TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Moldova Respublikasının Parlament vəkili (Ombudsmanı) xanım Aureliya Qriqoriu ilə görüşüb. Görüş zamanı Moldovalı Ombudsman ötən ilin iyul ayının 4-də Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə" adlı beynəlxalq konfransda çıxışına görə ona qarşı təşkil olunan hücumlar haqqında ətraflı məlumat verib və Azərbaycan həqiqətlərini ermənilərin və bütün dünyanın üzünə dediyinə görə, ona olan təzyiqlərdən danışıb. Xanım Aureliya Qriroriu Yerevandakı çıxışında Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırımı törətməkdə ittiham etmiş və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirmişdi.
Görüş zamanı xanım Aureliya Qriroriu təəssüflə bildirib ki, Ermənistan parlamentində çıxışından sonra təzyiqlərə və təhdidlərə məruz qalaraq onun həmin ölkəni tərk etməsinə əngəllər yaradılmışdı. Moldova parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunmuş, əks halda qisas alınacağı bildirilmişdi.TURSAM rəhbəri Əhməd Şahidov Azərbaycan həqiqətlərini bütün dünyada yaydığına görə, Moldova ombudsmanı xanım Aureliya Qriroriuya üçrəngli Azərbaycan bayrağını və özünün qələmə aldığı "Sıfır Nöqtəsi" romanını hədiyyə edib.
Modern.az