İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayı münasibətilə Salyan rayonunda iftar süfrəsi təşkil edilib.
Modern.az xəbər verir ki, mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim rayonda fəaliyyət göstərən bölgə nahiyyə qazisi tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamış, müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən söhbət açmış, insanlar arasında mənəvi paklığı tərənnüm etdirən bu müqəddəs ayda bütün duaların qəbul olunmasını diləyib.
Salyan rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov qarşıdan gələn Ramazan bayramı münasibətilə mərasimdə iştirak edənləri səmimi qəlbdən təbrik etmiş, müqəddəs ayın ölkəmizə uğur, bərəkət gətirməsini, bayrağımızın hər zaman yüksəklərdə olması arzularını ifadə edib.
İcra başçısı bildirib ki, artıq dövlətimiz Müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd edir.
Rayon rəhbəri torpaqlarmızın ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısını diqqətə çatdırıb.
İftar mərasimində Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhlarına dualar oxunub.