Modern.az

Məhəmməd Əmin Rəsulzadəni rahatsız edən məsələlər...

Məhəmməd Əmin Rəsulzadəni rahatsız edən məsələlər...

Ədəbiyyat

28 Yanvar 2014, 00:51

Müstəqil Ağayev

AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi

RƏSULZADƏNİN İRSİNDƏ ELM, MAARİF VƏ MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ

Məhəmməıd Əmin Rəsulzadə ictimai fikir tariximizdə elmin, maarifin, mədəniyyətin qızğın təbliğatçısı kimi tanınıır. O, xalqımızın siyasi şüur, maarif və mədəniyyət cəhətdən geriliyinin, avamlığının səbəbini elmsizlikdə, bu sahəyə biganəlikdə, laqeydlikdə və bütün bunların da  səbəbini həm çarizmin siyasətində, həm də elmin əleyhinə çıxan, xurafat və cəhalət təbliğ edən ruhanilərdə görürdü.

Qonşu ermənilərə və gürcülrə nisbətən hər sahədə geridə qalan Azərbaycan xalqının  bu vəziyyəti Məhəmməd Əmini rahatsız edirdi. Milləti qəflət yuxusundan oyada biləcək, onun milli şüuruna təsir göstərə biləcək, bütün yaxşı və pis əməllərinə güzgü tuta biləcək hər bir hadisəni M.Ə.Rəsulzadə böyük razılıq hissilə qarşılayırdı.

O, 1903-cü ildə Tiflisdə  “Şərqi-Rus” qəzetinin nəşrə başlaması münasibəti ilə öz sevincini və razılığını bildirən məktubla M.A.Şahtaxtlıya müraciət edərək yazırdı: “ Səadətli Məhəmməd Ağa hüzuruna! Həmd olsun Xüdavəndi Təbarəkə və Təalaya, illər ilə yolunu gözlədiyimiz və gecə-gündüz arzusunda olduğumuz türk- Azərbaycan qəzeti himmətli cənab  Məhəmməd Ağanın qələminin  ağzından Tiflisdə  “Şərqi-Rus” adında  aləmi-intibaə qədəm qoydu. Şükr və min dəfə şükr ki, biz Qafaqaz müsəlmanları da  bir qəzet sahibi olduq!

Allah millətimiz arasında himmətli əşxası çoxaltsın, yainki bu nəvaqisatımız ki, həddən ziyadədəir,  yavaş-yavaş düzələ. Həmd! Sümmə həmd ki, çox gec də olsa, amma yenə müsəlmanların da asari-tərəqqiləri görünür. Bu şərifə qəsetənin səbəbilə Allah bilir ki, gələcəkdə biz Qafqaz  müsəlman taifələrindən nə qədər nəvaqisat (nöqsanlar – M.A.) rəf olacaqdır”.

Müəllif bu məqaləsində Azərbaycan xalqının maariflənməsində, elmə, mədəniyyətə yiyələnməsində, əsrlərlə davam edən  gerilikdən, cəhalətdən, avamlıqdan xilas olmasında, nöqsanlardan təmizlənməsində, inkişaf etmiş millətlər səviyyəsinə yüksəlməsində  mətbuatın oynaya biləcəyi rolu nəzərə çatdırmaq istəyirdi.

Aydındır ki, tərəqqi, inkişaf – elm, nəzəri və təcrübi biliklər  nəticəsində mümkündür.  Bunlar isə öz növbəsində, kitab, qəzet, jurnal və s. ilə bağlıdır. Lakin bunları əldə etmək həmişə hamıya müyəssər olmurdu. Maddi imkanın olmaması nəticəsində əhalinin əksər hissəsi bu cür elm və bilik mənbələrindən istifadə edə bilmirdi. Bunu nəzərə alaraq, dövrün ağıllı, uzaqgörən, vətənpərvər ziyalıları  xüsusi kitab evləri, qəzet və jurnalların saxlanması və mühafizəsi üçün binalar təşkil etməyi zamanın aktual və vacib məsələsi kimi qarşıya qoymuşdular.

1906-cı ildə millətin qeyrətli oğlu M.Ə.Rəsulzadə mədəniyyətin inkişafında qiraətxanaların əhəmiyyətini qeyd edərək yazırdı:”İyirminci qərinə çatdı. Cümlə millətlər tərəqqiyə üz çevirdilər. İstibdad və zülmün inhidaminə qəsd etdilər. Mədəniyyət yolları açıldı.  Aralıqda tərəqqiyə sədd çəkən mümaniat götürüldü. ..İslam qəzetləri dəxi bollandı. Çox şəhərlərdə birər qəzetə, jurnal nəşrinə iqdam edildi.  Qəzetələrin artması oxucuların artmasına dəlil olmazmı? Oxucularımız varsa, qəzetə müştaqları bol isə, bir “oxu” yeri, qiraətxanə açılması təbii olmazmı? Odur ki, şəhərimizin qüdrətli və himmətli cavanlarından bir firqəsi himmət və qeyrət kəmərini bağlayıb Bakıda “Nicat” adında bir qiraətxanə açdılar. Əfv buyurunuz, əfəndilərim! Şəhərimizdə yalnız bir “Nicat” deyil, bir də - qiraətxaneyi-ümumi”- deyə  oxu yerimiz vardır ki,  həmiyyətli mütəəllimlərimiz tərəfindən idarə edilir..

Ey mədəniyyətli, həmiyyətli əhli-maarif yoldaşlarım! Sizdən xahiş budur ki,  bu tövr mədəniyyət asarı olan  təşəbbüsatda qayım durunuz , millətimizə rəhbər sizsiniz- rəhbərlik vəzifəsini ifayə hazırlaşınız! Hər dürlü ümuri-xeyriyyəyə iqdam edib  millətə xidmətdən usanmayınız.

Ey cəmaət, ey millət,  ürəfalarla birləşməlisiniz...onlara maddi yardım etməlisiniz! Hər kəs təkliyində hər dürlü qəzetlərin hamısını alıb oxumağa, hər qisim kitabalrı pul verib mütaliəryə qüdrəti olmaz. Amma qiraətxanə vasitəsilə  iki qəpikdən keçərək nə qədri oxumalı olsa mümkündür.

Yaşasın maarif!
Var olsun əhli-maarif!”

M.Ə.Rəsulzadə mətbuatı millətin çırağı hesab edir və bu çırağı daim şölələndirməyə, sönməsinə imkan verməməyə çağırırdı. O, millətin  sosial-siyasi və mədəni inkişafında böyük əhəmiyyət daşıyan mətbuatın  azad olmasını, təqib və təzyiqlərə məruz qalmamasını vacib sayırdı. “Mətbuat azadlığı” məqaləsində deyirdi: “Hər ölkənin mədəniyyətinin inkişafı onun  ədəbiyyatının inkişafı ilə  bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də  onun mətbuat azadlığı ilə bağlıdır. O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun”...

Mətbuat mühüm  milli qüvvələrdən biridir O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın yç qüvvəsi: birinci- qanunverici, ikinci- icraedici, üçüncü – hüquq orqanları. Bundan sonra mətbuat gəlir.  Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində  elmi, ədəbi və siyasi  xəbərlərlə tanış olur. Mətbuatı hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu  öz səhifələrində dərc edir..Mətbuat dövrünün mədəniyyət carçısıdır, .siyasət üzərində nəzarətçi(olan) kütləvi təbliğat vasitəsidir, ictimai formalaşdırandır.

Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyadakı dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir.

Hökuməti nalayiq işlərdən çəkindirən, onun frəaliyyətini bir an belə  gözdən qoymayan, ciddi əsasla tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən də mətbuatdər. Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur”.

M.Ə.Rəsulzadə çox bacarıqlı, təcrübəli, savadlı bir mühərrir idi. Onun məqalələrinin heç birində  mənəviyyatdan, əxlaqdan xaric, xoşa gəlməyən yazıya rast gəlmək mümkün deyil. Özünün nifrət və qəzəbini, ağrı-acısını, kinini  elə incə və gözəl şəkildə ifadə edir ki, müəllifin ustalığına, qabiliyyətrinə heyran olur, həsəd aparırsan.  Bu keyfiyyət hər  yazara qismət olmur. Onun qələmindən çıxan yazılar insan fəaliyyətinin bütün sahələrini əhatə edir. Bu onu göstərir ki, Məhəmməd Əminin görüş dairəsi olduqca geniş, söz xəzinəsi çox zəngin, hafizəsi iti, yaddaşı möhkəm, qələmi qərəzsiz,  iradəsi güclü, əqidəsi, məsləki sabit, qəlbi vətənə, xalqa, ümumiyyətlə insanlığa bağlı nadir simalardan biridir.

M.Ə.Rəsulzadənin dili bu gün bəziləri üçün bir qədər çətin anlaşılan olsa da, fikirlər, cümlələr arasında məntiqi bağlılıq, aydınlıq, sərrastlıq özünü göstərir. O, yazısının kəmiyyətinə yox, keyfiyyətinə, məzmun dolğunluğuna, hədəfə sərrast dəyməsinə daha çox diqqət yetirirdi.

Bu böyük insan millətə, xalqa müraciət edərək, onları yaranmış imkandan istifadə etrməklə,  öz uşaqlarının elm və tərbiyəsindən başqa bir şey nəzərdə tutmamağa çağırır, öz övladlarını  məktəbdə oxutmağı məsləhət görür :” Qafqaz müsəlman əhalisindən və Bakı əhlindən  xüsusi təvəqqə  kəsb eləməkdən başqa bir şey mənzur tutmasınlar Məsələn, hər kəsin ki, qüvvəsi çatır uşağını məktəbə qoymağa, məbada-məbada palçıxçı, dükançı və qeyrə razı olsun. Bizim təsəvvürümüz budur ki,  “Şərqi-Rus” qəzeti bu mətalibi layiqincə milləti-məhruməyə fəhm etdirəcəkdir”

Rus imperiyası ucqarlardakı müstəmləkə xalqlarının  iqtisadi və mədəni həyatının  inkişafına hər cür maneçilik törədir, “qara camaat”ın maariflənməsini , elmə yiyələnməsini özünün mövcudluğu üçün təhlükə sayırdı.  Əyalətlərdə tək-tük açılan məktəblərin də proqramlarında əsas yeri imperiyaya sədaqətli xidmətçilər yetişdirmək vəzifəsi tuturdu. Buna görə də millətlər öz tarixi keçmişindən, ədəbi, mədəni, fəlsəfi irsindən xəbərsiz idilər. Savadsızlıq, elmsizlik hökm sürürdü. İnsanların hüquqları tapdalanır, mənliyi, şərəfi təhqir edilir, zülm, istismar, təqib və təzyiq güclənirdi.  Millətin düçar olduğu bu dərdə dərman tapmaq istəyənlərin sayı isə olduqca az, özləri də dağınıq və əlaqəsiz idilər. Aclıq, xəstəlik  minlərlə insanın həyatına son qoyurdu.

Bu cür çətin və ağır bir şəraitdə tək-tək adamlar ayrılıqda heç bir iş görməyə qadir deyildilər.  Zaman, real vəziyyət isə birləşməyi, himmət  göstərməyi, əl-ələ verib kollektiv şəkildə bir iş görməyi, bir şey yaratmağı tələb edirdi. “Yatmışları” silkələyib oyatmaq, onların gözlərini açmaq, onları birləşdirib qabaqlarına düşmək, elmə, maarifə, mədəniyyətə doğru aparmaq lazım idi. Belə bir vaxtda millətin xilaskarı M.Ə.Rəsulzadə öz səsini ucaltdı, meydana atılaraq, müasirlərini birliyə, himmətə çağırdı. Onun “Himmət və qeyrət vaxtıdır” başlıqlı məqaləsi belə bir zərurətin məhsulu idi. O öz məqaləsinə bu sözlərlə başlayır: “İlahi, havaxtacan bizlər gecə-gündüz  fikrə qərq olacaq, millətimizın dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır?

Bəli, vardır! Nə şeydi bizə mane olub?  Himmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə  təfaxür edərlər ki,  bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür etməli  nəyi vardır? Məgər vaxt gəlməyib ki,  bu dərdlərin çarəsini edək?”

Müəllif bu suala özü cavab verir. Müasirlərini, ürəyində xalqa, millətə, vətənə  məhəbbət hissi olanları, qeyrətli varlıları himmət etməyə, məktəblər açmağa, xeyriyyə cəmiyyətləri təşkil etməyə, kasıblara, əlsiz-ayaqsızlara əl tutmağa, elm öyrətməyə səsləyir, həm də bunun savab iş olduğunu, axirətdə Allah tərəfindən yüksək qiymətləndiriləcəyini söyləyir: “Qardaş.lar!  gəlin, hamımız birdən himmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqəraya əl tutaq.Ta Allah da  bizim əlimizdən tutsun.

Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqəraya əl tutmaq insanın ömrünü uzun eylər. Budur, axirət səvabı isə daha artıq. Bu vaxta bizə lazım və vacibdir ki, himmət edib elm öyrənməyə, öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam tapşırıbdır:                           

                           Öyrən elmi məhdidən ta ləhdəcən,
                           Ta ki, hər dünyadə ol sən mümtəhən”

M.Ə.Rəsulzadə elmsizliyi böyük və davası tapılmayan bir dərd kimi qiymətləndirir.Elmi hər şeydən üstün tutur Çünki nə istəsən, elmin köməyi ilə əldə etmək mümkündür. “Nagahan bəla” adlı kiçik bir yazıda əsərin qəhrəmanı tərəfindən elmə belə qiymət verilir:  “- Ah, fələk, dünyada  elmsizlikdən böyük bir dərd yoxdur. Kaş ki, mənim bu dövlətim ki, başımdan aşır, olmayaydı, ancaq elm olaydı ki, hər bir şeyi özgədən xəbər almayaydım”

Ətrafda baş verən sosial-iqtisadi, siyasi və mədəni hadisələrin mahiyyəti elmin köməyi ilə dərk edilir, elmi dəlil və faktların vasitəsilə təhlil edilir, nəticə çıxarılır. Elm, təhsil, maarif və mədəniyyət – məktəb və mədrəsə ilə bağlıdır. Bunlar olmadan müəyyən bir elmə yiyələnmək qeyri-mümkündür. Məktəb isə dövlətin səlahiyyətinə daxildir.  Dövlət isə milli ucqarlarda elmin, maarifin inkişaf etməsinə maraqlı deyildi. Çünki xalq kütlələri, xüsusən müsəlmanlar nə qədər avam, elmdən, mədəniyyətdən uzaq olsa idilər, başlarına gətirilən müsibətlərin, fəlakətlərin, faciələrin əsil mahiyyətindən baş aça bilməyəcəkdilər. Hökumətə əbədi qul olmağı, hakimlərin göstərişlərini sözsüz yerinə yetirməyi Allah –təalanın buyuruğu kimi qəbul edib, öz ağalarının üzünə heç vaxt ağ olmayacaqdılar. Haqqın, hüququn, ədalətin nə olduğunu anlamayacaq, əsarət və zülmün zəncirini boyunlarında əbədi gəzdirəcəkdilər.  Dövlətə də, hökumətə də elə bu lazım idi.

Azərbaycanda məktəblərin azlığı, olanlarının da yararsızlığı, tədris proqramlarının milli ruhdan, milli adət-ənənədən uzaq olması, yerli şəraitin, milli xüsusiyyətlərin nəzərə alınmaması M.Ə.Rəsulzadəni çox rahatsız edirdi.  Ona görə də yaradıcılığında elm, maarif, mədəniyyuət, məktəb, mədrəsə məsələlərinə daha çox yer verir, yeri gəldikcə, bunlara öz münasibətini də bildirirdi.

Bu böyük insan millətin balaları üçün açılacaq məktəblərdə istər dini, istərsə də dünyəvi elmlərin tədrisinə razı idi, təki onların gözləri açılsın, cəhalət və qəflətdən  ayılsınlar, öz hüquqlarını başa düşsünlər, yeri gələndə onu müdafiə etməyi bacarsınlar.

O, tədris prosesində riyazi elmlərin əsasını öyrənməyi daha çox arzu edirdi.

Bu münasibətlə yazırdı:

                         Elmin qismi ikidir, ey bilvəfa,
                         Bu hədisi çünki söylüb Müstəfa:
                        “Elmi-əbdanı” əvvəl sən eylə yad,
                        “Elmi-ədyandır” biri, ey xoş nəjad.

Bu elmlərin ikisini də öyrənmək bizə lazımdır. Amma elmi-əbdan ( dünyəvi elmlər), hansı ki,  məişət və mədəniyyətə məxsusdur, onun təhsili üçün minlərcə məktəb vardır. Amma din elmini öyrənməyə, demək ki, cəmi Rusiyada bir mədrəsə tapılmayan kmidir.

Pəs himmət və qeyrət vaxtıdır. İttifaq edib  bir məktəbxana bina eləyin ki, ona da ümumi ryhani deyilə,  hansı ki, o məktəbdən  çıxan üləmadan molla və axundlar təyini lazım olacaqdır.

Məlumdur ki, bizim üləmalarımızın əksərinin ümumi riyaziyyədən bilmərrə xəbərləri yoxdur. Hər ayinə üsuli-cədid ilə ruhani mədrəsəmiz olsa, mollalarımız da fünuni-hazirəyə  aşina olub, həm özləri doğrudan  alim olarlar, həm də övladi-milləti  müstəfid (faydalanmış ) edərlər. Bu səadət qapısının açılmasını Qafqaz dövlətlərindən, ələlxüsus Bakı  milyonçularından gözətləyərik”.

M.Ə.Rəsulzadə millətə layiq, zamanın nəbzini tutmağı bacaran, öz elmi, biliyi, bacarığı ilə xalqa mənfəət gətirən, millətin məişət tərzini yüngülləşdirməyə xidmət edən müəllimlər hazırlayan milli ibtidai məktəblərin  açılması və idarə olunmasını da bir vəzifə kimi qarşıya qoyur və üzünü müəllimlərə tutaraq deyirdi:” Haydı, müəllim qardaşlar! Himmət ediniz,burası cəmaət işidir, səmimiyyət istər, qeyrət tələb edər. Cəmaətimizin ehtiyacı çoxdur. Bu çox ehtiyacatın fəqət neçə illətin rəf olması ilə izaləsi mühəqqəqdir.

Hər bir cəmaət üçün, hər bir taifə və millət üçün mədəni bir əhəmiyyəti olan  milli ibtidai məktəblərin idarəsi və tədrisini eylə bir surət qoymağa çalışın ki, oralardan çıxan mütəəllimin haman kəsb elədiyi elmlər bərəkətindən  zəmanəmizdə mövcud  üsuli-məişətdən  bəhrədar ola bilsin. Çalışın ki, cəmaəti təhlükəyə salan bəzi hissiyat, onu qəflətdə saxlayan mövhumat və  bunlara meydan açan  üsuli-tədris və təlim bilmərrə məktəblərdən qovulsun”.

Ey müəllimin həzəratı! Ey maarifmənd cavanlar! Bütün millətlərin səadəti və istiqbalını təmin edənlər, o millətin müəllif və maarifməndləri olduğunuzu bir qədər diqqətə alınız, gərçi erməni və qeyri qonşu millətlərin müəllimlərinin gördükləri mücahidatı bir ləhzə olsun təsəvvürə gətiriniz də onlar qədər demiyorum, kiçik bir cümə məktəbini layiqli vəch ilə  bərpa etmək üçün həftədə ikicə saat fəda ediniz! Müəllimlər! Himmət edin! Göstərin ki, siz cəmaətin uşaqlarını deyil, özlərini də tərbiyə etməyə müstəidsiniz! Bildirin ki, sizi həvəsə gətirən, mənafeləndirən təkcə qarın ehtiyacı, güzəran, məişət mülahizatı deyil, cəmaət qeydi, yaxın qardaşlara mənəvi kömək etmək fikri dəxi vardır”.

Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətində siyasətlə məşğul olmaq daha çox yer tutur. Lakin o, nədən yazmasından, nə ilə məşğul olmasından asılı olmayaraq, məktəb, maarif, təlim və tədrisin ana dilində aparılması, müəllim kadrlarının hazırlanması və s. bu kimi vacib məsələ və problemləri işıqlandırmağa da vaxt tapırdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi