Modern.az

Ərzaq təhlükəsizliyi: problemlər müzakirə olundu

Ərzaq təhlükəsizliyi: problemlər müzakirə olundu

28 Yanvar 2014, 17:51

Yanvarın 28-də Böyük Britaniyanın “Oksfam” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycan nümayəndəliyi “Azərbaycanda ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişafı” mövzusunda tədbir keçirib.

“Media forum” saytının məlumatına görə, Azərbaycan nümayəndəliyinin rəhbəri Şövkət Əlizadə bildirib ki, tədbirin keçirilməsində məqsəd “Cənubi Qafqazda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” və “Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zənciri üzrə kiçik fermerlərin dəstəklənməsi” adlı iki layihənin təqdimatıdır: “Layihələr Avropa İttifaqının və “Oksfam”ın maliyyə dəstəyi ilə yerli təşkilatlarla birgə icra olunacaq. “Cənubi Qafqazda milli strategiya və kiçik fermer təsərrüfatı vasitəsilə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi” layihəsi 2013-2017 illərdə ölkə səviyyəsində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Ərzaq Təhlükəsizliyi Alyansı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi Azərbaycanın milli ərzaq təhlükəsizliyi və qidalanma ilə bağlı strategiyasının hazırlanmasına dəstək olmaq və kiçik fermerlərin iştirakı ilə ölkədə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsinə töhfə verməkdir.

“Mərkəzi Azərbaycanda kənd yerlərinin inkişafı: çiyələk və tərəvəz dəyər zənciri üzrə kiçik fermerlərin dəstəklənməsi” layihəsi 2014-2016-cı illərdə yerli səviyyədə Azərbaycan Kənd Təsərrüfatı İstehsal Vasitələri Təchizatçıları Assosiasiyası, Aran Regional İnkişaf Humanitar İctimai Birliyi və Ərzaq Təhlükəsizliyi Alyansı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Layihənin məqsədi yerli çiyələk və tərəvəz istehsalının, xüsusilə də yerli toxumçuluğun Mərkəzi Azərbaycanda inkişaf etdirilməsi istiqamətində istər hökumət, istərsə də özəl strukturların dəstəyi ilə əlverişli biznes mühitinin yaradılmasına töhfə verməkdir”.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib ki, 1996-cı ildə Azərbaycanın da iştirakı ilə qəbul olunmuş “Dünya ərzaq təhlükəsizliyi haqqında Roma Bəyannaməsi”ndə 173 iştirakçı ölkənin hər biri əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək barədə öhdəlik götürməyə razılıq verib: “Bununla əlaqədar Azərbaycanda ərzaq təhlükəsizliyinə dair 2001-ci ildə qəbul olunmuş birinci dövlət proqramı uğurla yerinə yetirilib, 2008-2015-ci illəri əhatə edən ikinci dövlət proqramının icrası isə indi də davam edir. 

Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin bazasını təşkil etdiyindən bütün ölkələrdə olduğu kimi bizdə də kənd təsərrüfatının inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Ölkə prezidenti ərzaq təhlükəsizliyinin tamamilə yerli istehsal hesabına ödənməsini, bəzi kənd təsərrüfatı məhsulları və ərzaq mallarının xarici bazarlara ixracının təmin edilməsini ölkəmizin qarşısında duran vacib məsələ kimi dəyərləndirdiyini keçirdiyi toplantılarda dəfələrlə vurğulayıb.

Odur ki, kənd istehsalçılarının torpaq vergisi istisna olunmaqla digər vergilərdən azad edilməsi müddəti 2018-ci ilin sonuna kimi uzadılıb. Nəticədə fermerlərin 2001-2012-ci illərdə dövlət büdcəsinə ödəməli olduqları 1 milyard 400 milyon manat vəsait onların sərəncamında qalaraq istehsalın genişləndirilməsinə yönəldilib. 2007-ci ildən isə kənd təsərrüfatı məhsulları istehsalını stimullaşdırmaq məqsədi ilə hər il dövlət büdcəsindən 120-130 milyon manat subsidiya ayrılır və güzəştlər edilir. Bu subsidiyalar orta hesabla ildə hər hektar əkin sahəsinə 70 dollar təşkil etməklə MDB məkanında ən yüksək göstəricidir. Çox böyük imkanları olan Rusiya Federasiyasında hər hektara cəmi 35 dollar subsidiya verilir.

Bundan əlavə, fermerlərə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilir.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2005-2012-ci illərdə 519 milyon manat məbləğində dövlət vəsaiti hesabına müxtəlif növ kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, mineral gübrələr, damazlıq heyvanlar alınaraq aqrar sahədə çalışan hüquqi və fiziki şəxslərə güzəştli şərtlərlə və lizinq yolu ilə satılıb, 55 rayonda aqroservis filialları yaradılıb, 6 regional logistik gübrə bazası tikilərək istifadəyə verilib”.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardanın sözlərinə görə, təmsil etdiyi təşkilat sözügedən layihəyə 3.5 milyon avro vəsait ayırıb: “Bu layihədə nəzərdə tutulan hədəflər Minilliyin Məqsədlərinə uyğun gəlir. Hazırda ərzaq təhlükəsizliyini təhdid edən bir neçə faktor var: təbii sərvətlərin azalması, iqlim dəyişməsi və sair. Ərzaq təhlükəsizliyi siyasi gündəliyin prioritetini təşkil edir. Kənd Təsərrüfatı Nazirliyi çox iddialı hədəflər qoyub. Avropa İttifaqı bu iddiaların gerçəkləşməsini dəstəkləyir.

Biz prezidentin yeni sərəncamını alqışlayırıq. Avropa İttifaqı görüləcək işlərdə öz yardımını təklif edir. İttifaq çox maraqlıdır ki, Azərbaycan bir sıra malları ixrac etsin. Azərbaycan bəxtəvər ölkədir ki, çoxlu aqrar bölgəsi var”.

Milli Məclisin deputatı Vahid Əhmədov problemlərdən danışıb: “Ərzaq təhlükəsizliyi deyəndə ilk növbədə taxıl göz önünə gəlir. Azərbaycanda taxıl idxalı hər il artır. Bunun qarşısı alınmalıdır. Torpaqla bağlı problem yoxdur. Üstəlik, şoranlaşmış torpaqları da bərpa edib əkin üçün yararlı hala gətirmək olar.

İkinci ən təhlükəli problem geni dəyişdirilmiş məhsulların Azərbaycana idxal olunması, həmçinin burda istehsalının yayılmasıdır.

Kənd təsərrüfatında emal sənayesinin inkişafı çox önəmlidir. İxrac yönümlü məhsulların ixracına ciddi ehtiyac var. Məhsulları bazarla təmin etmək də çox vacibdir. Dövlət başçısının son sərəncamı ümid verir ki, kənd təsərrüfatında ciddi dəyişiklər olacaq”.

Milli Məclisin aqrar siyasət komitəsinin baş məsləhətçisi Zahid Abbasov deyib ki, ölkə əhalisinin ərzaqla təminat səviyyəsini qiymətləndirmək üçün bu meyarlardan istifadə etmək məqsədəuyğundur:

- qida məhsullarının ümumi həcminin 80-85%-nin yerli istehsalçılar tərəfindən istehsalı;

- əhalinin qida məhsulları ilə optimal kalorilik səviyyəsində (sutkada 2353 kilokalori) istehlakı;

- qidalanmanın rasional strukturunun təminatı və fizioloji normalara uyğun olaraq əhalinin tələbatının tam ödənməsi;

- qida məhsullarının keyfiyyətcə texniki reqlament tələblərinə cavab verməsi;

- ərzaq məhsullarının illik istehlakının 25%-i həcmində ərzaq ehtiyatının yaradılması;

- adambaşına buğda istehsalının 1 tondan az olmayan həcmi.



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB