Modern.az

Moskvada tutulan Orxan Zeynalovdan XƏBƏR var: “Onun taleyi aprelin 10-da məlum olacaq” - EKSKLÜZİV

Moskvada tutulan Orxan Zeynalovdan XƏBƏR var: “Onun taleyi aprelin 10-da məlum olacaq” - EKSKLÜZİV

30 Yanvar 2014, 14:38

Atası Zahid Zeynalov: “Oğlumla əlaqə saxlamağa icazə vermirlər”


“Orxanın taleyi ilə bağlı məsələ aprel ayının 10-da bəlli olacaq”. Bunu Modern.az saytına Moskvanın Biryulevo rayonunda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Orxan Zeynalovun atası, Azərbaycanın Şəmkir rayonunun Seyfəli kənd sakini Zahid Zeynalov bildirib. Atası onu da deyib ki, hazırda həbsdə olan oğlunun işi ilə heç maraqlanmır.

“Heç nə ilə maraqlanmıram. Əlaqə də saxlamıram. Dövlət sağ olsun məşğul olur. Səhhəti, saxlanma şəraiti ilə bağlı da məlumatım yoxdur”.

Moskvaya getməyinə ehtiyac olmadığını deyən Zahid Zeynalov dövlətin vəkil tutduğunu bildirib.

“Mənlik heç bir iş yoxdur. Özləri məşğul olur. Dövlətə inanıram. Mənə əlaqə saxlamağa icazə vermirlər. Orxanın taleyi aprel ayının 10-da məlum olacaq. Həmin vaxt məhkəmənin olub-olmayacağı da dəqiq deyil. Nədənsə uzadırlar. Deyirlər ki, araşdırma aparılır. Amma bu həbs əsassızdır”-deyə Zahid Zeynalov bildirib.

Qeyd edək ki, Orxan Zeynalov ötən il oktyabr ayında Moskvadakı Biryulevo rayonunda Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinir. Bu, Orxan Zeynalovun ilk həbsi deyil. Rus mətbuatının yazdığına görə, soydaşımız 2011-ci ildə idarə etdiyi maşınla qəza törədib. İki nəfərin xəsarət alması ilə nəticələnən qəzaya görə Orxan Zeynalov Moskvanın Naqatinsk məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum olunub. Kaluqa vilayətindəki həbsxanalardan birində cəza çəkən Zeynalov bu müddət ərzində daxili qaydaları pozduğuna görə həbsxana rəhbərliyi tərəfindən 16 dəfə xəbərdarlıq alıb. Qəzadan bir neçə ay əvvəl maşını sənədsiz idarə etdiyinə görə azərbaycanlı 10 sutka həbs cəzası alıbmış. Onu sürücülük hüququndan da məhrum ediblər.   

Gültəkin ƏLƏSGƏR

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi