Modern.az

Aprel döyüşləri tarixi Zəfərimizin başlanğıcı oldu

Aprel döyüşləri tarixi Zəfərimizin başlanğıcı oldu

Parlament

2 Aprel 2025, 16:12

“Azərbaycan tarixinə Aprel döyüşləri kimi düşən 2016-cı ildə həyata keçirilən dörd günlük hərbi əməliyyat Ordumuz üçün böyük əhəmiyyətə malik oldu. Aprel döyüşləri 1994-cü ilin Horadiz Əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. Zəfərə doğru atılan ilkin addım kimi bu əməliyyat hərbi və siyasi üstünlüyü müəyyən etməklə yanaşı, düşmənin zəif tərəflərini də bizə göstərdi. 9 il öncə aprelin 2-dən 5-dək davam edən bu döyüşlərdə Ordumuzun çox az qismi iştirak etdi və böyük uğurlar əldə  etdi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Qazaxlar kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi və Goranboy rayonunun Gülüstan kəndi istiqamətində əhəmiyyətli strateji nöqtələr azad olundu. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində də yollar azad edildikdən sonra iki min hektara yaxın ərazi Azərbaycan Ordusunun nəzarətinə keçdi”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, həmin döyüşlərdə Ordumuz müasir hərbi texnikadan istifadə edərək Ermənistanın müdafiə xəttini yardı:

“Məlum oldu ki, düşmənin uydurduğu müdafiə xətti əslində bizim üçün o qədər də keçilməz deyil. Hərbçilərimizin fərdi qəhrəmanlıq, peşəkarlıq bacarığı da bu döyüşlərdə öz sözünü dedi. Bu döyüşlər bizə imkan verdi ki, boşluqları aradan qaldıraq, düşmənin zəif tərəflərini öyrənək. Aprel döyüşlərində əldə etdiyimiz təcrübə 2020-ci il 44 günlük Vətən müharibəsində qazandığımız uğurlarda böyük paya malikdir. Biz gördük ki, beynəlxalq təşkilatlar, xarici dövlətlər bizim əməliyyatlarımıza maneə olmaq gücündə və həvəsində deyillər. Bütün dünyaya nümayiş etdirdik ki, aparılan mənasız danışıqlarda, görüşlərdə sonsuza qədər iştirak etmək niyyətində deyilik və  Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin etməyə hazır və qadirdir. Ermənistanın təcavüzkar siyasətinə qarşı diplomatik mövqeyimizi daha da gücləndirdik. Aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və ictimaiyyəti yanlış olaraq elə düşündülər ki, onlar ordumuzun irəliləməsinin qarşısını kəsiblər və bir daha biz əməliyyatlara əl atmayacağıq. Amma yanılırdılar.  Hərb tarixində bir neçə cəhdən sonra uğurla nəticələnən əməliyyatlar çox olub. Aprel döyüşləri göstərdi ki, Azərbaycan yalnız özünün hərbi imkanlarına arxalanır və beynəlxalq hüququn çərçivələrində hərəkət edir. Azərbaycan Ermənistanın münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirməsinə, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsinə, əraziliərimizi işğal altında saxlamasına göz yummaq niyyətində olmadığını ortaya qoydu.  Aprel döyüşlərindən sonra, 2018-ci ildəki Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş əzmini və qələbəyə olan inamını gücləndirdi. 44 gün ərzində, Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına icra edərək, həm hərbi, həm də diplomatik sahədə böyük bir uğur əldə etdi. Bu döyüş, yalnız Azərbaycan üçün deyil, bütün dünyaya, ölkəmizin gücünü, iradəsini və beynəlxalq hüququn müdafiəsi sahəsindəki qətiyyətini bir daha nümayiş etdirdi”.

Deputat onu da qeyd etdi ki, Aprel döyüşlərində şücaət göstərən hərbçilər gənclərimizə örnək oldular və onları qələbəyə səslədilər:

“Aprel döyüşləri vətənpərvərliklə müasir hərbi texnalogiyanın vəhdətinin vacibliyini, Xalq-Ordu birliyinin zərurətini ortaya qoydu. Xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il 24 saatlıq sentyabr əməliyyatlarında Ordumuzun, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Bu birlik bizim iradəmizi, əzmimizi sarıslmaz etdi, gücləndirdi.  Aprel döyüşlərindən sonra Azərbaycan xalqı və ordusu daha da gücləndi, bütövləşdi. Azərbaycan ordusu bu döyüşdə ermənilərə öz gücünü nümayiş etdirdi və "Güclü Ermənistan ordusu” mifini darmadağın etdi. Aprel döyüşləri 4 il sonra Azərbaycana qələbə gətirən Zəfərin başlanğıcı oldu. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş bütün ərazilərimizdə üç rəngli şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır.  Lələ Təpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə qələbə ilə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə, igidlərimizə can sağlığı arzulayırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI