“Bu gün piket keçirilməsinə icazə verilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib. İcazə verilib-verilməməsindən asılı olmayaraq, piketimiz mütləq keçiriləcək”. Bunu Modern.az-a açıqlamasında “Gündəm xəbər” qəzetinin baş redaktoru Şirin Cəfərli deyib.
Xatırladaq ki, yanvarın 25-də son qəzetlərə yaradılan əngəllər, qəzet köşklərinin bağlanması, yayım firmalarına olunan təzyiqlər, səyyar qəzet satışının qadağan olunması ilə bağlı redaktorların və yayımçıların toplantısı keçirilib. “Ayna”/“Zerkalo” qəzetinin redaksiyasında baş tutan görüşdə qərara alınıb ki, yanvarın 31-də Bakıdakı Sabir bağında piket keçirilməsinə icazə verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilsin. Qəzet rəhbərləri 1 günlük tətili keçirməyi də düşünürlər. İlkin olaraq 7 qəzet bu aksiyalara razılıq verib.
Şirin Cəfərlinin sözlərinə görə, aksiyada iştirak edən qəzetlərin sayında artım olacağı gözlənilir: “Hələlik aksiyalarda konkret 7 qəzetin iştirakı məlumdur. Bunlar “Yeni Müsavat”, “Azadlıq”, “Gündəm xəbər”, “Novaya Vremya”, “Bizim yol”, “Ayna-Zerkalo”, “PreSS Əks-Səda” “Press-elita”dır. Amma iştirak etmək istəyənlərin sayında artım olacağı gözləniləndir. Siyahıda təkcə siyasi yox, hətta əyləncə qəzetləri də var”.
Misranə Həsənzadə