“Demokratik Qüvvələrin Birliyini (DQB) seçki blokuna çevirmək təklif edilir. Seçki bloku da prinsipial olaraq siyasi təşkilatın seçkiyə münasibətini açıqlamalıdır. Mən isə deyirəm ki, əgər qurumun seçki blokuna çevrilməsi baş tutsa, Milli Şurada təmsil olunan DQB-nin bir neçə üzvü seçimlərini etməlidirlər”.
Bunu Modern.az-a açıqlamasında Demokratik Qüvvələrin Birliyində (DQB) təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının sədri (AMİP) Yusif Bağırzadə deyib. O bildirib ki, bir siyasi təşkilatın seçki blokunda ayrı-ayrı namizədlərlə iştirak etməsi mümkün deyil: “DQB-nin seçki blokuna, böyük bir ittifaqa çevrilməsini, bələdiyyə və parlament seçkilərində iştirakını istəyirlərsə, o zaman onlar seçim etmək məcburiyyətində qalırlar. Bizim təmsil olunduğumuz qurum Milli Şuradan əvvəl yaranıb. Onlar ya Milli Şurada, ya da burada olsunlar. Ümumiyyətlə, AMİP olan yerdə Milli Şuranın olmasını qəbul etmirəm. Biz əvvəldən bu qurumdan narazıyıq”.
Y.Bağırzadə qeyd edib ki, qurumun seçki blokuna çevrilməsi ilə bağlı müzakirələr aparılır: “Partiyalarla tez-tez müzakirələr aparırıq. DQB seçki blokuna çevrilməsə və Milli Şurada təmsil olunan partiyalar seçimlərini etməsələr, AMİP seçkilərdə təkbaşına iştirak edəcək”.
Qeyd edək ki, DQB-də təmsil olunan partiyalardan 3-ü- Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azad Demokratlar Partiyası və Böyük Azərbaycan Partiyası (BAP) həm də Milli Şurada təmsil olunur.
İlkin PİRƏLİ