Modern.az

“Erməni qızları Azərbaycan kişilərini həmişə cəlb edib, mənim Şuşanikim də onlardan biridir” - MÜSAHİBƏ

“Erməni qızları Azərbaycan kişilərini həmişə cəlb edib, mənim Şuşanikim də onlardan biridir” - MÜSAHİBƏ

Mədəniyyət

28 Yanvar 2014, 13:44

Tanınmış jurnalist Mahir Qabiloğlunun 2013-cü ildə qələmə aldığı bədii və publisistik yazılardan seçmələr bir neçə
gün öncə “Ərmən- Şuşanikin sevgisi” adlı kitabda çap edilib. Modern.az saytı müəlliflə yenicə işıq üzü görən kitab barədə söhbətləşib.  

- “Ərmən – Şuşanikin sevgisi” hekayəniz kitabın şah əsəridir. Bunu nədən yazdınız?

- Əkrəm Əylislinin “Daş yuxular” əsəri və bunun ətrafında yaranan qalmaqal səbəb oldu bu hekayəni  yazmağıma. Yox elə bilməyin ki, nəsə bir kontryazı qoymaq istədim ortaya. Əsla. Düzün desəm heç oxumamışam da bu əsəri. Sadəcə Əkrəm müəllimin təsvir etdiyi  o günlərə qayıtdım.
Atamın dayısıgil  “Çornıqorod”da yaşayırdılar. Üç oğlu bir qızı vardı. Həyətlərində müxtəlif xalqların nümayəndələri yaşayırdı. Hekayəni yazmağa başlayanda mən nəzərdə tutmuşdum ki, 1989-cu ildə erməni köçü zamanı bu həyətdə baş verənləri təsvir edim.

Xırda bir haşiyə çıxım. Atamın sonbeşik dayısıoğlu Şamil bu həyətdə yaşayırdı. Onlara tez-tez baş çəkməyə gedirdik. Balkonda oturub çay içirdik. Həyətdə də arvad-uşaq “besedka”da oturmuşdular. Aydın-aşkar erməni sözləri eşidirdik. Atam qıcıqlanırdı. Bu dəm telefon zəngi gəldi. Dayıoğlunun qapıbir erməni  qonşusu Krasnodardan zəng edirdi. Başa düşmədik ki, niyə evinə yox, məhz qonşuya telefon açmışdı. Dayıoğlu da bu erməninin həyətdə uşaqlarını oynadan arvadını səslədi. O da qaça-qaça gəldi. Bizimlə ədəb-ərkanka, gülərüzlə  salamlaşdı. Dəstəyi götürəndən sonra isə 180 dərəcə dəyişdi. Həyəcan, isterika, göz yaşları. Sanki onu kəsirdilər, öldürürdülər. Ermənicə danışdığından heç nə başa düşmədim. Amma mimikalarından başa düşülürdü ki, o “bizi asırlar, kəsirlər, döyürlər, izləyirlər” və sairə deyirdi. Nəhayət danışığın bitirdi. Bizimlə yenə mehribancasına sağollaşıb, dayıoğluya da tapşırdı ki, bəs Rubik sizə zəng edəcək, gecə də olsa məni çağır. Sonra həyətə uşaqlarının və digər erməni qadınlarının yanına düşdü. Gülüş səsi, qaqqıltısı  aləmi götürdü.

Mən bu mənzərəni bədii dildə təsvir etmək istəyirdim. Bəlkə də nəvaxtsa bu və erməni-azərbaycan qarşıdurmasıyla bağlı digər özəl müşahidələrimi bədii şəkildə ifadə edəcəyəm. Amma  hekayəni yazmağa başladıqdan sonra tutduğum xətt tam başqa bir istiqamətə yönəldi. Əlbəttə ki, özümdən asılı olmayaraq.  Düzdür hekayədə o həyətdən də motivlər var. Amma məna tam dəyişdi.  Nə baş verdi özüm də bilmədim. İndi də başa düşmürəm. Nəticədə “Ərmən – Şuşanikin sevgisi”  yarandı.

Amma bunu da əlavə edim ki, mən  “Strasburqlu kürəkən” hekayəmi, baş qəhrəman Antitürkü daha  çox sevirəm. 

- “Ərmən – Şuşanikin sevgisi” hekayəsi  bir roman da ola bilərdi, nədən hekayə kimi saxladınız?

- Bu hekayənin ilk oxucuları Eldəniz Elgün və İbrahim Nizamioğlu da israr elədilər. Hətta dost amiranəliyi  şəklində 2013-cü ilin iyununda yazılan hekayənin ictimailəşməsinə mane olmağı da bacardılar. Sözlərində həqiqət də vardı. İçində qalın bir romana belə bəs edəcək mövzu rəngarəngliyi var. Gözəl təsvirlərlə, adət-ənənələrin ifadəsiylə mükəmməl koloritli roman yaratmaq olardı. Amma məni inadımdan döndərə bilmədilər. Bəlkə də uzun müddət Az.TV-nin “Xəbərlər”ində, informasiya sahəsində çalışmağım, hadisənin qısa bir şəkildə ifadə etmək bacarığım “Ərmən”i iri bir roman şəklində təqdim etməyimə mane oldu. Amma onu da qeyd edim ki, hekayə nəsrin ən çətin, oxucu qiraəti baxımından rahat  sahələrindən  sayılır.

- Xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu bu kitabını çap etməkle nələr yaşadı?

Əgər  “Atam Qabilin qəribə əhvalatları”nı, “O dünyadan Teymur Əhmədova məktub”u, hələ də başa çatdırmadığım “Qabilin o dünya gündəlikləri” povestini nəzərə almasaq,  mən mütəmadi yaradıcılığa 2013-cü ildə başlamışam.  Bu kitabı çıxarmaqla  istədim ki, həm  nəyə nail olduğumu öz gözümlə görüm, həm də sizinlə paylaşım. Bir növ hesabat verim. Baxmayaraq ki, nəşrə bütün yazdıqlarımı  yox,  seçmələr daxil  etmişəm. 

İkincisi,  kitab  iddia, özünütəsdiqin bir nümunəsidir.

Ən nəhayət, 50 kitabı çıxan şair Qabilin ocağına 7 ildən sonra  onun şəklinin və adının da olduğu yeni bir kitabın qədəm qoyması mənümçün çox əlamətdardır. Bəzi ağzıgöyçəklər  deyir ki, Mahir  atasının, onun adının arxasında gizlənir. Oğul atasına arxalanmalı, güc almalıdır. Amma onu da yaddan çıxarmasınlar  ki, Mahir Qabiloğlu imzası varsa, bu təkcə mən deyiləm. Təkcə mən yaşamıram, Qabil də mənimlə birgə yaşayır, mənə mənəvi güc verir. Yəqin siz də razılaşarsınız ki, bir çox yazıçı və şairin unudulduğu bir zamanda bu vacib amildir. 

- Nədən atanızın sağlığında yazmadınız? Bəlkə də atanız  dəstək olardı və indi bəlkə də xalq yazıçısı olardınız.

-
Yəqin ki, Siz Anarı, Elçini, Vaqif, Yusif Səmədoğlunu və görkəmli yazıçılarımızın övladları olan digər məşhurları nəzərdə tutub verirsiniz bu sualı. Sözünüzdə hardasa məntiq də var. Amma inandırım sizi. Atam sağ olsaydı, mən indi də yazmayacaqdım. Və bugün bu kitab haqqında danışmayacaqdınız, müsahibə almayacaqdınız. Yox elə bilməyin ki, atam qarşımda bir maneə idi, ya da loru dildə desək əlimi tutmuşdu.  Sadəcə suala konkret cavab versəm, atam yazmağımın əleyhinəydi. Və mən bununla hesablaşmalıydım.  Bəlkə də ovaxtkı ədəbi mühitin mürəkkəbliyi, zənginliyi, bu mühitdə addımlamağın  çətinliyi, qarış-qarış irəliləmək, nəyəsə nail olmaq, yazıçı taleyinin uğuru və ya uğursuzluğu atamı bu fikirdə olmasını labüd edirdi. İndi isə ədəbiyyatımızda bir boşluq var, yaş fərqi var. Yaşlı yox,  qoca nəsillə gənc nəsil arasında gözəgörünməyən gizli, bəzən də açıq müstəviyə çıxan  qarşıdurmalar var. 50 yaşını haqlayan 60 yaşına çatan yazıçı və şairlərin hələ də gənc şair və yazıçı səviyyəsində qalması var.  Yazıçıların qarşıdan gələn qurultayından gözləntilər var. Pusquya yatanlar var. Amma mən əminəm ki, heç bir dəyişiklik olmayacaq. Anar yenə sədr olaraq qalacaq. Əgər təsadüfən özü qoyub qaçmasa. Niyə istefa yox, məhz “qoyub-qaçmasa” deyirəm? Çünki Yazıçılar Birliyi elə bir qurumdur ki, onu hər adama etibar etmək olmaz, ora rəhbərlik edən də istefa vermək, yuxarılara qarşı getmək gücündə deyil. Bu vəzifədən qurtulmağın iki yolu var: Ya gərək Mirzə İbrahimov, İsmayıl Şıxlı kimi hər şeyi atıb qaçasan, ya da ki...Allah İmran Qasımova, Mehdi Hüseynə, Səməd Vurğuna rəhmət eləsin. Nəsə, qayıdaq suala. 

O ki qaldı mənim “Xalq yazıçısı” olmağıma... Orduda bir məsəl var. Hər bir əsgər general olmaq istəyir. Xalq yazıçısı olmaq da ədəbiyyatda bir zirvədir.  Həm də özünütəsdiq zirvəsidir.

Amma necə ki,  bir çiçəklə bahar olmur, iki kitab və bir Ərmənlə  xalq yazıçılığı olmaz. Siz Allah məni dilə-dişə salmayın, qoyun oturmuşuq. İmkan verin Ərmənimin kasıbçılığını edim.  

- Nəsə yazandan sonra onu kiməsə oxuyursunuzmu?

-
Təbii. Yaradıcılığa başlamağa cəhdim  2009-cu ildə oldu. Əlbəttə ki, atam öləndən iki il sonra poçtumuza Teymur Əhmədovdan Qabilə  ünvanlanan məktub gəldi. Və bu məktubun təsirində  “Şair Qabilin o dünyadan məktubu”nu yazdım. Bunun arxasınca 55 səhifəlik “Qabilin o dünya gündəlikləri” adlı hələ ki, yarımçıq povestimi, bəlkə də romanımı yazmağa başladım. Amma  tamamlamamışam. Məktubu fikirlərinə böyük hörmətlə yanaşdığım “Xalq qəzeti”nin baş redaktoru, müdirim  Həsən Həsənova oxudum, çox bəyəndi. “Qabilin o dünya gündəlikləri”ni isə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadəyə göstərdim. Fikrini bilmək istəyirdim ki, davam edim, ya yox? Qabımda nəsə  var? Bunu öyrənmək istəyirdim. Oxuyandan sonra dedi ki, Qabil sağ olsaydı elə bilərdim ki, özü yazıb. Ruhunu tam saxlamısan. Amma ehtiyatlı ol.

Beləcə dörd il saxladım. O illərdə həm də ara-sıra “Atam Qabilin qəribə əhvalatları” başlıqlı lətifələr də yazmağa başladım və atamın 85 illiyinə 2011-ci ildə 80 səhifəlik kitabça halında çap etdirdim.  O kitabımın da redaktoru və ilk oxucusu Həsən müəllim idi.

Nəhayət  atamın 86 yaşı tamam olduğu ərəfədə “Azadlıq radiosu”ndan Cavid Zeynallı adlı bir gənc məndən müsahibə götürdü. Bir yazıçı övladı kimi Cavidin davranışında bir doğmalıq, atama qarşı dərin bir hörmət, ədəbi ənənələrə sadiqlik kimi xüsusiyyətlər gördüm.  Bu müsahibədən bir müddət  sonra “Qabilin o dünyadan Teymur Əhmədova məktubu”nu ona göstərdim. Yarım saatdan sonra gördüm ki, yazı sayta qoyulub. Və bu ilk publisistik yazım böyük müvəffəqiyyət qazanmaqla yanaşı,  həm də məndə özümə bir inam yaratdı.

Hal-hazırda dörd ilk oxucum var. Birincisi həyat yoldaşım Sevincdir. Sonra dostlarım Eldəniz Elgünlə  İbrahim Nizamioğlu gəlir. Üçünün də fikri bir yerə düşəndə yazını ictimailəşdirirəm. Bəzən səsçoxluğu da qalib gəlir. Axı, mən də səsəm. Ən sonuncu oxucum isə mütəmadi yazdığım məqalələri elektron poçtuna göndərdiyim Modern.az saytının baş redaktorunun müavini Əfqan Qafarlıdır.

-  Belə başa düşdüm ki, “Ərmən – Şuşanikin sevgisi” kitabı yaradıcılığınızın ilk ilinə bir yekundur. Deyərdim ki, uğurlu bir nöqtədir. Bəs sonra? 

- Mən hələ ki, üç istiqamət seçmişəm. Birinci yol “Atam Qabilin o dünyadan məktubları” silsiləsindən yazdıqlarımdır. Amma  çoxdandır ki, bu mövzu donub. İkinci istiqamət “Atam Qabilin və onun dostlarının baməzə əhvalatları” silsiləsidir. Üçüncü isə bədii-publisistik yazılardır. 2014-də hansı özünü qabardacaq bilmirəm. Hələ ki, publisistika irəlidədir.  Amma çox istərdim ki, “Ərmən-Şuşanikin sevgisi”, “Strasburqlu kürəkən” kimi yazılarımın ardı gəlsin.

- Bütün yazılarınızda yenəmi tək qalacaqsınız?

- Mən evin də tək övladıyam. Məhz buna görə də  eqoistəm.  Hərdən zarafatla deyirəm ki, “indi də təkəm. Nə atam var, nə anam, nə bacım, nə qardaşım”. Qızlarım gözlərin ağardırlar ki, “bəs biz?”, tez əlavə edirəm: “İki qızım var, üç nəvəm. Vəssalam”.

Yazılarımda tək deyiləm. Onlarla söhbət edirəm, dərdləşirəm, ürəyimi istədiyim kimi boşaldıram, aqressiyamı tökürəm, bəzən kimsə duyuq düşməsin deyə özümü və  sözümü  ikinci şəxsin dilindən verirəm.  Bəzən hadisələri çılpaqlığıyla təsvir edirəm. Bəzən don geyindirirəm. Deyilənə görə ironiyam, yumorum çox güclüdür. Anarı, Elçini, Fikrət Qocanı sancmağım olmasa, lap əla olar. Söz vermişəm ki, 2014-cü ildə bu cür hallara yol verməyim. Hər bir şıltaqlığın da bir sonu olmalıdır axı, nə olsun ki, yazdıqlarım ciddidir.

- Yaradıcılıqda kimə oxşamaq istərdiniz?

- Mənim oxşamaq istədiyim iki adam var. Biri böyük Sabirdir, biri də Cəlil Məmmədquluzadə. Sevdiyim əsər də “Ölülər”dir.

- Bəs Qabil müəllim?

- İki misal var çəksəm yerinə düşər. Sovet dövründə belə bir deyim var idi. ABŞ-a çatmaq və onu ötmək. Mən atama çatmaq və onu ötmək iqtidarında deyiləm. Çünki şeir, poema yazmıram. Yolum tam başqadır.  Amma  Qabilin  ictimai xadimliyinə  və el içində  qazandığı məhəbbətə nəinki çatmaq, ötmək də istərdim.

Bu məqamda atamın tez-tez danışdığı bir əhvalatı da demək istərdim.

Şekspir oğlundan soruşur ki, nə olmaq istəyirsən? Deyir ki, ata mən Şekspir olmaq istəyirəm. Şekspir də - ay oğul, mən Allah olmaq istəyirdim, Şekspir oldum. Sən Şekspir olmaq istəyirsənsə...

Yəqin ki, bu təkcə Qabilin yox,  hər bir atanın arzusudur ki, oğlu ondan yüksəkdə olsun. Ondan da böyük zirvələri fəth etsin. Mən buna inanmıram. Amma çalışacağam ki, nail olum. Nail olsam, deməli nəsə yazmışam. Nahaq yerə Qabiloğlu təxəllüsünü də götürməmişəm.

- Nəhayət sonuncu sualım. Erməni qızı Şuşanik müsbət surətdir, yoxsa mənfi?

-
Erməni qadınları Azərbaycan kişilərini həmişə cəlb edib. Mənim Şuşanikim də onlardan biridir. Amma bu hekayədə Şuşanik mənimçün təkcə Azərbaycanlıya ərə gedən erməni deyil.  Vətənpərvər, öz xalqını sevmək, onun gələcəyi, Böyük Ərməniyyə xülyası uğrunda çalışmaq, hətta düşmən arxasında Süsən Məmmədova adı ilə “vuruşmaq” baxımından Şuşanik nəinki müsbət, hətta hər birimizə örnək surətdir.  Amma içimizə, qanımıza, iliyimizə girən   mənəvi təxribatçı kimi türkə düşmən, mənfi surətdir. 



Namidə Bingöl

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi