Bu gün Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinə həsr edilən “Məhəmməd Əmin Rəsulzadənin siyasi fikirləri” adlı elmi- praktik konfrans keçirib. Modern.az saytının məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolundan, Azərbaycan Milli Şurasını yaratmasından, nəinki türk xalqları içərisində, hətta bütün Şərqdə ilk dəfə olaraq respublika qurmasından danışıb.
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə babasına göstərilən diqqətdən məmnun olduğunu bildirib. Bakı Dövlət Universitetinin dosenti Nəsiman Yaqublu bildirib ki, son günlər Azərbaycanda Rəsulzadə ilə bağlı silsilə tədbirlər keçirilir: “Əlbəttə, bu yaxşı haldır. Bu tədbirlər təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə keçirilir. Sabah Moskvada Rəsulzadə ilə bağlı tədbir keçiriləcək. Həmin tədbirdə iştirak üçün bizə də dəvət göndərilib. O cümlədən, Türkiyədə də belə bir tədbir olacaq. Bu cür tədbirlərin keçirilməsi göstərir ki, Rəsulzadəyə diqqət böyükdür”. Rəsulzadə irsinin zəngin olduğunu deyən N. Yaqublu onun 10-a yaxın ölkədə yaşadığını qeyd edib: “Ölkədə yaşamaq başqa şeydir, orada fəaliyyət göstərmək isə tamam başqadır. Rəsulzadə yaşadığı ölkələrdə təşkilatlar yaradaraq siyasi fəaliyyətlə məşğul olub. Ona görə də Rəsulzadə deyəndə təkcə Azərbaycan tarixi nəzərdə tutulmur, bütövlükdə Qafqaz tarixi nəzərdə tutulur”.
N. Yaqublu qeyd edib ki, Ankara Milli Kitabxanasında Rəsulzadənin kitablarından ibarət fond fəaliyyət göstərir.
İlkin PİRƏLİ