Azərbaycan Ordusunun Gədəbəy rayonunda qar uçqununa düşərək həlak olmuş əsgərləri Əli Tariyel oğlu İmanov və Ruslan Rüstəm oğlu Həmidovla vida mərasimi keçirilib, onların nəşi dəfn olunub.
Rüstəm Həmidov Bərdədə, Əli İmanov isə Sabirabadda torpağa tapşırılıb.
Qar uçqununda itkin düşən hərbçilərimizin nəşi yüksək dağlıq və çətin relyefli ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dünən tapılıb. Bu tədbirlərə Azərbaycan Ordusunun müvafiq bölmələri, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri cəlb edilmişdi.
Bəs qar uçqununda həlak olan əsgərlərə şəhid statusu veriləcəkmi?
Modern.az saytı bununla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlamağa çalışsa da, qeyri-iş günü olduğundan suala rəsmi cavab ala bilməyib.
Qaydalara görə, şəhid statusu hərbi hissənin təqdim etdiyi arayış əsasında verilir.
Həmin arayış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daxil olduqdan sonra ona baxılaraq, müvafiq qərar qəbul edilir.
Qeyd edək ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qanunvericiliyə əsasən, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər də şəhid hesab edilir.
Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən qar uçqununa düşmüşdülər.
Hərbi ekspertlər deyirlər ki, hər iki əsgər xidməti vəzifələrini yerinə yetirərkən həlak olduqlarına görə, onlara şəhid statusu verilə bilər.
A.Qorxmaz