Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə 2013-2014-cü tədris ili üçün keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin daxil olduqları ali məktəblərin adlarını açıqlayıb.
Ötən il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 96 min 720 abituriyent iştirak edib və onlardan 42,98%-i 0-100, 21,99%-i 100-200, 13,84%-i 200-300, 15, 65%-i 300-500, 5, 55%-i isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1617 nəfəri 600-baldan yuxarı nəticə göstərib.
Məleykə Abbaszadə deyib ki, qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin 385-i Azərbaycan Tibb Universitetinə, 261 nəfəri Bakı Dövlət Universitetinə, 197 nəfəri Qafqaz Universitetinə, 191 nəfəri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 121 nəfəri Azərbaycan Dillər Universitetinə, 121-i Bakı Ali Neft Məktəbinə, 70 nəfəri Azərbaycan Diplomatik Akademiyasına, 60 nəfəri İnformasiya Texnologiyaları Universitetinə daxil olub.
TQDK sədrinin səzlərinə görə, 2013-2014-cü tədris ilində ali təhsil müəssisələrinin reytinq cədvəlinə Bakı Ali Neft Məktəbi başçılıq edir. İnformasiya Texnologiyaları Universiteti reytinq göstəricilərinə görə 2-ci yerdədir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası isə reytinq göstəricilərinə görə 3-cü yerdədir.
Aytən Əliyeva