Nə qədər qəribə olsa da, indilərdə anasına bağlı olan oğlan uşaqlarını daha çox gözə dəyir. Amma əvvəllər “Qoç igid dayısına oxşar” deyimi əsas götürərək “asıb-kəsən” güclü cins nümayəndələri arasında nadir hallarda belə tiplərə rast gəlmək olardı. Həyat isə bizi hazırda anasından asılılıq duyan oğlanlarla tez-tez qarşılaşdırır. Ən təəccüblü olan budur ki, hətta evləndikdən sonra belə bu gənclər analarından “qurtula bilmirlər”. Bəzən hər addımlarını belə, anaları ilə məsləhətləşən və onların tövsiyəsi ilə hərəkət edən kişilər ömürlərinin sonunadək loru dillə desək, “mama uşağı” olaraq qalırlar.
“Əslində oğlan uşaqları əsasən anaya, qız uşaqları isə atalarına bağlı olur. Araşdırarkən psixoanalizlərdə bu onunla izah olunur ki, biri o birində tamamlanır. Oğlan uşağı fikirlərini daha çox anasına ifadə edir. Bu ona bir növ, rahat gəlir“. Bunu Modern.aza psixoloq Elnur Rüstəmov deyib.
“Uşaq hətta atasından nəsə istəyirsə, onu əvvəlcə anasına deyir. Ana arada vasitəçi olur. Dərs oxumada, hazırlıq kurslarına gedəndə anasından kömək istəyir. Bu əslində normal prosesdir. Sadəcə, valideynlər bir məqama diqqət etməlidirlər. Yeniyetməlik dövründə bu bağlılıqdan bir az qopmaq lazımdır. Uşaqlara, xüsusən də oğlanlara müəyyən dərəcədə azadlıq vermək gərəkdir. Əlbəttə, tam olaraq yox. Müəyyən dərəcədə azadlıq verilməsi zamanı uşaq dərsini daha yaxşı mənimsəyəcək məsuliyyəti özü də dərk edəcək. Həddindən artıq bağlılıq olanda uşaq fikirləşir ki, mən atam, anam, ailəm üçün oxuyuram. Əslində o özü üçün oxuyur. Əgər uşaq belə düşünürsə, bu ailədə valideyn övlad münasibətinin düzgün qurulmama səbəbindən baş verir”.
Psoxoloq qeyd edir ki, “ana uşağı” o ailələrdə daha çox formalaşır ki, o ailələrdə ata ilə ana arasında konflikt var.
“Əri ilə problem yaşayan qadın meylini daha çox övladına, əsasən də oğlan uşağına salır. Bu zaman övlada düşkünlük yaranır. Bu uzun müddət davam etdikdə uşaq böyüyür və ailəqurma zamanı gəldikdə problemlər yaşanır. Ailə qurduqdan sonra belə, ana “hakimmiyyəti” əldən verməməkdən ötrü gənc ailəyə müdaxilə etməyə başlayır. Ailənin yönləndirilməsi prosesində daha aktiv iştirak edir. Bütün bunlar da ailədaxili konfliktlərin yaranmasına səbəb olur. Bu yöndən valideynlər daha çox diqqətli olmalıdır.
Bu problem özünü əsasən yeniyetməlik dövründə büruzə verir. Valideynlərin uşaqların bu dövründə diqqətli olmaları vacibdir. Əgər bu balansı qoruyub saxlaya bilərlərsə, “ana uşaqları” zaman keçdikcə cəmiyyətdə tam faydalı bir övlada və vətəndaşa çevrilə bilər. Ancaq çox təəssüf ki, bu gün ailədaxili konflikt, diqqətin oğlan uşağına yönləndirilməsi bir çox neqativ halların yaşanmasına gətirib çıxarır”.
E. Rüstəmov bildirir ki, bütün bu xırdalıqlar getdikcə böyüyür və hətta boşanmalara da səbəb olur.
“Fikir versəniz həmin boşanmaların kökündə daha çox analar durur. O analar da istəmədən konfliktin səbəbinə çevrilir. Bu proses istəyərəkdən baş vermir. Meydana çıxan gəlin-qaynana problemi də ananın oğluna ifrat sevgisindən, bağlılığından irəli gəlir. Qaynana yersiz müdaxilələr etməyə başlayır: “Oğluma yaxşı baxmırsan, yeməyi istədiyi kimi bişirmirsən, geyiminə fikir vermirsən, ərinlə maraqlanmırsan” və s. Əslində, gəlin hər şeyi yerli-yerində edir. Lakin ananın narahatlığı prosesin nəzarətdən çıxmağına səbəb olur. Buna görə də balansın qorunub saxlanması olduqca vacibdir”.
Gülşən Raufqızı