Gənclər və İdman Nazirliyi tərəfindən gənclərin ictimai fəallığını artırmaq üçün gənclər siyasətinin müxtəlif istiqamətləri üzrə ümumi həcmi 6.754.991.40 manat olan 147 layihə dəstəklənib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi 2013-cü ildə də uğurla davam etdirilib. Proqramın icrasını daha səmərəli təmin etmək üçün Əlaqələndirmə Şurası formalaşdırılmış və bu sahədə fəaliyyəti əks etdirən xüsusi veb-səhifə hazırlanıb. Bütövlükdə il ərzində gənclərlə iş sahəsində Nazirlik tərəfindən 183 tədbir keçirilib, onlardan 145-i ölkədaxili, 38-i isə beynəlxalq səviyyəli tədbirlər olub. Böyük həcmli beynəlxalq tədbirlərin, sosial layihələrin keçirilməsini nəzərə alaraq, könüllülük institutunun formalaşdırılması istiqamətində də məqsədyönlü iş aparılıb.
Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üçün 2013-cü ilin fevral ayının 25-dən mart ayının 19-dək növbəti müsabiqə elan olunub və müsabiqəyə əsasən 71 gənclər təşkilatının layihəsi dəstəklənib. Prezidentin 2 iyul 2013-cü il tarixli, 934 saylı Fərmanı ilə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. 2014-cü ildə “2 fevral - Azərbaycan gəncləri günü” münasibəti ilə həmin mükafatlar gənclərə təqdim ediləcək. Gənclərin, xüsusilə regionlarda yaşayanların inkişafını dəstəkləmək məqsədi ilə “Gənclər evləri/Mərkəzləri” şəbəkəsi genişləndirilərək sayı 22-yə çatdırılıb.İl ərzində Saatlıda, Göygöldə, Mingəçevirdə və Lənkəranda Gənclər Mərkəzlərinin açılışı olub. Qeyd edək ki, 2 fevral - Azərbaycan gəncləri günü ilə əlaqədar 2012-ci il ərzində müxtəlif tədbirlərdə iştirak edərək fərqlənib, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə yüksək nəticə göstərmiş 21 yaradıcı və istedadlı gəncə “Gənclər mükafatı” təqdim edilib.
Aytən ƏLİYEVA