Modern.az

Ekologiya nazirliyinə ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub

Ekologiya nazirliyinə ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub

29 Yanvar 2014, 11:31

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında ağacların qanunsuz kəsilməsi barədə vətəndaş Kamal Əli və Sənan Həsənov tərəfindən şikayətlər daxil olub. Şikayətlərlə əlaqədar Nazirliyin əməkdaşları tərəfindən sözügedən ərazidə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aparılan araşdırma zamanı məlum olub ki, Yasamal rayonu Zərdabi küçəsi 89 ünvanında  468 m2  torpaq sahəsində tikinti işlərinin aparılması üçün vətəndaş Ramiz Cabbarlıya Yasamal rayon İcra Hakimiyyəti tərəfindən icazə sənədi verilib.

Əraziyə keçirilən baxış zamanı tikinti altına düşən 20 sm diametrində 12 ədəd yaş köküstə  sərv ağacının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli Qərarının tələblərinə əməl olunmadan kökündən çıxarılaraq ərazidən aparıldlığı aşkar edilib.

Faktla bağlı akt və protokol tərtib olunaraq R.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 92.3.1-ci maddəsinə əsasən inzibati qaydada 14400 manat məbləğində  cərimə olunub.

Sözügedən ünvanda tikinti işlərinin dayandırılması və ərazidə yeni yaşıllıqların salınması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB