Milli bayramlar – xalqın minillərdən bəri gələn ənənəsinin, yaşam tərzinin özülündə yaranır, oturuşur, var olur. Bayramlar həm də – xalqın özünəməxsusluğunun təsdiqidir. Novruz bayramı, Azərbaycan mədəniyyətinin ən rəngarəng və ənənəvi bayramlarından biridir. Milli bayramımız olan Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərləşdiyi gündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayaraq bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır.
Novruz çərşənbələri dörd fərqli elementi – su, od, hava (yel) və torpaq – təmsil edir. Hər çərşənbə, müvafiq olaraq, həyatın bu təbii elementlərinin əhəmiyyətini və onların insan həyatındakı rolunu qeyd edir. Çərşənbələrin hər biri xüsusi adətlər, yeməklər və mərasimlərlə qeyd edilir.
Ölkəmizdə Novruz bayramı müstəqillik illərində daha geniş qeyd olunub. Bu sahədə ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu öndər tədbirlərdə, şənliklərdə etdiyi çıxışlarda Novruzun işğaldan azad olunmuş ərazilərimizdə də təntənə ilə bayram olunacağını əminliklə bildirib. O, həmişə inamla qeyd edib ki, gün o gün olacaq Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızıerməni işğalından azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Prezident İlham Əliyevin xalqa Novruz bayramı təbrikini Şuşadan ünvanlaması, Cıdır Düzündə tonqal qalaması bizlərin hər birini növbəti dəfə qürurlandırdı, eyni zamanda duyğulandırdı. "Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik"
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına daxil edilmişdir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz bayramlarımızın tacıdır. Yaşıl işığı hər evə, hər ürəyə düşür. Arzularımızı, diləklərimizi rəngdən- rəngə boyayır. Ömrünüz işıqlı, iliniz uğurlu, süfrəniz bərəkətli olsun.Novruz bayramınız mübarək olsun!
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri