Modern.az

Hərbidə pullu xidmət: Olsun, olmasın? – Ekspert və deputat RƏYLƏRİ

Hərbidə pullu xidmət: Olsun, olmasın? – Ekspert və deputat RƏYLƏRİ

Təhsil

30 Yanvar 2014, 10:19


Hazırda bir çox ölkələrdə alternativ hərbi xidmət sistemi tətbiq olunur. Yəni vətəndaş istədiyi məbləği ödədikdən sonra müəyyən müddət hərbi xidmət keçə bilir. Qonşu Türkiyə və Gürcüstandan fərqli olaraq, Azərbaycanda hələ ki, “Alternativ hərbi xidmət haqqında“ Qanun qəbul olunmayıb. Bir çoxları bu qanunun qəbul edilməsinin müsbət tərəflərini deməklə yanaşı, həm də sənədin əleyhinə çıxır.

Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Azərbaycanda da ödənişli hərbi xidmətin tətbiqi gərəklidir. Onun sözlərinə görə, ölkəmizdə demoqrafik artım göstəricilərini nəzərə alsaq və kifayət qədər çağırış resursunun olduğuna baxsaq pullu hərbi xidmət təcrübəsini ölkəmizdə tətbiq etmək olar. “Bəzi məmurlar dünyada olan bəzi müsbət prodsesləri diqqətdən qaçırırlar. Bu təcrübə bir çox ölkələrdə var və özünü doğruldur. Amma məsələ gündəmə gələn kimi bizim bəzi tənbəl məmurlarımız daş atıb başlarını tuturlar ki, biz müharibə şəraitində yaşayırıq və hər kəs pul verərək ordudan yayınacaq. Bunlar hamısı bəhanədir. Onsuz da orduda xidmət etmək istəməyənlər müəyyən yollarla buna nail olur. Biri pul verib özünə xəstəlik yazdırır, biri neqativ yollarla gündəmə gəlir”, – deyə Ü. Cəfərov qeyd edib. Ekspert onu da bildirdi ki, əslində sözügedən təcrübənin tətbiq olunmaması nəticəsində dövlətin büdcəsinə gələn gəlirlərindən imtina etmiş olurlar. Hazırda büdcədə neft pulları ilə idarə olunursa bir neçə ildən sonra böyük çətinliklərlə üzləşəcəyik. Bütün bu çətinlikləri aradan qaldırmaq üçün müxtəlif yollara baş vurmalı olacağıq. “Dövlət faktiki olaraq öz vətəndaşından leqal yolla vəsait əldə edə bilər. Hesab edirəm ki, bu addım bizə ziyan gətirməyəcək. Belə bir təcrübənin tətbiq olunmasından ölkədə yararlana bilər.  ”

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov isə müharibə şəraitində olan bir ölkə üçün pullu hərbi xidmətin tətbiqinin yanlış addım olduğunu hesab edir. O, əksinə olaraq hərbi çağırışın daha da sərtləşdirilməli olduğunu deyir. “İnkişaf etmiş ölkələrin hərbi sistemində nə müsbət qaydalar varsa tətbiq etmək olar. Amma nəzərə almalıyıq ki, Azərbaycan müharibə şəraitində olduğu üçün hətta cinsindən asılı olmayan vətəndaşlar belə, hərbin sirlərinə yiyələnməli silahdan istifadə etməyi bacarmalıdır. Odur ki, hazırda Azərbaycanda hərbiyə çağırış sistemini saxlamaq lazımdır. Əksinə hesab edirəm ki, bu sistemi daha da təkmilləşdirilməlidir və daha sərtləşdirilməlidir. Hərbiçilərimizi və bütün vətəndaşlarımızı hər an döyüşə hazır saxlamaq lazımdır. İnşallah torpaqlarımızı işğaldan azad edəndən sonra hansı təcrübələrin olacağını demək olar”.

 

 

  Gültəkin ƏLƏSGƏR    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB