“Müdafiə Nazirliyində növbəti kadr dəyişiklikləri həyata keçirilib. Bu gün, Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Şahin Sultanov tutduğu vəzifədən azad edilərək məzuniyyətə göndərilib. Onun vəzifələrini isə HDQ-nin qərargah rəisi 1-ci dərəcəli kapitan Yunus Məmmədov icra edir. Yaxın günlərdə komandan vəzifəsinə çoxlarını şoka salacaq bir şəxsin təyin ediləcəyi bildirilir”.
Modern.az-ın məlumatına görə, bunu sosial şəbəkədə yazdığı açıqlamada hərbi ekspert Üzeyir Cəfərov bildirib.
Onun sözlərinə görə, müdafiə naziri Zakir Həsənov tərəfindən Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş polkovnik Mahmud Ağadadaşov tutduğu vəzifədən azad edilərək ehtiyata buraxılıb. Polkovnik M.Ağadadaşovdan əvvəl bu vəzifəni tutmuş polkovnik Vidadi Əsgərov isə HHQ və HHM qoşunlarının hərbi hissə komandiri vəzifəsindən Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusuna yeni təyinat alıb. Bir müddət bundan əvvəl Zakir Həsənovun əmri ilə Hərbi Nəşriyyata rəis təyin edilmiş, sonradan əmri ləğv edilmiş polkovnik-leytenant Rəşad Abuzərov isə MN-nin Mərkəzi Zabitlər Evinin rəisi vəzifəsinə təyin edilib.
“Vəzifəsindən bu yaxınlarda çıxarılmış 3 general isə çox müəmmalı şəkildə Naxçıvana aşağı vəzifələrə təyinat alıblar. Digər diqqətçəkən təyinatlar da var. Yəqin ki, onlar haqqında MN özü məlumat versə yaxşı olar”-deyə Ü.Cəfərob bildirib.
Modern.az