Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının iştirakçılarına müraciət edib. Modern.az xəbər verir ki, müraciət qurumun Koordinasiya Şurasının qərarı ilə hazırlanıb. Müraciətdə AŞ-nın indiyədək olan yanlış qərarlarının və güzəştli mövqeyinin ölkədə demokratiya və insan haqları ilə bağlı durumun pisləşməsinə, siyasi məhbusların sayının hədsiz artmasına səbəb olması vurğulanır, Avropa Şurasına Avropa dəyərləri, ümumi öhdəliklər və Azərbaycan xalqının maraqları naminə prinsipallıq göstərməyə çağırış edilir.
Milli Şura müraciətində bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu 2001-ci ildən xalqımız demokratiya və tərəqqi ilə bağlı ümidlərini bu təşkilatla bağladı. “Vətəndaşlarımızın AŞ PA-da üzvlüyün ölkədə insan hüquqları və azadlıqlarının təminatının daha yüksək və etibarlı mexanizmlərinin formalaşmasına şərait yaradacağı ilə bağlı ciddi gözləntiləri vardı. Təəssüf ki, ötən 13 il ərzində bu gözləntilər nəinki özünü doğrultmadı, əksinə, bu gün AŞ PA bir funksional təsisat kimi öz nüfuzunu əhəmiyyətli dərəcədə itirmişdir. Azərbaycanlıların bu Avropa insan hüquqları institutuna inamlarının azalmasında 2013-cü ilin yanvar sessiyasında cənab Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qətnaməsinin Parlament Assambleyasında qəbul olunmamasının müstəsna rolu olmuşdur. Bu, əslində, qətnamənin və cənab Ştrasserin deyil, AŞ PA-nın, Azərbaycanın və ümumilikdə insan hüquqlarının məğlubiyyəti idi”.
Müraciətdə hazırda Azərbaycanda təqribən 140 siyasi və vicdan məhbusunun olduğu vurğulanıb.
“Ötən 13 il ərzində Azərbaycanın öhdəliklərinin icrası ilə bağlı qəbul edilmiş bütün qətnamələrdə ildən-ilə təkrarlanan tələblər kağız üzərində qalmaqdadır. Azərbaycanda kütləvi saxtakarlıqlarla müşahidə olunmasına, ATƏT və Avropa Birliyi tərəfindən kəskin tənqid olunmasına baxmayaraq, AŞ PA-nın qısamüddətli müşahidəçiləri tərəfindən müsbət dəyərləndirilən son prezident seçkiləri Azərbaycanda son 20 ildə baş verən seçki saxtakarlıqlarının kulminasiya nöqtəsi oldu”-deyə Milli Şura bildirib.
Müraciətdə qeyd edilib ki, məhkəmə hakimiyyətinin disfunksionallığı getdikcə daha ciddi xarakter alır və o, tamamilə nüfuzunu itirib. “Bu gün Azərbaycanda insanlar milli məhkəmələrə yalnız Avropa Məhkəməsinə gedən yolda zəruri bir mərhələ kimi müraciət edirlər. Gənc fəallar, bloggerlər, jurnalistlər, siyasi liderlər və sadə insanlar saxta narkotika, qanunsuz silah gəzdirmək, iğtişaş və s. ittihamlarla şərlənərək həbs edilir, fiziki və mənəvi işgəncələrə məruz qalır, siyasi opponentlərə qarşı sifarişli diffamasiya ittihamları ilə cinayət təqibi aparılır, həmçinin Avropa Məhkəməsinin qərarları icra olunmur.
Parlament hakimiyyətinə olan etimad da, eynilə məhkəmə hakimiyyətinə münasibətdə olduğu kimi yox səviyyəsindədir”.
Müraciətdə daha sonra qeyd edilib:
“Təəssüf ki, Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının 14-cü ilində biz bəzi parametrlərə görə hətta üzvlükdən öncəki durumla müqayisədə daha pis vəziyyətlə üz-üzəyik. Məsələn, bu gün Azərbaycanda müstəqil medianın durumu 2001-ci illə müqayisədə əhəmiyyətli dərəcədə pisləşib. Ölkədə bir müstəqil televiziya kanalı yoxdur. Ölkənin iki ən böyük müxalifət partiyalarının vaxtilə şəhərin mərkəzlərində olan ofisləri əlindən alınıb. Günü-gündən daha da repressivləşən məhdudiyyətlərlə müstəqil QHT-lərin fəaliyyəti demək olar iflic olunub. Siyasi fəallar işləmək imkanlarından məhrumdur, onların nəinki özləri, ailələri də təqib olunur. Bu gün Azərbaycanda hakimiyyətə qarşı tənqidi fikir səsləndirmək həyat üçün təhlükəyə çevrilmişdir.
Azərbaycan demokratlarının və vətəndaş cəmiyyətinin geniş birliyi olaraq biz AŞ PA-dan Azərbaycandakı insan hüquqlarının və azadlıqlarının pozulmasına münasibətdə daha prinsipial və qətiyyətli mövqe gözləriyik. Biz AŞ PA-nın Azərbaycan hakimiyyətinin "dəyərlərinə" yox, Azərbaycanın gerçək AŞ PA dəyərlərinə - demokratiyaya, insan hüquqlarının qorunması, qanunun aliliyi kimi dəyərlərə, Azərbaycan xalqının maraqlarına yaxınlaşmasını arzulayırıq. Biz tezliklə AŞ PA-da demokratiya və azadlıqsevərlərin səsinin kürüsevərlərin səsini üstələyəcəyini səbirsizliklə gözləyirik”.
Modern.az