Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi bu elm müəssisəsində çalışanlar üçün radikal tədbirləri davam etdirir. Modern.az saytının xəbərinə görə, AMEA rəhbərliyinin növbəti addımı akademiya institutlarında çalışan işçilər üçün yaş məhdudiyyəti senzini tətbiqi ilə bağlıdır.
Bu barədə Modern.az-a məlumat verən AMEA-nın adlarının çəkilməməsini istəyən yaşlı elmi işçiləri təklifin alimlər arasında ciddi narazılıq doğurduğunu vurğulayıblar.
Məlumata görə, akademiya rəhbərliyi artıq AMEA institutlarının rəhbərlərinə yaş məhdudiyyəti senzinin tətbiq oluna biləcəyi barədə göndəriş ünvanlayıb. Eyni zamanda bildirilir ki, AMEA rəhbərliyi məsələyə baxılması üçün Nazirlər Kabinetinə də elmi işçilər üçün yaş məhdudiyyəti senzinin tətbiqi ilə bağlı təklif göndərib.
”Alimin gənclik enerjisi və müdriklik yaşı var! Alimin məhsuldarlıq dərəcəsi var! Moskvalı böyük estetik Yuri Borisoviç Borevin 90 yaşı var, üç yerdə işləyir və yüksək məhsuldarlıqla fəaliyyət göstərir! Eləcə də bizim alimlərin bir çoxu!! Elmdə varislik ənənələrini pozmaq olmaz, bu ictimai fəlakət doğurar! Sələflər və xələflər hər bir sahədə, xüsusilə elmdə vacib məsələlərdəndir! Elmə, alimə azadlıq vacibdir” deyən yaşlı alimlər Modern.az-a şikayətlərində vurğulayıblar.
Xatırladaq ki, hazırda Azərbaycandakı rəsmi idarə, müəssisə və təşkilatlarda işçilərə yuxarı yaş senzi kimi 65 yaş məhdudiyyəti tətbiq olunur.
Qeyd edək ki, AMEA rəhbərliyi bir müddət öncə işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarını qarşını almaq məqsədilə kart sistemi (“turniket”) də tətbiq etməyə başlayıb. AMEA institutlarının girişində qoyulan “turniket”lər bu strukturda çalışan elmi işçilərin narazılığına səbəb olub.
A.Qorxmaz