Bir müddət öncə Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov Modern.az-a açıqlamasında şahmat dərslərinin keçirilməsi ilə bağlı Dövlət Proqramının icrasında bəzi problemlərin olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, 2014-cü ilin sonuna qədər şahmat bir fənn kimi tədris olunsa kadr çatışmazlığı yaşanacaq. Hər halda bu fənni kim gəldi tədris edə bilə bilməz.
Təhsil Nazirliyi məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab verib. Nazirlikdən bildirilib ki, hazırda pilot layihə olaraq 500-dən çox ümumtəhsil məktəbinin 2, 3 və 4-cü siniflərində dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə bir saat olmaqla “Şahmat” fənni tədris olunur. Həmin fənni tədris edən müəllimlər yerli təhsili idarəetmə orqanları tərəfindən şahmat sahəsində müəyyən bilik və təcrübəsi olan ümumtəhsil məktəblərinin müəllimləri arasından seçilib və həmin müəllimlər üçün təlim kursları təşkil olunub.
Dərs ili ərzində seçmə yolla pilot məktəblərdə fənnin tədrisi vəziyyətinin öyrənilməsi nəzərdə tutulub. Bildirməliyik ki, şahmat məktəblilər arasında ən populyar idman növüdür. Ümumtəhsil məktəblərində il ərzində mütəmadi olaraq şahmat yarışları keçirilir. Yarışlara ümumtəhsil və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri cəlb olunur. Həmçinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Milli Olimpiya Komitəsi ilə birgə yeniyetmələr və böyüklər arasında Azərbaycan çempionatı təşkil olunur.
Aytən ƏLİYEVA