“Bu əməkdaşlıq daxilində istənilən proseslər onların maraqlarına işləyir”. Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov yanvarın 29-da Astanada keçirilən Xəzər dənizin hüququ statusu ilə bağlı İşçi Qrupunun növbəti görüşünü belə şərh edib.
Modern.az-ın məlumatına görə, R. Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, son vaxtlar dünyada geosiyasi vəziyyət dəyişmədiyi üçün Xəzərin hüququ statusu ilə bağlı da çox ciddi irəliləyişlər gözlənilmir.
O, qeyd edib k, hazırda bu məsələdə real vəziyyət odur ki, Rusiya-İran əməkdaşlığı davam edir: “Bu əməkdaşlıq daxilində istənilən proseslər onların maraqlarına işləyir. Bir şeyi bilməliyik ki, bu gün İranda geosiyasi vəziyyət dəyişərsə və İran Qərbə inteqrasiya edərsə, bu, Xəzərin hüququ statusu məsələsinə də təsirsiz ötüşməyəcək. Bu, həm də İranın Rusiya ilə münasibətlərində də dəyişikliyə gətirib çıxaracaq. Ancaq hələlik Xəzərin hüququ statusu ilə bağlı proseslər dəyişilməz qalır. Mən yaxın vaxtlarda Xəzər dənizinin hüququ statusu ilə bağlı real şans gözləmirəm. Hətta bu Rusiyada planlaşdırılan Xəzərin hüququ statusu ilə bağlı dövlət başçılarının sammitinin göstərilən tarixdə keçiriləcəyinə də şübhə ilə yanaşıram”.
İlkin PİRƏLİ