Bu gün səhər saatlarında 20 yaşlı Məleykə Bayramlı Səbail rayonu ərazisində özünü yandıraraq intihara cəhd edib. Modern.az saytının əldə etdiyi məlumata görə, gənc qız sevdiyi oğlan tərəfindən aldadılandan sonra intihara əl atıb. Qeyd edək ki, həmin oğlan barəsində hələ ki heç bir məlumat yoxdur.
“Bayramova Məleykə 20 yaşındadır. Təxminən saat 12 radələrində xəstəxanamıza daxil olub. Mərkəzi küçələrin birində üzərinə benzin tökərək özünü yandırıb”.
Bunu isə Modern.az-a açıqlamasında 5 saylı şəhər Klinik Xəstəxananın şöbə müdiri Vüqar Ələkbərov bildirib:
“Xəstəni mən qəbul edib, sarğılarını, təyinatlarını da özüm etdim. Hazırda müşahidəm altındadır. Müayinə zamanı bəlli oldu ki, bədəninin 70 faizə yaxını yanıb. 3-cü dərəcə yanıq təsbit olundu. Yanıqlar hamısı dərindir. Eyni zamanda alov yanığı olduğundan, xəstənin ağciyər və bronxlarında inolyasiya yanıqları da var. Eskaratomoya əməliyyatı lazım ola bilər. Tərəfimizdən bütün tədbirlər görülüb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Yaxın iki həftə ərzində mücadilə edə bilərsə, vəziyyətinin hansı yönə dəyişə biləcəyini deyə bilərik. Yaşama ehtimalı çox azdır. Xəstənin yaxınlarından heç kim yoxdur. Qızın dediyinə görə, bir qoca anası var. O da hadisədən xəbərsizdir. Əslən Lənkəranlıdırlar. Bakıda yaşayırmış. İndiki vəziyyəti çox ağır olaraq davam etməkdədir.”
Həkimin dediyinə görə, xəstə daxil olarkən özündə idi, danışa bilirdi: “Lakin ağrıları çox olduğundan ağrıkəsici ilə yatızdırdıq. Baş, boyun, üz, ön gövdə və arxa tərəf, hər iki yuxarı ətraf tamam, genotal bölgə, hər iki budun iç və ön tərəfi yanıb.”
Gülşən Raufqızı