Yanvarın 29-da Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclis sədri Vasif Talıbova raport verib.
Vasif Talıbov tədbirdəki çıxışında deyib ki, hazırda Əlahiddə Ümumqoşun Ordusunda xidmətin nümunəvi təşkili və maddi-texniki bazanın gücləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür.
“Əlahiddə Ümumqoşun Ordusu Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması və idarəetmənin vahid mərkəzdən təşkili məqsədilə yaradılmışdır. Ona görə də hərbi qulluqçular daim öz üzərlərində işləməli, öz vəzifə borclarını dərindən bilməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməlidirlər”.
Ali Məclisin sədri açarları təqdim edib, avtomobillərin texniki göstəriciləri ilə maraqlanıb.
Bildirilibr ki, yüksək texniki göstəricilərə malik olan “Mitsubishi-PAJERO” markalı avtomobillər çətin yol şəraitində dözümlülüyü və rahat idarə olunması ilə seçilir. Qənaətcilliyi ilə diqqəti çəkən bu avtomobillər yüksək manevr qabiliyyətinə malikdir. Muxtar respublikanın relyefinə uyğun olan yeni avtomobillər ilin istənilən fəslində xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcək.
Modern.az