Modern.az

Atəşkəsin 20-ci ili-Bişkek Protokolu qüvvəsini itirir

Atəşkəsin 20-ci ili-Bişkek Protokolu qüvvəsini itirir

30 Yanvar 2014, 10:08

Ermənistan şərtləri pozur

 

 

Dünyanın super gücləri və onların maraqlarına xidmət edən beynəlxalq qurumlar Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətindəki “səylərini” monoton bəyanatlar üzərində kökləməklə əsas hədəflərini diqqətdən yayındırırlar. ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası isə daşlaşmış açıqlamalar verməkdən o yana getmir və bu da indiki məqamda Ermənistanın işğalçılıq niyyətlərini bir az da pərdələyir. Azərbaycanla Ermənistan arasında atəşkəsin elan olunmasını özündə ehtiva edən “Bişkek Protokolu” nun müddəalarının tətbiq mexanizmləri də özünü doğrulda bilmir. Atəşkəs müqaviləsinin imzalanmasından (1994-cü il 8 may) sonra Azərbaycan-Ermənistan cəbhə xəttində mütəmadi olaraq atəşkəsin pozulması hallarına rast gəlinir.

Əslində “Bişkek Protokolu” sadəcə olaraq formal hesab oluna bilər. Atəşkəsin əldə olunması istiqamətində danışıqlarda iştirak etmiş ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirovun öz qələmindən çıxanlar da protokolun qeyri-obyektivliyi və ciddi hüquqi qüvvəyə malik olmadığına işarədir. “Bu sənəd hüquqi xarakter daşımadığına və üstəlik hüquqi öhdəliklər qoymadığına görə bir növ siyasi müraciət və ya sülhə çağırış idi. Buna görə də Azərbaycan tərəfin təkid etdiyi düzəlişlərin o qədər də böyük əhəmiyyəti yox idi. Bununla belə, Bakı yalnız onun istəklərinin təsbit olunduğu kağızı imzalamağa razılaşırdı”-deyə V. Kazimirov xatirələrində yazır.

 Hər il atəşkəsin pozulması halları isə danışıqlar fonuna qara rəng qatmaqla həll prosesini bir az da ləngidir. Belə bir situasiyada “Bişkek Protokolu” nun yalnız simvolik xarakterə malik sənəd qismində “təsəlli” rolunu oynayır. Atəşkəsin pozulması isə 2014-cü ilin ilk aylarında daha da intensivləşməklə vəziyyəti dramatik məcraya yönəldir. Yalnız son bir ayın statistikasına diqqət yetirməklə belə qənaətə gəlmək olar ki, “Bişkek protokolu” qüvvədən düşüb.

 Məsələ orasındadır ki, nə Azərbaycan, nə də Ermənistan rəsmi şəkildə atəşkəsi pozduğunu bildirir. “Bişkek protokolu” na görə tərəflərdən yalnız biri atəşkəsə əməl etməyəcəyini bəyan edərsə, sənəddəki müddəalar qüvvədən düşmüş sayılır. Ancaq atəşkəsin tənzimlənməsinə dair sənədin mövcudluğu indiki şəraitdə faktiki olaraq yalnız nəzəri mülahizələri özündə birləşdirir. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin Ermənistan ordusunun pozduğu haqqındakı statistikalarında da dəhşətli rəqəmləri görmək olar.

  Müşahidəçilər Azərbaycanla Ermənistan arasındakı atəşkəs məsələsinə Rusiyanın nəzarət etdiyi fikrindədirlər. Əksər vaxtlar atəşkəsin məhz Rusiya tərəfindən pozulduğu barədə də rəylər var. Azərbaycanın müstəqil dövlət olaraq yürütdüyü xarici siyasət kursu birinci növbədə Cənubi Qafqazda və ümumiyyətlə, MDB məkanında əsas söz sahibinə çevrilmək istəyən Rusiyanı narahat edir. Kreml cəhd edir ki, Azərbaycan xarici siyasi koordinatlarının tərəzisinin gözü rəsmi Moskvanın xeyrinə əyilsin. Bakının Gömrük İttifaqına qoşulmaqdan imtina etməsi Moskva siyasi dairələrini Azərbaycana qarşı hərəkətə gətirib. Müxtəlif təzyiq metodları işə salınır. Sözsüz ki, rəsmi Moskvanın öz çeşidli təxribat xarakterli siyasi texnologiyaları siyahısında Ermənistan ordusuna açıq dəstək vermək tendensiyası da var. Rusiyanın əlaltısı olan Ermənistanın düyməsinin Kremldə olduğu da dəqiqdir və Sərkisyan hakimiyyəti heç zaman Moskvanın maraqlarından kənar addım atmaz. Deməli, atəşkəs rejimin pozulmasında “Şimaldan əsən küləklər” çox böyük rola malikdir. Atəşkəsin indiki zamanda pozulması isə Rusiyanın xeyrinə işləyir. Əks təqdirdə Putin administrasiyasının buyruqçusu olan işğalçı dövlət atəşkəsin pozulmasına görə məsuliyyət daşıdığını dərk edib əməllərindən əl çəkərdi.                                         

Rusiya atəşkəsin pozulmasında maraqlı görünür

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli də Modern.az saytına prosesləri şərh edərkən Rusiya faktorunun üzərində dayanıb.

“Ermənistan atəşkəsi pozan tərəfdir. Atəşkəsin intensiv pozulması adətən sülh danışıqları prosesində pozitiv irəliləyişlər müşahidə olunduğu dövrlərdə baş verir. Ermənilər öz “üstünlüklərini” nümayiş etdirmək, atəşkəsin pozulmasından istifadə edərək bunu, Azərbaycanın üzərinə yıxmaq niyyətindədirlər. Burada Rusiyanın əlinin olması da istisna edilmir. Ermənistan diversiya qruplarına komandanın rus dilində verildiyi də bəllidir. Azərbaycan və Ermənistan prezidentlərinin yaxın vaxtlarda görüşü keçiriləcək. Avropa Birliyi və ABŞ-ın səyi ilə status-kvonun dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılır. Bu isə hansısa dairələri narahat edir”-deyə analitik qeyd edib.

 

Aqşin KƏRİMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB