Bu dünyada hər kəs üçün ölüm var, gec və ya tez… Elə buna görə də deyirlər “Əcəldən qaçmaq olmaz”. Amma yaşamaq gözəldir və insan gerçək həyatda qalmaq ümidilə hətta ən axır məqamda da saman çöpündən belə, yapışmağa hazırdır. Təki əcələ qalib gəlib, ömrünü uzada bilsin… Ölümlə çarpışan, daim mübarizə apararaq həyata davam edənlər insanlar az deyil.
Belələri arasında məşhurlar, tanınmışlar da var. Azərbaycanda da həmçinin…
Modern.az saytı əcəllə çarpışan, ölümə qalib gələn tanınmış simalardan bəzilərini bir daha xatırladır.
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Daha sonra isə Türkiyədə yaşayan məşhur iş adamı, “Palmali“ şirkətinin prezidenti, həmyerlimiz Mübariz Məsimovun maliyyə yardımı ilə qardaş ölkəyə aparılıb. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülüb. Beləliklə də ölümə qalib gələn Baloğlan Əşrəfov həyatda qala bildi və hazırda sənətçi fəaliyyətini davam etdirir.
Ölümə qalib gələnlərdən biri də xalq şairi Zəlimxan Yaqubdur. O, uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkir. Şair 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı keçirib və hər iki böyrəyi çıxarılıb. Həmin vaxtdan sonra daim həkim nəzarətində olan şair mütəmadi olaraq dializə gedir. Sonradan elə Almaniyada ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. Hətta 2013-cü ilin payızına təyin olunan transplantasiya əməliyyatı da bəzi səbəblərdən ertələnib. Zəlimxan Yaqub hələ ki ölümlə çarpışır...
Azərbaycan Televiziyasının tanınmış diktoru, xalq artisti Rafiq Hüseynov da isə keçən ilin payızında onkoloji müayinədən keçərkən onda ağciyərində xərçəng xəstəliyi tapılıb. Bu diaqnozdan sonra diktor Türkiyəyə müalicə olunmağa gedib və dekabrda orada əməliyyat olunub. Hazırda vəziyyətinin yaxşı olduğu qeyd edilən diktorun müalicəsi və müayinəsi Bakıda, akademik Əhliman Əmiraslanovun klinikasında davam edir. O kimya terapiyası alır.
Rafiq Hüseynov belə demək mümkünsə, əzrayılla çiling-ağac oynamaqdan qalib ayrıldı...
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu əcəllə kəllə-kəlləyə gələnlərdəndir. Hələ ki üstünlük şairin tərəfindədir. O da xərçəng xəstəliyindən əziyyət çəkir. Daha əvvəllər qan təziyinin yüksəlməsi və şəkərdən zəiyyət çəkən xalq şairi daim müalicələr alırdı. Onda xərçəng xəstəliyi aşkarlandıqdan sonra isə ötən ilin dekabrında müalicə üçün İsrailə yollandı. Hazırda Bakıda müalicə olunan V.Səmədoğlu iki-üç günə yenidən İsrailə gedəcək.
Ölümlə çarpışan əməkdar artist, aktrisa Xanım Qafarova 2009-cu ildən süd vəzi xərçəngindən əziyət çəkir. 2009, 2011, 2012-ci illərdə bu xəstəlikdən əməliyyat olunub. Hər iki döşünü və uşaqlığı kəsilib götürülsə də, xəstəlik ondan əl çəkmir. Sonuncu dəfə bu yaxınlarda müalicə üçün Türkiyəyə üz tutan aktrisa İstanbulda yerləşən Fatih Üniversitesi Tıp Fakültesi Hastanesində müayinə olunub. Müalicəsi isə Sante Onkoloji Mərkəzində davam edən aktrisa müəyyən aralıqlarla qardaş ölkəyə gedərək müalicəsini davam etdirir.
2012-ci ilin sentaybrında qəfildən teatrda halı pisləşən xalq artisti Afaq Bəşirqızına aparıldığı Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar çatışmazlığı diaqnozu qoyulub. Qısa zamanda burada əməliyyat olunan aktrisanın hazrda vəziyyəti yaxşıdır.
Ürək-damar çatışmazlığı xəstəliyindən əziyyət çəkən digər xalq artisti İlhamə Quliyeva da Mərkəzi Neftçilər Xəstəxanasında 2012-ci ilin avqustunda əməliyyat olunub. Açıq ürək əməliyyatı keçirən xalq artisti hazırda vəziyyəti normaldır və mütəmadi olaraq həkim nəzarətində olur, müayinələrdən keçir.
Keçən ilin yanvarında xalq artisti Firəngiz Mütəllimovanın isə beyin damarlarında tutulmalar nəticəsində təzyiqi qalxırdı. Türkiyədə beyin kavernomasından (xoşxassəli, anadangəlmə şiş - red) əməliyyat olunandan sonra həyatına heç bir təhlükə qalmayıb. Lakin daim həkim nəzarətində olan aktrisa yenidən müayinə üçün Türkiyəyə yollanıb.
Döş vəzi xərçəngindən əziyyət çəkən əməkdar artist Kübra Əliyeva da bir ildə iki dəfə əməliyyat olunub. 2012-ci ildə döşlərinin hər iki amputasiya olunan sənətçinin aldığı kimya terapiyasından sonra saçları tökülüb. Hazırda Respublika Milli Onkologiya Mərkəzində müalicəsini davam etdirən sənətçinin səhhəti yaxşıdır. Necə deyərlə ölümə qalib gələnlərdəndir...
Aytən ƏLİYEVA