
Sabah Milli Şuraya daxil olan partiyalar Məhəmməd Əmin Rəsulzadəsinin abidəsini 130 illik yubileyi münasibətilə ziyarət edəcəklər. Müsavat Partiyası və “El” Hərəkatı abidəni Milli Şuraya qoşulmadan ziyarət edəcəklər. Modern.az-ın məlumatına görə, Müsavat Milli Şuranı tərk etdikdən sonra qurumla partiya arasında gərginlik yaranıb.
“El”in sədri Eldar Namazov da Milli Şuradan istefa verdikdən sonra qurumla münasibətləri soyuyub. Milli Şuraya daxil olan partiyaların əksəriyyəti Rəsulzadə yolunun davamçıları olsalar da, ümumi amal onları birləşdirə bilməyib. Belə ki, Müsavat Partiyası abidəni saat 11:00-da, Milli Şura isə saat 12:00-da ziyarət edəcək.
“El” Hərəkatı isə ziyarətin vaxtını dəqiqləşdirməyib. Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev Modern.az-a deyib ki, hərəkat sabah Rəsulzadənin abidəsini ziyarət edəcək: “Biz “El” olaraq Rəsulzadənin abidəsini ziyarət edəcəyik. Amma hələ vaxtını dəqiqləşdirə bilməmişik. Təəssüflər olsun ki, abidəni ayrı-ayrılıqda ziyarət ediləcək. İstəyərdim ki, hamı bir yerdə olsun. Amma hər halda, əsas ziyarət etməkdir”.
İlkin PİRƏLİ