Modern.az

Deputat Sabir Hacıyevin partiyası büdcədən ayrılan puldan imtina edib

Deputat Sabir Hacıyevin partiyası büdcədən ayrılan puldan imtina edib

Parlament

29 Yanvar 2014, 10:57

2013-cü ildən başlayaraq, Milli Məclisdə təmsil olunan partiyaların vəziyyətinin yaxşılaşdırılması üçün dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılmasına start verildi. Partiyalara ümumilikdə 2 milyon manat ayrılıb. 2012-ci ilin əvvəlində “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə görə, digər siyasi partiyalar seçkilərdə 3 faizlik baryeri aşa bilmədiyindən, bu vəsait Milli Məclisdə təmsil olunan partiyalar arasında bölündü. Bölgü partiyaların Milli Məclisdə təmsil olunan deputatlarının sayına əsasən aparılıb.

Ötən bir ildə büdcədən ayrılan maliyyə vəsaiti partiyaların vəziyyətini yaxşılaşdırdımı?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MHDP) sədri Fərəc Quliyev Modern.az saytına açıqlamasında deyib ki, partiyalara ayrılan maliyyə vəsaiti az olub:
“Partiyaların dövlətdən maliyyələşməsi təqdirəlayiqdir. Bu, çox ciddi addımdır. Həmişə hesab etmişəm ki, mübarizəni meydandan parlamentə, masa arxasına daşımaq üçün partiyaların inkişafına ciddi ehtiyac var. Təəssüf ki, ayrılan maliyyə çox az idi. Həmin pulla kommunal xərcləri, texniki əməkdaşların əmək haqqını vermək olmur. Seçkilərə qatılanda müəyyən qədər istifadə edə bildik. Qarşıdan bələdiyyə, parlament seçkiləri gəlir, rayon şöbələri ilə işləmək, seçkiyə qatılmaq üçün verilən maliyyə çox azdır. Dəfələrlə parlamentdə məsələ qaldırmışam ki, ayrılan maliyyə bir neçə dəfə artırılmalıdır. Yenidən bu məsələyə toxunacam”.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı da maliyyə vəsaitinin azlığından şikayətlənib: “İşimizin qurulmasında bunun əhəmiyyəti oldu. Rayon və şəhər təşkilatlarının ofislə təmin olunmasında da bu puldan istifadə etdik. Lakin partiyanın işini daha yüksək səviyyədə qurmaq, müasir tələblərlə fəaliyyət göstərmək üçün ayrılan bu maliyyə kifayət etmir. Bu məsələ bir neçə dəfə qaldırıldı, maliyyə nazirliyi səviyyəsində aydınlıq gətirildi. Bu il vəsaitin xərclənməyən 10 faiz hissəsi, onun da üzərinə 3 faiz vəsait əlavə ediləcək. Bu da 13 faiz edir. Bu vəsait partiyalar arasında bölünəcək. Buna baxmayaraq, bu maliyyə çox cüzidir. Ola bilsin, gələcəkdə maliyyə vəsaitləri artırılsın. Bütün hallarda bu pulun ayrılmasını yüksək qiymətləndirirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı ayrılan pulun partiyadakı problemləri müəyyən qədər həll etdiyini bildirib: “Bu il büdcədən partiyalara ayrılan vəsaitlərə əlavələr olmadı. Partiya işinin təşkilində ötən ildə ayrılan maliyyə vəsaiti ilə heç bir iş görmək olmaz. Bir məsələni qeyd etmək lazımdır ki, əvvəllər ölkənin tarixi, dili, görkəmli şəxsiyyətləri ilə bağlı məhdud sayda toplantılar keçirirdik, amma maliyyənin ayrılması bu işdə əl-qolumuzu açdı. Hazırda yaranan ənənəni davam etdirmək üçün vəsait çatışmır. Parlamentdəki büdcə müzakirəsində bu məsələni qaldırdıq, amma təəssüflər olsun ki, nəticə olmadı”.

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bildirib ki, partiyaya pullar necə ayrılmışdısa, o cür də istiqamətləndirilib: “Əlbəttə, bu pulu elə xərcləmək lazımdır ki, partiyanın fəaliyyəti üçün kifayət etsin. Desək ki, pul az oldu, düzgün olmaz. Çünki o pul parlamentdə təmsil olunan partiyalara differensial qaydada verilmişdi. Dövlətimiz gücləndikcə, yəqin ki, partiyaların da siyasi fəaliyyəti üçün ayrılan maliyyə vəsaiti artırılacaq”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov ayrılan maliyyənin partiyanı tam təmin etmədiyini bildirib: “Ayrılan pul partiyanı tam təmin etməsə də, müəyyən dərəcədə köməyi oldu. Həmin pulla qurultayımızı keçirdik. Sonra işçilərin əmək haqlarını ödədik”.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev büdcə vəsaitindən imtina etdiyini deyib: “Biz dövlət büdcəsindən ayrılan vəsaitdən imtina etdik. Hesab edirik ki, partiyanı tərəfdarları maliyyələşdirməlidir. Bu addımı tam qanun çərçivəsində atmışıq”.

Qeyd edək ki, 2014-cü il üçün dövlət büdcəsindən partiyalara ayrılan maliyyə vəsaiti artırılmayıb. Sadəcə, ötən il büdcədən siyasi partiyalara ayrılan vəsaitin 10 faizi qənaət olunaraq saxlanılıb. Həmin vəsait də bu ilki vəsaitə əlavə ediləcək.

İlkin Pirəli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...