Son iki ilə qədər Türkiyənin səhiyyə sistemində xarici həkimlərin işləməsinə qadağa var idi. Türkiyə qanununa edilən dəyişiklikdən sonra bu qadağa aradan qaldırılıb. Azərbaycanda da vəziyyət heç də fərqli deyil. Xarici ölkədən Azərbaycana gələn ağxalatlıların sayı ilbəil artır. Müxtəlif cərrahiyyə əməliyyatlarında, əsasən də plastik əməliyyatlarda iştirak edən xarici həkimlərin iştirakı artıb.
Maraqlıdır, ötən il Azərbaycana nə qədər xarici həkim gəlib? Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a bildirib ki, ötən il Səhiyyə Nazirliyi 33 xarici həkimə Azərbaycana işləməyə icazə verib. Onun sözlərinə görə, nazirlikdən icazə alan həkimlərin əksəriyyəti qonşu Türkiyədən olub. Belə ki, ötən il Türkiyədən Azərbaycana işləmək üçün 17 nəfər həkimə icazə verilib. Bundan başqa, hətta uzaq Cənubi Afrika Respublikasından da Azərbaycana işləmək üçün müraciət edən həkimlər olub. Rusiyadan – 6, Cənubi Afrika Respublikasından – 3, Koreyadan, İtaliya, Bolqarıstan, Almaniya, Norveçdən – 1, İran İslam Respublikasından isə 2 nəfər həkim Azərbaycanda işləməyə gəlib.