayağını itirən Barat Hüseynov sirkə turşusu içərək özünü zəhərləyib. Yaşlı kişi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlum olub ki, onu əlillik yox, ehtiyac onu həyatdan bezdirdiyi üçün həyatına qəsd edib.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 240-cı kilometrliyində, Ağdaş şəhəri ərazisində 35 yaşlı Sevinc Tağıyeva özünü qəflətən Mingəçevir sakini, Vəzir Cəfərovun idarə etdiyi “Opel Vectra” markalı minik maşınının altına atıb. Xəstəxanaya çatdırılsa da, 3 uşaq anası orada ölüb.
Hadisə yerində olanların sözlərinə görə, gənc qadın həyat yoldaşından boşanıb. Kimsəsiz olan və ailəsini dolandıra bilməyən qadının intihar etmək məqsədilə özünü avtomobilin altına atdığı bildirilib.

Bakının Səbail rayonunda, “Torqovı” adlanan ərazidə, Natəvanın heykəli yaxınlığında 32 yaşlı kişi 5 mərtəbəli binanın üstünə çıxaraq özünü atacağını deyib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətin və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyət nəticəsində intihara cəhdin qarşısı alınıb. Paytaxt sakini Mais Məmmədovla psixoloji söhbət zamanı məlum olub ki, o maddi çətinliklər səbəbindən həyatdan bezərək intihar etmək qərarına gəlib.

Zərdab rayonu, Burunlu kənd sakini, 32 yaşlı Rafiq Qurbanov ov tüfəngi ilə özünə atəş acaraq xəsarət yetirib. O, yaşamaqdan bezdiyini və buna görə özünü öldürmək istədiyini deyib. 

Dəhşətli qətl sonrası dəhşətli intihar

İmişli rayon mərkəzində yaşayan 69 yaşlı Davud Abbasov aralarında yaranan münaqişə nəticəsində rayon ərazisində qaz pulu yığan 51 yaşlı Mübariz Fərəcovu  tüfəngdən atəş açaraq qətlə yetirib. Daha sonra D. Abbasov tüfənglə özünü də vuraraq həyatına son qiyub. 

Cehizindən razı qalmayan qız özünü öldürüb

Lənkəran rayonu, Günəhir kənd sakini, 22 yaşlı Günəş Qulamova kəndin yaxınlığındakı meşə massivində ağacdan özünü asıb. Hadisədən bir gün sonra onun toyu ilacaqdı. Kənd sakinlərinin verdiyi məlumata görə, intihara maddi imkansızlıq səbəb olub. Belə ki, Günəşin ailəsi kasıb olduğundan qızlarına yaxşı cehizlik verə bilməyiblər. Sakinlərin dediyinə görə, Günəş çox əsəbi olub. Valideynlərinin ona yaxşı cehiz vermədiyinə hirslənən gənc qız gərgin psixoloji duruma düşüb. Bundan sonra 22 yaşlı qız etiraz olaraq çarəni özünü öldürməkdə görüb.

Həyatdan bezən Qarabağ qazisinin ah-naləsi

Qarabağ müharibəsində döyüşüb, erməni işğalçılarına sinə gərən, amma üzləşdiyi problemlə bacarmayan Yardımlı rayon sakini Namiq Tərlanov dənizkənarı Milli Parkda özünü dənizə atıb. Amansız həyat tərzindən bezən keçmiş döyüşçü xilas olunandan sonra deyib ki, Qarabağ müharibəsində ağır yaralanıb, hazırda 6-7 qabırğası yoxdur. N.Tərlanov xəstə olmasına, kəskin ağrılarına baxmayaraq, dövlətin köməklik etməməsindən şikayətlənib və həyatdan bezərək özünü öldürmək istədiyini bildirib.  

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi