2013-cü ilin sonlarında ona qarşı edilən haqsızlığa dözməyərək özünü yandırmış Qarabaq qazisi ilə bağlı Fəvvarələr meydanında etiraz aksiyası keçirən, buna görə məhkəmələr tərəfindən yüksək cərimələrə məruz qalmış gənclərin müdafiəsi üçün Demokratik Qüvvələrin Milli Şurası dəstək marafonu keçirməyi qərara alıb.
Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, marafon fevralın4-də AXCP-nin qərargahında (Bakı şəhəri, Tələt Şıxəliyev küçəsi, 8 ünvanında) saat 12-də başlayacaq və davam edəcək.
“Hər kəs imkanı daxilində yardım edərək bu aksiyaya qoşula bilər. Hətta maddi yardıma imkanı çatmayanlar öz mənəvi dəstəyini ifadə etmək üçün tədbirə qatıla bilərlər. Milli Şura hər kəsi ölkədə haqlar, azadlıqlar və demokratiya uğrunda mübarizə aparan insanlara dəstək verməyə çağırır.Eyni zamanda Milli Şura bəyan edir ki, bundan sonra da ölkədə insan haqları, azadlıqlar və demokratiya uğrunda mübarizə aparan hər kəsi müdafiə etmək, onlara dəstək olmaq bu qurumun əsas vəzifələrindən biri olacaq” deyə Milli Şura bəyan edib.
Modern.az