Modern.az

Kolbasa şirkətləri Dövlət Komitəsinə irad tutdu: “Halal sertifikatının şərtləri ağırdır!”

Kolbasa şirkətləri Dövlət Komitəsinə irad tutdu: “Halal sertifikatının şərtləri ağırdır!”

Təhsil

28 Yanvar 2014, 10:16

“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə “Səhliyalı” şirkəti olaraq rəsmi şəkildə müraciət etmişik. Amma “halal” sertifikatı ala bilməmişik”. Bunu Modern.az saytına sözügedən şirkətin əməkdaşı Cavad Quliyev bildirib.

“Ovçular” şirkəti də “halal” standartını almaq üçün komitəyə müraciət edib. Amma Dövlət Komitəsi həmin sertifikatı vermir. Əvvəllər “halal” standartı yox idi. Bu standart 1 ildir ki, qəbul olunub. Hazırda komitə yeni qəbul edilmiş standartların tətbiqi ilə bağlı təlim kursları keçirir. Orada həmin standartların şərtləri olmalıdır. Lakin bu yoxdur. Şirkətin mütəxəssisləri təlimlərdə iştirak edib və müvafiq sertifikat da alıb. Fakt odur ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da bildirib ki, halal standartının özü mövcuddur. Biz “Ovçular”şirkəti olaraq məhsullarımızın halallığına təminat veririk. İnsanları aldatmağa nə ehtiyac var ki?! Donuz qatqısı olan məhsulların da öz resepturası var”, – bunu Modern.az-a “Ovçular” şirkətindən bildiriblər.

“Halal söhbəti çıxandan “Kristal CF” ət və ət məhsulları şirkəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib. Ancaq komitə o sertifikatı heç bir şirkətə verilmir”.
Bu, şirkət əməkdaşı Məlahət Həsənovanın sözləridir. “Komitə xüsusi şərtlər irəli sürür. Gərək o şərtlərin hamısına cavab verək ki, onlar da bizə sertifikat versin. Bütün şirkətlərdə bu problem var. Bu problemləri həll etmək üçün də imkan, vəsait lazımdır”.

M. Həsənovanın sözlərinə görə, bütün şirkətlər “halal” sözündən istifadə edir. “Şirkətimiz “halal” adı altında satdığı məhsulların halallığına təminat verir. Məhsullarımızda donuz qatqısı yoxdur. Donuz əti olan məhsulu hansı adam halal adıyla satar ki?! Bu mümkün olan bir şey deyil!”

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib ki, bu qurum 2012-ci ildən müvafiq standart qəbul edib: “Lakin bu günə qədər bizdən halal standartı alan bir dənə də olsun müəssisə olmayıb”. Komitə sözçüsü Fazil Talıblı isə əlavə edib ki, hazırda satışda olan kolbasa və sosislərdəki “halal” sözü yalnız reklam xarakteri daşıyır.

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB