Modern.az

Kamil Vəli Nərimanoğlu: “Rəsulzadənin irsi öyrədilməlidir” - TƏDBİR

Kamil Vəli Nərimanoğlu: “Rəsulzadənin irsi öyrədilməlidir” - TƏDBİR

28 Yanvar 2014, 17:42

Bu gün Milli Şura Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə tədbir keçirib.

Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Milli Şuranın sədri, professor Cəmil Həsənli Rəsulzadənin həyat və fəaliyyəti ilə bağlı danışıb: “Bilirsiniz ki, müstəqil Azərbaycan ideyasının banisi, Azərbaycanın dünya xəritəsində yer tutmasında rolu olan Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Rəsulzadə harada olubsa, orada nümunə yaradıb. O, ötən əsrin əvvəllərində yaradıcılığı ilə sübut etdi ki, qələmin vəzifəsi millətə xidmət etməkdir. Azərbaycan türkləri üçün milli kimlik konsepsiyasını ortaya qoydu. Rəsulzadə yazıları ilə cəmiyyətə elə mesajlar verdi ki, həmin yazılar bütün dövrlər üçün öz əhəmiyyətini saxlayır. Onun həyatının ən böyük hadisəsi Azərbaycan Demokratik Cümhuriyyəti idi. Rəsulzadə qarışıq zamanda belə millətin azadlığını önə keçirirdi. Rəsulzadə mühacirətdə də mübarizə aparırdı. Onun həm fiziki, həm də mənəvi ömrü onunla mübarizə aparanların ömründən çox idi. İndi Rəsulzadəyə heykəl qoyulmalıdır. Düşünürəm, gələcəkdə ona Bakı şəhərində heykəl qoyulacaq”.

İzmir Ege Universitetinin professoru, Rəsulzadə irsinin araşdırıcılarından olan Ali Yavuz Akpinar deyib ki, Türkiyədə Rəsulzadənin məqalələrinin, məktublarının bir hissəsi nəşr edilib, bir hissəsi də yaxın zamanda nəşr ediləcək. Professor Kamil Vəli Nərimanoğlu çıxışında Rəsulzadəyə qarşı etinasızlıqdan şikayətlənib: “Onun həyatı rahat keçməyib. Çoxları elə bilir ki, mühacirət yaxşı şeydir. Amma belə deyil. Bütün bunlara baxmayaraq, Rəsulzadə öz mübarizəsindən geri çəkilməyib. İndiki dövrdə Rəsulzadə irsinin öyrədilməməsi məndə təəssüf hissi doğurur. Rəsulzadənin nəşini ölkəyə gətirilməsinə çalışırlar. Əslində yerin fərqi yoxdur, Türkiyə də onun vətənidir. İlk növbədə dövlət universitetinə Rəsulzadənin adı geri qaytarılmalıdır”.

Professor Nəsib Nəsibli Rəsulzadənin irsinin öyrədilməsinə diqqət yetiriməyin vacib olduğunu qeyd edib: “Azərbaycan jurnalistikasını Məhəmməd Əmin bəysiz təsəvvür etmək çətindir. Ona görə də onun əsərlərinə xüsusi diqqət yetirilməlidir. Dövlət səviyyəsində Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, cüzi də olsa, qələbədir. Əgər YAP Rəsulzadəyə sahib çıxacaqsa, ona heykəl qoyacaqlarsa, buna sevinəcəyik”.

İlkin

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB