Modern.az

BMT-də Umud Rəhimoğlunun təşkilatına yüksək status verildi

BMT-də Umud Rəhimoğlunun təşkilatına yüksək status verildi

30 Yanvar 2014, 11:37

“Bu, təkcə mənim, BAMF-ın deyil, ölkəmizdəki vətəndaş cəmiyyətinin, bütövlükdə Azərbaycanın uğurudur”


Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu üzvü olub. Bu barədə BMT-nin Nyu-Yorkdakı Baş ofisində yanvarın 19-dan keçirilən QHT Komitəsinin toplantısına qatılan BAMF sədri Umud Rəhimoğlu Modern.az-a məlumat verib. Onun sözlərinə görə, toplantıdakı sessiyalar qeyri hökumət təşkilatlarının ECOSOC-da məşvərətçi statusla  qeydiyyatı, QHT-lərin təxirə salınmış müraciətlərinə yenidən baxılması, dörd illik hesabatların təsdiq olunması, ən yüksək statuslu QHT-lərin müraciətlərinin müzakirəsi və sair məsələləri əhatə edib. U.Rəhimoğlu ilə yanaşı tədbirdə BAMF-ın departament rəhbəri Ramil Əziz də yaxından iştirak edib.

“Biz 19-30 Yanvar tarixlərində BMT-nin Iqtisadi-Sosial Şurasının (ECOSOC) QHT Komitəsinin sessiyalarına qatıldıq. İclaslar 19 dövlətin BMT-dəki daimi nümayəndəliklərindən ibarət QHT Komitəsinin rəylərinin və tövsiyələrinin müzakirəsi ilə davam etdirildi. BMT-nin İqtisadi-Sosial Şurası ilk dəfə BMT Nizamnaməsinin  71-ci bəndinə əsasən 1945-ci ildə 41 QHT-nin xüsusi məşvərətçi statusla quruma üzvlüyə qəbul edilməsi ilə qeyri hökumət təşkilatlarına müxtəlif məsələlər ətrafında müzakirələrə və məsləhətləşmələrə qoşulmaq hüququ tanınmışdır. Artıq 1992-ci ildə 700-dən yuxarı qeyri hökumət təşkilatı bu mötəbər quruma üzv olub. Bu gün dünya üzrə 3400 təşkilat  ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Bunlardan 147 təşkilat ən yüksək məşvərətçi statusla, 2778 təşkilat xüsusi məşvərətçi statusla, 986 təşkilat isə ilkin statuslu üzvlərdir. Məşvərətçi status, bu status üçün mümkün tələblər, hüquq və vəzifələr, statusun geri alınması, statuslu bağlı məsələlərin BMT katibliyi tərəfindən dəstəklənməsi, ECOSOC-un ölkə nümayəndələrindən ibarət QHT komitəsinin işi kimi məsələlər ECOSOC-un 1996/31 qətnaməsi ilə tənzimlənir. ECOSOC-un  məşvərətçi statusu 4 ildən bir seçilən, BMT -nin Təhlükəsizlik Şurasının 3 daimi üzvünün - ABŞ, Çin, Rusiya- da təmsil olunan 19 dövlət nümayəndəsindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Çin, Sudan, İsrail, Mərakeş və nümayəndələri söz alıb BAMF-ın yüksək statuslu üzvlüyünü dəstəklədiklərini və  bu təşkilatın çox vacib işlər gördüyünü bildirdilər. Təxminən 441 təşkilatın məsələsinə baxılan bu 10 günlük iclasda , yeganə hal idi ki, ölkələr təşkilatı belə dəstəkləyirdilər. Yüksək statusa isə dünya üzrə yalnız  iki təşkilat layiq görüldü.  Bunun biri İdarəetmə və Əhali Proqramları üzrə Beynəlxalq Şura, digəri isə BAMF oldu” - deyə, U.Rəhimoğlu bildirib.

O, qeyd edib ki, BAMF 2007-ci ildən ECOSOC-un xüsusi məşvərətçi statuslu üzvüdür. ECOSOC QHT bölməsinə üzv olduqdan sonra BAMF fəaliyyətini daha da genişləndirib, iqtisadi-sosial inkşaf məsələlərinə, davamlı inkşafa, Minilliyin İnkşaf Hədəflərinə nail olunmasına dəstək verib. BAMF-ın sədrinin sözlərinə görə, ən yüksək status BAMF-a dünyanın hər hansı bir regionunda və eləcə də Şərqi Avropa və Asiya regionunda BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliğ və inkişaf etdirilməsi üçün imkanlar yaradacağını və bunun Azərbaycan  üçün də çox faydalı olacağını bildirib:

“BAMF, ECOSOC-un əsas prioritetlərini Azərbaycanla yanaşı post sovet məkanında da davam etdirməklə davamlı inkişaf istiqamətində platformanın inkişaf etdirilməsi niyyətindədir. Ən yüksək status Azərbaycanla, eləcə də ölkəmizin maraq dairəsində olan məsələlərlə bağlı BMT-də müzakirələr zamanı vətəndaş cəmiyyəti təşkilatı olaraq həmin məsələlərə münasibət bildirmək, müvafiq səviyyədə işlər aparmaq, dövlətimizin maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır. Digər tərəfdən, əldə olunan bu status Azərbaycanın daha bir mötəbər kürsüdə söz demək imkanları baxımından da olduqca əhəmiyyətlidir. Əlbəttə ki, bu statusun əldə edilməsini bütövlükdə Azərbaycanda inkişaf etməkdə olan vətəndaş cəmiyyətinin, o cümlədən Azərbaycanın  uğuru da hesab etmək olar. Statusun əldə olunması üçün 2012-ci ildən BAMF ECOSOC-un QHT bölməsinə ərizə ilə müraciət etmişdir. 2013-cü il iyul ayında 18 ölkənin lehinə, bir ölkəninsə əleyhinə olması səbəbindən statusun alınması məsələsi təxirə salınmışdır. Artıq əleyhinə olan ölkə nümayəndəsinin suallarının cavablandırılması və gərgin müzakirələrdən sonra BAMF BMT-nin qeyri hökumət təşkilatları üçün nəzərdə tutulan ən yüksək statusuna layiq görülmüşdür. Sözsüz ki, statusun əldə olunmasında BAMF –ın BMT agentlikləri, Beynəlxalq Mətbuat İnstitut, Beynəlxalq Sülh Bürosu, Amerika Dövlət Departamenti və digər tərəfdaş təşkilatlarla aparılan davamlı əməkdaşlığının müstəsna xidmətləri olmuşdur. Prosesdə ümumiyyətlə Azərbaycanın BMT-dəki missiyası bu işlərə yaxından dəstək verdi. Missiya rəhbərinin müavini cənab Tofiq Musayev sessiya zamani BAMF-ı tək buraxmadı. Bu da vətəndaş cəmiyyəti və Dövlət strukturunun qələbəyə aparan fəaliyyətinin gözəl bir nümunəsidir”.

Qeyd edək ki, dünyada 148 təşkilatın olduğu bu siyahıda Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Rotari, BMT assosiasiyaları üzrə dünya federasiyası, BMT-yə dəstək Fondu, Dünya Müsəlmanları Liqası, Beynəlxalq Dünya Baxış, Uşaqların Xilası Beynəlxalq Təşkilatı, Oxfam, Beynəlxalq Ticarət Palatası, Sosialist İnternasionalı, Dünya Veteranları Federasiyası, Əhali və İnkşaf naminə Parlamentarilərin  Asiya Forumu və digər nüfuzlu təşkilatlar yer alıb. 

Xatırladaq ki, Ermənistanın QHT-ləri dəfələrlə ECOSOC-un QHT bölməsinin hələ məşvərətçi statusu alması  üçün çalışsalar da, buna nail ola bilməyiblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB